Avropada özündən söz etdirən "Vətən" - LAYİHƏ

16:30 20 İyul 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində sonuncu yazımız "Vətən" Futbol Məktəbinə həsr olunur. Qazandığı nəticələrlə uşaq futbolunda böyük nüfuza sahib olan bu məktəb Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir. "Vətən"in U-10 komandasının öncə "İzmir cup"da qalib olması, ardınca isə "Champions Trophy"də uğurlu çıxış etməsi bu futbol məktəbini diqqət mərkəzinə cəlb etdi. Bu komandanın çıxışı barədə əvvəlki yazımızda ətraflı məlumat verdiyimizdən təfərrüatlara varmağı lüzum bilmirik. Bu səbəbdən mövzudan uzaqlaşmadan keçirik mətləbə. Diqqət mərkəzində olan "Vətən"lə daha yaxından tanış olmaq üçün üz tutduq məktəbin bazasına. Əsl məktəb abu-havasının hiss olunduğu baza ilə qısa tanışlıqdan sonra deyə bilərəm ki, burada uşaqların futbolla məşğul olması üçün lazım olan hər cür şərait var. Süni örtüklü meydança və istifadə üçün vacib olan bütün otaqlar bazanın içərisində fəaliyyət göstərir.

 

 

Daha sonra məktəbin direktoru Mustafa Həsənovla görüşdük. O, məktəbin fəaliyyətindən, gələcək planlarından, eyni zamanda, problemlərdən də bəhs etdi. Həsənov öncə komandanın yeni mövsümə hazırlığı barədə danışdı:

 

"Hazırda istirahət ayı olsa da, biz tam gücümüzlə işimizə davam edirik. Bəzi komandalar məşqlərini davam etdirir. Böyük boşluq yaranmasın deyə bir müddətlik məşqçilər uşaqları bir araya toplayırlar. Biz məktəb olaraq artıq yeni mövsümün hazırlıqlarına başlamışıq. Seleksiya işlərinə və məşqçilərin savad və biliklərinin artırılmasına nəzarət etdirik. Məşqçilərin bir qismi yenicə C kateqoriyası alıbsa, bəziləri artıq A kateqoriyasına yiyələniblər. Yaxın günlərdə məşqçi heyəti ilə görüşüb yeni mövsüm barədə fikir mübadiləsi aparacağıq. Xüsusilə Avstriya səfəri zamanı öyrəndiyimiz yenilikləri burada tətbiq etməyi planlaşdırırıq. Həmçinin, yaxın zamanda ölkə daxili yarışlarda neçə komandamızın iştirak edəcəyi müəyyənləşəcək. Ötən mövsüm bütün yaş qruplarında təmsil olunduq və təsadüfi deyil ki, bütün komandalarımız yüksək yerlər uğrunda mübarizə apardı. Məktəb olaraq bütün diqqətimizi yeni mövsümün hazırlıqlarına yönəltmişik".

 

 

Mustafa bəy "Champions Trophy" turnirində iştirak zamanı gördüklərinin onlara böyük təcrübə qazandırdığını və gördükləri işə baxışın tam dəyişdiyini söylədi:

 

