Tahir Gözəl: "Başqa transfer olacağına inanmıram"

16:45 23 İyul 2017

“Qarabağ” Azərbaycanda ən sevilən klubdu. Eləcə də biz Azərbaycanı dünyaya tanıtdırmaq baxımından da çox faydalı işlər görürük. Açılışın məhz bu gün, Ağdamın işğal günündə olmasını çox istəyirdik. Səhər getdik, şəhidlərimizi yad etdik. Ordan da bura gəldik. Göstərmək istəyirik ki, biz varıq, həyatdayıq, yaşayırıq. Azərbaycan sevgimizi, “Qarabağ”, Ağdam sevgimizi ürəklərimizdə yaşadacağıq və bu sevgini dostlarımızla paylaşacağıq”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib. Ağdam klubu bu gün ilk fan-şopunun rəsmi açılışını edib. Açılış mərasimində çıxış edən klub rəsmisi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Bizdən zaman-zaman forma, şərf və müəyyən aksesuarlar istəyən dostlar var idi, indi artıq klubla bağlı əşyaları dükanımızdan ala biləcəklər. Bütün “Qarabağ”sevərləri dəvət edirəm ki, gəlib klubumuza dəstək olsunlar. Burda qazanılan hər qəpik belə kubumuz üçün sərf olunacaq.


- Tahir bəy, “Şerif”lə oyuna lap az zaman qaldı...
- Yeni futbolçularımız çox faydalı oldular, komandaya tez adaptasiya olundular. İnanıram ki, qarşıdakı oyunu da həminki ciddiyyətlə yanaşsaq, keçə biləcəyik. Ancaq onu deməliyəm ki, çox çətin oyun gözləyir bizi.
 

- Yeni oyunçu keçidi gözlənilirmi?
- Düşünürəm ki, “Qarabağ” indi də çox yaxşı vəziyyətdədi və hazırdı. Qısa müddətdə başqa transfer olacağına inanmıram. Çünki futbolçuları Azərbaycana dəvət eləmək, onları bura uyğunlaşdırmaq çox çətindi.
 

- “Qarabağ”ın Ağdamı, döyüş bölgəsini təmsil etməsini nəzərə alsaq, komanda üçün hərbi rənglərdə forma hazırlanması mümkün ola bilərmi?
- Formaların dizaynı ilə məşğul olan insanlar var. Bu da bir fikirdi, düşünürəm ki, dəyərləndirmək olar. Həm də hərbi geyim son vaxtlar dəb də olub.


Digər xəbərlər

Xəbər xətti