Azarkeşlərin görünməz qatili - YAZI

17:36 22 İyul 2017

Oxuyacağınız yazının ərsəyə gətirmək fikri xeyli əvvəl, daha dəqiq martın 26-da, Azərbaycan - Almaniya oyununun gedişində yaranmışdı. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən həmin matçı mətbuat nümayəndələri üçün nəzərdə tutulan tribunada izləyənlər arasında bəndəniz də var idi. Qarşılaşmanın 31-ci dəqiqəsində yığmamızın futbolçusu Dimitri Nazarov hesabı bərabərləşdirdikdən sonra həmkarlarımdan birinin qol sevinci az qala onun bayılması ilə nəticələnəcəkdi. Ardıcıl bir neçə dəfə ürəkdən “qol" qışqıran gənci vaxtında sakitləşdirməsəydik...

 

Azarkeşlik ölümə səbəb ola bilir

 

Futbolun dünyada ən kütləvi idman növü olduğunu sübut etməyə ehtiyac yoxdur. Görəsən, futbol olmasaydı, nə baş verərdi? Bunu təsəvvür etmək belə çətindir. Artıq futbol dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. Futbol milyonlarla insanın “çörək ağacı", milyardlarla insanın əyləncəsidir. Təkcə əyləncəmi? Futbol həm də onların bir hissəsinin görünməz qatilinə çevrilib.

 

Stadionda və ya televiziya qarşısında futbol matçını seyr etmək risk qrupuna daxil olan insanlar arasında infarkt olma ehtimalını dəfələrlə artırır. Bunu özümüzdən demirik, alimlər bu fikirdədirlər. Azarkeşlər özlərini aldatmasınlar. Oyun izləmək adrenalin “xəcləməyin", dincəlməyin heç də ən yaxşı yollarından biri deyil. Əksinə, futbol həvəskarları sevimli komandalarının oyunu zamanı yüksək srtess keçirirlər ki, bu da ürək, qan-damar sisteminin fəaliyyətinin pozulmasına, infarkta səbəb ola bilir. Yazdıqlarımızı əsaslandırmaq üçün faktlara müraciət edək.

 

2006-cı ildə Almaniyada keçirilən mundial zamanı İsveçrə və Cənubi Koreya oyununu izləmək üçün Seul şəhərində quraşdılırmış nəhəng ekran qarşısına 100 min civarında azarkeş toplaşıb. Oyunun gedişində 25 yaşlı gənc koreyalı huşunu itirib və xəstəxanaya çatdırılmamış keçinib. Sonradan məlum olub ki, həmin gənc ürək tutmasından dünyasını dəyişib. Əslində, belə hallar bir deyil, iki deyil, yüzlərlə, minlərlədir. Müasir dövrümüzdə futbol matçları zamanı azarkeş ölümü adi hal alıb desək, bəlkə də yanılmarıq. Almaniyalı mütəxəssislərin 11 il əvvəlki mundial zamanı apardığı araşdırmadan məlum olub ki, futbol matçları keçirilən günlər xəstəxanalara ürək, qan-damar sistemi problemləri ilə müraciətlər adi günlərlə müqayisədə bir neçə dəfə artıb. Bir qədər ətraflı. FİFA mundial ərəfəsində təşkilatçı ölkəyə belə bir rəsmi müraciət ünvanlamışdı ki, çempionatın gedişində ürək, qan-damar sistemində yaranan problemlərlə həkim köməyinə ehtiyac duyan insanlar arasında araşdırma aparılsan. Alman həkimlər bu müraciətə cavab olaraq həmin xəstələr arasında sorğu keçirmiş və hamısının hallarının pisləşməsinin səbəbinin futbol olduğu üzə çıxmışdı. Başqa sözlə, xəstələr mundial oyunlarını stadiondan və ya televizor vasitəsilə izləyərkən, radioreportajları dinləyərkən özlərini pis hiss etdiklərini bildirmiş və xəstəxanaya müraciət etmişdilər.

 

Bundan 4 il əvvəl Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatı zamanı oxşar araşdırmanı Böyük Britaniyanın Loughborough Universitetinin mütəxəssisləri aparmışdılar. Alimlər İngiltərə millisinin oyunları zamanı bir qrup azarkeşin ürək döyüntülərini izləmiş, həmçinin, oyunlardan əvvəl və sonra onların ağız sularından (tüpürcəkdən - red.) nümunə götürmüşdülər. Məlum olmuşdu ki, oyun vaxtı azarkeşlərin ürəkləri dəqiqədə təxminən 100 dəfə vurub. İnsanın normal halda ürək döyüntüsünun sayı dəqiqədə 70 olmalıdır. Deməli, oyun vaxtı keçirilən həyəcan ürək döyüntülərinin sayının artmasına səbəb olurmuş. Eyni zamanda ağız suyunda olan stress hormonunun da adi halla müqayiəsədə dəfələrlə artdığı ortaya çıxıb.