"Avstriyada "Champions Trophy" turnirindəki çıxışımızdan və qazanılan nəticədən xəbərdarsız. Təkcə nəticə yox, orda gördüklərimiz göstərdi ki, Azərbaycanda futbol və futbolçu yoxdur anlayışı tamamilə səhvdir. Sözügedən turnirdə "Çelsi" "Atletiko", PSJ və başqa böyük klubların U-10 komandaları iştirak edirdi. Bizə də onların nəyə qadir olduğu, necə oynadıqları, nə bacardıqları maraqlı idi. Oyunlar zamanı gördük ki, adları nəhəng olan klubların komandaların oyunlarında fövqəl bir şey yoxdur. Əksinə, biz oyunumuzla onlardan heç də geri qalmırıq. Bizim uşaqların heç biri "Çelsi"dəki, "Atletiko"dakı, PSJ-dəki yaşıdlarından heç bir kefiyyətinə görə aşağı səviyyədə deyil. Komandamız elə çıxış etdi ki, hər kəs bizim haqqımızda müsbət fikirlər səsləndirməyə başladı. Bütün bu məqamlar uşaqlara da müsbət təsir etmişdi. Onlar adlı-sanlı rəqiblərindən zəif çıxış etmirdilər və bir çox oyunlarda, hətta məğlub olduğumuz qarşılaşmalarda belə üstün futbol sərgiləyirdilər. Bu turnirdən sonra gördük ki, biz böyük klublara sadəcə görülən işlərə görə uduzuruq. Futbolçu sarıdan bizdə problem yoxdur və heç kimdən geri qalmırıq. İşimizi düzgün qursaq Azərbaycandan da güclü futbolçular yetişər. Bizdə bu potensial var. İştirak etdiyimiz turnir bunu bir daha göstərdi".

 

O, uşaq futbolunda başqa ölkələrə nisbətən geridə qaldığımız məqamlardan da danışdı:

 

"Uşaqların potensialının açılmama səbəbi bizik. Bəzi məsələlərdə Avropadan geri qalırıq. Birinci olaraq valideynlərin futbola yanaşması dəyişməlidi. Buna nail olduğumuz zaman işimiz xeyli asanlaşacaq. Avstriyadakı turnirə qədər düşünürdüm ki, futbolun inkişafında tək həll akademiyaların yaradılmasıdı. "Champions Trophy" turniri zamanı bu fikirlərim tamamilə dəyişdi. Klubların nümayəndələri ilə ünsiyyətdə olduğum zaman öyrəndim ki, akademiya elə də vacib məqam deyil. Futbolla məşğul olmaq üçün düzgün proqram hazırlandıqdan və valideynlərin övladlarına yanaşması peşəkar olduqdan sonra hər gün uşaqların evə getməsində problem olmur. Bu sistemdən artıq bir çox klublar yararlanır. Hətta Avropada futbol akademiyası ilə özündən söz etdirən "Ayaks" belə. Burda vacib məqam uşaq evə getdikdən sonra valideyninin nəzarətində olmasıdı. Onun qidasına, məşğuliyyətinə, vaxtında yatıb-durmasına diqqət yetirmək lazımdır. Bunun üçün biz valideynlərlə daha çox ünsiyyətdə olmalıyıq. Biz özümüz, məşqçilər tez-tez valideynlərlə görüşüb, bəzi məsələlərlə bağlı fikirlərimizi onlarla bölüşürük. Hər bir vəziyyəti onlara izah edirik. Uşaqlarla necə davranmalı olduqlarını aşılayırıq. Görünən odu ki, biz valideynlərlə daha çox işləməliyik ki, istəyimizə tez çataq".

 

 

Mustafa bəy, uşaq futbol komandalarına diqqətlə yanaşdıqlarını və hazırladıqları proqrama uyğun hərəkət etdiklərini bildirdi:

 

"Bütün yaş qrupları üzrə komandalarımızı həmişə diqqətdə saxlayırıq. Komandaların çıxışını, çatışmazlıqlarını, futbolçuların durumunu məşqçilərimizlə tez-tez müzakirə edirik. U-10 komandasının ilk mövsümü olmasına baxmayaraq biz bu komandanı uzun müddət idi ki, hazırlayırdıq. O komandada çıxış edən uşaqların hər biri bizim yetirməmizdir. Başqa klublardan heç kimi dəvət etməmişik. Daim komandanı nəzarətdə saxladıq. Və bunun nəticəsini gördük. U-10 ölkə çempionatında ikinci, "İzmir Cup"un qalibi oldu və "Champions Trophy"də uğurlu çıxış etdi. Bu komandanı qarşıdakı illərdə də diqqət saxlayacağıq. Digər komandaları da unutmuruq, bizim hər bir yaş qrupuna ümidimiz böyükdür. Onlar da öz növbələrində uğurlu çıxışla bizi sevindirirlər. Biz istəyirik ki, ölkə futboluna, milli komandaya yaxşı oyunçular qazandıraq. Bizim məqsədimiz budur".

