Ağır atletika federasiyasının hesabat iclası keçirildi - FOTOLAR + VİDEO

13:18 20 İyul 2017

Dünən AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 6 aylıq hesabat iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, Federasiyanın Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə qurumun 2017-ci ilin ilk yarısında gördüyü işlər, həyata keçirdiyi layihələr, əldə edilən uğurlar barədə danışılıb, rəsmi şəxslərin hesabat xarakterli çıxışları dinlənilib.

 

Tədbiri Azərbaycan Gənclər və İdman Nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov açıb. O, ölkəmizdə ağır atletikanın son zamanlar böyük populyarlıq qazandığını, sevilən idman növlərindən birinə çevrildiyini deyib. İsmayılov deyib ki, federasiya dopinqlə mübarizəyə böyük diqqət ayırır, böyük çalışmalar edilir. Onun fikrincə, ağır atletika kollektivi hər gün möhkəmlənən böyük bir ailədir. Vitse-prezident bu tədbirin arxada qalan 6 aydakı fəaliyyətə həsr olunduğu bildirib və sözü federasiyanın baş katibi Rizvan Rəsulova verib.

 

Rəsulov çıxış edərək AAAF-ın 2017-ci ilin ilk yarısındakı fəaliyyəti haqda geniş məlumat verib. Baş katib qeyd edib ki, hesabat dövründə milli komandalarımız bir neçə beynəlxalq yarışda iştirak edərək uğur əldə ediblər:

 

“Yığmalarımız İrandakı 2-ci Fəcr Kuboku, Tailandda keçirilən yeniyetmələr arasında dünya birinciliyi, Tokioda keçirilən gənclər arasında dünya çempionatı və IV İslam Oyunlarında körpücük üzərinə çıxıblar. Bu yarışlarda atletlərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal əldə etməyi bacarıblar. Tailanddakı yarışda milli komandamızın tarixdə ilk dəfə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanması isə xüsusi fəxrlə qeyd olunmalıdır. Bununla yanaşı, AAAF və AGİN təsdiq olunmuş təqvim planına uyğun olaraq yeniyetmə, gənclər və böyüklər arasında Respublika, iki seçmə mərhələ yarışlarını, həmçinin XI Respublika Oyunlarını təşkil edərək, ümumilikdə mindən çox atletin iştirakını təmin edib. Beynəlxalq yarışlara hazırlıq məqsədilə həm ölkə daxili, həm də xaricində təlim-məşq toplanışı keçirib, ən yaxşı şəraitlə təmin ediliblər”.

 

Daha sonra Rəsulov federasiyanın maliyyə hesabatını açıqlayıb, gəlir və xərclər barədə məlumat verib. Bununla yanaşı, baş katib qeyd edib ki, AAAF dopinqlə mübarizəyə böyük diqqət ayırır, məsələnin ciddiliyini anlayaraq fasiləsiz tədbirlər həyata keçirir. Bunların arasında mütəmadi maarifləndirmənin aparılması, daxili dopinq-testlərin götürülməsi, dispanserizasiya və vitaminizasiyanın təşkili, qidalanmaya nəzarət, xüsusi bərpa və reabilitasiya mərkəzlərində müalicənin təmini və s. göstərmək olar.

 

Daha donra söz AAAF-ın vitse-prezidenti Ruslan Xanverdiyevə verilib. O, federasiyanın əsasən infrastruktur fəaliyyəti barədə geniş danışıb:

 

“Bu 6 ay ərzində əsas istiqamət kimi regionlarda zalların əsaslı təmir işləri və yeni zalların inşa edilməsini götürmüşdük. Qobustan şəhər gənclər və idman məktəbinin ağır atletika zalı, Təhsil Respubilka idman mərkəzinin Suraxanı ağır atletika zalı, Şamaxı rayonu Qaleybuğurd kəndi ağır atletika zalı, Ramanı qəsəbəsi ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun ağır atletika zalı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və Lerik rayonu Piran kəndi ağır atletika zalında təmir-bərpa işləri aparılıb, Astarada ən müasir tələblərə cavab verən ağır atletika təlim-məşq bazası tikilib, istifadəyə verilib. Sumqayıt və Bakı şəhərlərində yeni zalların açılması üçün işlər aparılmaqdadır. Ehtiyacı olan bütün zallar 2017-ci ilin ikinci 6 ayında lazımi avadanlıqlarla təmin ediləcəkdir. Regionlarda zalların açılması, onlarda təmir işləri və avadanlıqların təmin edilməsində federasiyamızın bir neçə ana məqsədi var. Bunlar regionlarda məşqçi və idmançıların məşq etməsi üçün lazım olan şəraitlə təmin edilməsi, ölkədə ağır atletika idman növünün yayılması və təbliğatı, ağır atletika idman növünə bütün regionlardan ən potensiallı yeniyetmələrin cəlb edilməsi, Azərbaycanda ağır atletika məktəbinin gücləndirilməsi, ölkədə idman və sağlam həyat tərzinin gənclər və uşaqlar arasında yayılmasıdır.

 

Növbəti 6 ayı üçün yenə də aktiv fəaliyyət planlarımız var və mövcud zallarda əsaslı təmir işlərinin aparılması, ağır atletika zalı olmayan regionlarda yeni zalların istifadəyə verilməsi, zalların müasir avadanlıqlarla təmin edilməsi, Azərbaycan ağır atetika idman növünün arxivinin yaradılması, Azərbaycan ağır atetika idman növünün tarix müzeyinin qurulmasını nəzərdə tutmuşuq. Bu işlərin aparılmasında başda AAAF İnşaat olmaqla AAAF Holdinqin bütün şirkətləri cəlb edilmişdir. Fürsətdən istifadə edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idmana böyük qayğı və dəstək siyasətinin davam edilməsinə görə ölkə başçımız və Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevə, AAAF Prezidenti Cənab Cahangir Əsgərova, AAAF-ın vitse prezidentləri Azər Əliyev, İsmayıl İsmayılov və Tofiq Heydərova dərin minnətdarlığımı bildirirəm”.

 

Tədbir zamanı AAAF-ın sabiq prezidenti Şüa Hüseynov, hakimlər Vahid Nəzərov və Qadir Babayev, AAAF Rəyasət Heyətinin üzvü Fəxri Ağayev də çıxış edərək öz rəy və təkliflərini bildiriblər.

 

Sonda Bakıda keçirilən IV İslam Oyunlarında fərqlənən atletlər və onların məşqçiləri federasiya tərəfindən mənzil sertifikatları və pul mükafatları ilə təltif olunublar. Federasiya yarışın təşkilində əməyi keçən bütün digər əməkdaşlarını da unutmayaraq onların zəhmətini pul mükafatı ilə qiymətləndirib.

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti