Xallar artdı, Azərbaycan mövqeyini qorudu

15:58 21 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qəbələ", "İnter" və "Zirə" növbəti oyununu keçirdi. Səfərdə Lüksemburq "Fola"sı qarşılaşan "İnter" 1:4 hesabıyla uduzduğu halda, zirəlilər doğma meydanda Rumıniya "Astra"sı ilə heç-heçəyə razılaşdılar - 0:0. "Qəbələ" isə səfərdə Polşa "Yagelloniya"sına 2:0 hesabıyla qalib gəldi. "Zirə"nin heç-heçəsi ilə "Qəbələ"nin qələbəsi ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb oldu. "Qəbələ" Azərbaycanın reytinqinə daha 0.250, "Zirə" isə 0,125 xal yazdırdı.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 22-ci pillədəyik. Azərbaycanın hesabında 17.000 reytinq xalı var. Onun 2.250 xalı (0.750 "İnter", 0.625 "Zirə", 0.500 "Qarabağ", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.


Digər xəbərlər

Xəbər xətti