 

2002-ci ildə britaniyalılarla eyni vaxtla bir qrup isveçrəli kardioloq da futbolun insan orqanizminə təsirini araşdırıb. Onların gəldiyi nəticə alman və ingilis həmkarlarından fərqlənməyib. Maraqlı ola biləcək 2 fakt: Birincisi, 1998-ci ildə keçirilən dünya çempionatının İngiltərə - Argentina oyununun əsas və əlavə vaxtında qalib aşkarlanmamış və penaltilər seriyasına müraciət edilmişdi. Penalti zərbələri vurulan an İngiltərədə infarkt hallarının 25 faiz artdığı müşahidə olunmuşdu. Oxşar hal 4 il sonra İsveçrədə qeydə alınmışdı. Belə ki, 2002-ci ildəki mundial zamanı ürək, qan-damar sistemi pozuntusu ilə İsveçrə xəstəxanalarına müraciət edənlərin sayı 60 faiz artmışdı. Maraqlıdır ki, həmin dünya çempionatında İsveçrə iştirak etmirdi. Etsəydi, yəqin ki, faiz göstəricisi daha çox olardı.

 

Elm bunu necə izah edir?

 

Nəyə görə futbol insan orqanizminə mənfi təsir göstərir? İzah üçün U-19 yığmamızın, eyni zamanda “Vətən” RİOEUG-nun həkimi Natiq Süleymanova müraciət etdik. Ekspert kimi Natiq müəllimi seçməyimiz əbəs deyil. O, uzun illərdir ki, idmanla məşğul olan uşaq və gənclərlə işləyir, bu sahəyə daha yaxşı bələddir. Natiq müəllimin sözlərinə görə, emosianal stress zamanı ürək ritminin artması, arterial təzyiqin yüksəlməsi faktı elmə çoxdan məlumdur: “Məhz bu hallarda ürək hüceyrələrinin (miokard) və ürəyin tac damarlarının oksigenə tələbatı artır (koronar işemiya). Tələbat ödənmədikdə infarkt riski çoxalır. İnfarktın baş verməsinin başqa səbəbi də var - qanın qatılaşması. İnsanın emosional durumunun qan elementi olan trombositlərin funksiyasına birbaşa təsir göstərdiyi də çoxdan sübut olunub. Yüksək həyəcan zamanı trombositlərin aqreqasiyası kəskin artır və bu zaman koronar arteriyaların mənfəzini tutan qan laxtasının əmələ gəlmə ehtimalı çoxalır. Əgər stressə səhv hakim qərarları və buna bənzər hallar zamanı azarkeşdə yaranan qəzəbi də əlavə etsək...” Vay azarkeşlərin halına.

 

Natiq müəllimin fikirlərini bir qədər sadə dildə ifadə edək. İnsanın dəri təbəqəsi zədələndikdə qanaxma baş verir. Bu zaman zədələnmiş nahiyədə trombositlərin fəallığı artır, onlar bir-biri ilə birləşərək laxta əmələ gətirirlər. Həmin laxta isə qanın xaricə axmasının qarşısını alır. İnsan həyəcan keçirdiyi vaxt da trombositlərin “birləşmə həvəsi" artır və damarlarda laxtalanma prosesi başlayır. Həmin laxta ürəyin özünü qidalandıran tac arteriyalarının divarında ilişib qalır, ürəyin oksigenlə təchizatı pozulur və infarkt baş verir. Özü də bu hal təkcə infarktla müşahidə olunmur. Futbol oyununu izləyən zaman orqanizmdə baş verən proseslər beyinə qan sızmasına, insulta da səbəb ola bilir.