 

Həsənov ölkə xaricində təşkil edilən turnirlərlə bağlı bir sıra maraqlı məqamlara da toxundu. Onun sözlərinə görə, uşaq komandalarının beynəlxalq turnirlərdə iştirakı olduqca vacibdir:

 

"Ölkə xarici turnirlərdə iştirak olduqca vacibdir. Bu həm oyun sayının artmasına xidmət edir, həm də uşaqların oyun praktikası qazanmasına kömək edir. Başqa nüanslar da var. Məsələn, uşaqların kiçik yaşlarından başqa ölkələrə səfər etməsi onların dünya görüşlərinə də təsirsiz ötüşmür və ailədən, vətəndən uzaq qalmağa tədricən alışırlar ki, bu da onların gələcəkdə legioner həyatı yaşadıqları zaman kömək ola bilər.

 

İndiki dövrdə ölkə xaricində istədiyini turniri tapmaq da elə asan deyil. Biz istəyirik ki, turnir uzum müddətli olsun. Məsələn, 1 həftə hansısa ölkədə keçirilsin, həm turnirdə iştirak edək, həm də uşaqlar 1 həftə ölkə xaricində vaxt keçirsinlər. Artıq bu mümkün deyil. Bütün turnirlər həftə sonu, 2 gün ərzində keçirilir. 2 gün ərzində komandalar nə qədər oyun keçirirlər və bazar günü ölkələrinə qayıdırlar. Bütün bunlar uşaqların təhsili ilə bağlıdı. Onlar 5 gün təhsilə, 2 gün isə turnirlərə vaxt ayırırlar. Artıq Avropa klubları turnirlərə tamam başqa formada yanaşır. Biz isə mövcud vəziyyətə uyğun olaraq hərəkət etməyə çalışırıq".

 

 

Sonda isə Mustafa Həsənov "Vətən" futbol məktəbinin infrastrukturu və yeni mövsümlə bağlı planları barədə məlumat verdi:

 

"Təhsil Nazirliyi və cənab nazirimiz Mikayıl Cabbarov bizə xüsusi diqqətlə yanaşır. Bütün problemlərimizlə maraqlanır, istəklərimizi yerinə yetirməyə çalışır. Şəraitmizin yaxşılaşdırmaq üçün əlindən gələni edir. Biz də çalışırıq ki, görülən işərin müqabilində yaxşı futbolçular yetişdirək və uğurlar qazanaq. Düzdü, uşaq futbolunda nəticə və komandalardan nəticə tələb etmək düzgün deyil. Bununla belə, komandalarımız qazandıqları nəticələrlə nəyə qadir olduqlarını nümayiş etdirdilər.

 

Məktəbimizin infrastruktur baxımından heç bir problemi yoxdur. İki bazamızın hər birində meydança və məskunlaşmaq üçün hər bir şərait var. Həmçinin, Təhsil Nazirliyinin balansında olan məktəblərin meydançalarından da istifadə edə bilirik. Həmçinin, U-19 komandamız Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məskunlaşıb. İstifadə etmək üçün kifayət qədər stadionum, meydança var.

 

Yaxın müddətdə toplanıb yeni mövsümün hazırlıqlarına başlayacağıq. Məşqçilərlə görüşüb, komandaların mövcud vəziyyətlərini, problemləri, hazırlıq prosesini və təklifləri müzakirə edəcəyik. Ötən mövsümdə qazandığımız təcrübədən mütləq yararlanacağıq. Ölkə xaricində gördüklərimizi, əməkdaşlıq etdiyimiz klubların verdiyi tövsüyyələri burada tətbiq etmək istəyirik".

 

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti