Qriqorçuk: "Aqressiv, hücum futbolu oynamaq istəyirik" - AÇIQLAMA

10:17 20 İyul 2017

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Yagelloniya” (Polşa) ilə “Qəbələ” arasındakı cavab matçından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutub.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis Belostokda baş tutan konfransda bunları söyləyib:

 

“Meydanın durumunu məşq zamanı görəcəyəm. Amma stadion əla vəziyyətdədi. Hər şey yüksək səviyyədədi. Dərhal görünür ki, arena peşəkarlar tərəfindən inşa olunub. Şanslar haqda danışanda həmişə deyirəm ki, bizim 1 imkanımız varsa, bunun üçün mübarizə aparacağıq. Sabahkı görüşdə şansımızın birdən çox olduğunu düşünürəm.

 

Polşaya səfər haqda danışmaq əhəmiyyət kəsb etmir. Oyundan əvvəl bir-iki gün öncə haqda danışmaq başqa cür başa düşülər. Hər şey qaydasındadı. Bəli, biz yol qət etmişik. Biz sabah oynamağa hazırıq. Ümid edirəm ki, ilk oyundan sonra keçirdiyimiz 5 məşqin köməyi ilə komandamız daha yaxşı olub. Bunun nə qədər yaxşı olmasını isə sabahkı oyun göstərəcək. Bunu özüm də bilmədiyimdən daha artıq nə isə deməkdə çətinlik çəkirəm. Amma onu deyim ki, istənilən halda meydana çıxacaq heyətdəki oyunçular ilk dəfə eyni vaxtda meydanda olacaq.

 

Bir neçə variantımız var. Lakin onların heç birini indiyədək sınaqdan çıxarmamışıq. Ona görə də özümüz üçün də maraqlı olacaq. İlk oyunun nəticəsi elədi ki, bizi qol vurmağa məcbur edir. Lakin hesab başqa cür, məsələn 0:0 olsaydı da, biz hücuma, qol vurmağa köklənəcək və oyunumuzu buna uyğun quracaqdıq. Bizim istəyimiz ondan ibarətdi ki, hücum edək, qollar vuraq. Futbolu belə görürük. Nəticədən asılı olmayaraq, aqressiv, hücum futbolu oynamaq istəyirik. Bunun sabahkı oyunda evdəkindən daha yaxşı alınacağına ümid edirəm”.


Digər xəbərlər

Xəbər xətti