 

Dərd varsa, dərmanı da var

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2015-ci ildə dünyada 56,4 milyon ölüm halı baş verib ki, bunun da 15 milyonu infarkt və insultun payına düşür. Təəssüfləndirici məqam ürək, qan-damar sistemi xəstəliklərindən dünyasını dəyişənlərin 40 faizinin gənclər olmasıdır. Dövlət Statistika Komitəsinin 2015-ci il üçün hazırladığı hesabatda 14-29 yaş arasında 20.113 nəfərin qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkdiyi göstərilib. 10 il əvvəllə müqayiəsədə bu rəqəm iki dəfəyə yaxın artıb. Deməli, son illər zərb-məsələ çevrilən “ölüm cavanlaşıb” fikri əslində, həqiqətdir. Bir neçə il əvvələ kimi ürək və qan-damar sistemi xəstəlikləri üzrə risk qrupuna 40 yaşdan yuxarı insanlar daxil edilirdilərsə, son illər bu rəqəm 30-a enib.
Təbii ki, bu yazı ilə azarkeşləri, əsas da gəncləri futboldan uzaqlaşdırmaq fikrimiz yoxdur. Sadəcə, onları, əsasən də ürək və qan-damar sistemində problemləri olanları ehtiyatlı olmağa çağırırıq. Sevimli komandalarını dəstəkləyən zaman azarkeşlər bir sıra üsullarla infarkt və insult riskini azalda bilərlər. Üsulları sadalamamışdan əvvəl daha bir araşdırma barəsində məlumat vermək yerinə düşər. İsveçrəli kardioloqların apardıqları başqa bir araşdırma zamanı futbol matçlarının həyəcanlı anlarında, məsələn, penalti və cərimə zərbələri vurulanda, təhlukəli epizodlarda, hətta sevimli futbolçularının topla təması zamanı insan orqanizmində alkaqol və tütün məmulatlarına tələbatın artdığı məlum olub. Bu vəziyyətlər eyni zamanda ürək döyüntülərinin çoxalmasına, arterial təzyiqin yüksəlməsinə birbaşa təsir göstərir. İndi isə qayıdaq “profilaktik" üsullara. Həkimlər matç izləyən azarkeşlərə ayaq üstə dayanmamağı, ayaqlarını bükməməyi, əksinə, uzatmağı, imkan daxilində bir qədər hündürdə saxlamağı məsləhət görürlər. Bu zaman nə baş verir? İnsan ayaq üstə dayananda qanın böyük bir hissəsi aşağı ətraflarda yığılır və bu zaman həyat üçün vacib orqanlarda bir növ “qan aclığı" yaranır, qan dövranında durğunluq baş verir. Bu isə həyəcan zamanı infarktın yaranma ehtimalını artırır.
Bundan başqa oyundan əvvəl və fasilə zamanı bol maye, meyvə şirəsi qəbul etmək məsləhət görülür. Maye qəbulu orqanizmə sakitləşdirici təsir göstərir. Həmçinin, dolayısı ilə qanın durulaşmasını təmin edir. Alkoqol və tütün qəbulu isə tövsiyyə olunmur. Az əvvəl isveçrəli kardioloqların araşdırmasından əbəs yerə bəhs etmədik. Oyun zamanı yaranan stress alkaqollu içkilərə və tütün məmulatlarına tələbatı çoxaldır ki, bu zaman insan sayı itirir və adi normadan artıq içki qəbul edir, siqaret çəkir. Bu zaman qan damarlarında daralma baş verir, arterial təyziq artır. Oyundan alınan həyəcan nəticəsində bu proses daha da sürətlənir. Eyni zamanda trombositlərin aqreqasiyası baş verir və qanda laxtalanma riski çoxalır. Deməli, infarkta zəmin yaranır. Azarkeşlərə o da məsləhət görülür ki, oyunu tək deyil, ailə üzvləri, dostlarla birgə izləsinlər. Bu zaman həm qazanılan emosiyanı bölüşmək imkanı yaranır, həm də həyat üçün təhlükəli anda köməyə çatan olur.

 

Daha bir məsləhət mərcsevərlərə aiddir. Belə insanların bir hissəsinin gənclər olduğu heç kimə sirr deyil. Sübut olunub ki, oyun zamanı totalizatora pul yatırmış azarkeşin infarkt olma ehtimalı adi azarkeşlə müqayisədə dəfələrlə çoxdur. Bu üzdən mərc etməmək daha yaxşıdır. Əks təqdirdə pulunuzdan da ola bilərsiniz, canınızdan da.

 

Yazının girişində haqqında bəhs etdiyimiz gənc həmkarımız Fərid Axundovdur. Fərid “CBC Sport" kanalının əməkdaşıdır. Həm də futbol azarkeşidir. Klublarımızın indiki ağır durumunda belə Fərid kimi insanlar Azərbaycanda az deyil və komandalarımıza, yığmamıza ürəkdən azarkeşlik edirlər. Təəssüf ki, bu cür çılğın azarkeşliyi daxili çempionatda görmək demək olar ki, mümkün deyil. Nə vaxtsa Fəridin timsalında onların sayının artması ümidi ilə...

 

İlqar Tağıyev, “Het-trik news” qəzeti


Xəbər xətti