Şahin Diniyev: "Premyer Liqa oyunlarında hazırlığın bəhrəsini görəcəyik” - AÇIQLAMA

17:37 21 İyul 2017

Türkiyədə məşq edən “Kəpəz” səylə yeni mövsümə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev təlim-məşq toplanışının gedişi ilə bağlı klubun saytının suallarını cavablayıb. Diniyev ilk öncə Ərzurumdakı hazırlığı dəyərləndirib: 

 

“Mövsümün əvvəlində fiziki təməlin qoyulması üçün bu təlim-məşq toplanışı bizim görə çox vacibdi. Çünki indi görülən iş, qoyulan təməl çempionat ərzində komandaya yardımçı olacaq. Futbolçuların fiziki baxımdan hazırlanması üçün mütləq yaxşı hazırlıq olmalıdı. Bizim Ərzurumu seçməyimiz də təsadüfi deyil. Burada hava sərindi, uyğun şərait var və komanda üçün dəyərli toplanış olacaq. Premyer Liqa oyunlarında Türkiyə hazırlığının bəhrəsini görəcəyik”.

 

“Kəpəz” dünən ilk yoxlama oyununa çıxıb. Komandanı qarşıda daha iki belə görüş gözləyir:

 

“Əlbəttə, fiziki işin, yorğunluğun fonunda yoxlama oyunlarından nəticə gözləmək düzgün olmaz. Ya sınaq oyununa hazırlaşıb nəticə verməliyik, ya da ki, çempionatda uğurlu çıxış etmək üçün öz işimizi görməliyik. Oyun olan günü də oyunçulara fiziki məşqlər keçirilir. Matçın nəticəsi bir o qədər önəmli deyil, əsas futbolçuların durumu bizə maraqlıdı. Ayrı-ayrı mövqelərdə olan problemlərimiz üzərində çalışırıq və futbolçuları belə matçlarda yoxlayacağıq. Dəyişikliklər olacaq. Udub-uduzmaqdan qorxmuruq, hər bir oyunçunun potensialına yaxından bələd olmaq üçün bu yoxlama oyunları vacibdi. Təbii ki, komandada qələbə ruhunun olmasını istərdim. İstəsək və istəməsək belə futbolçuların özünə inamı artırması üçün nəticə də mütləqdi. Amma məşqçi kimi mən nəticəyə yox, uşaqların göstərdiyi performansa fikir verəcəm. Məni mövqelərdə hansı oyunçudan necə yararlanacağımız maraqlandırır. Sınaq görüşləri həm də əsas heyəti formalaşdırmaq üçün lazımdı”.

 

Şahin Diniyev yetirmələrinin hazırlığa necə yanaşmasından da danışıb:

 

“Məni sevindirən məqam oyunçuların məsuliyyəti dərk etməsidi. Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar, son iki mövsümdə bizdə əla kollektiv olub, elə indiki heyət də ondan geri qalmır. Komandanın məqsədi futbolçulara aydındı. Peşəkardılar, çox şeyi deməyə ehtiyac yoxdu. Verilən tapşırıqları istədiyimdən də artıq yerinə yetirirlər. Yeni gələn yerli və legioner oyunçular komandanın ab-havasına uyğunlaşıblar, öz üzərlərində ciddi işləyirlər”.


Xəbər xətti