Qurban Qurbanov: "Çalışırlar ki, rəqibə oynamağa imkan verməsinlər"

20:09 24 İyul 2017

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda evdə Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə bunları söyləyib:

 

- Vacib oyuna çıxacağıq. Çox ciddi hazırlaşmışıq. Vaxtın az olmasına baxmayaraq, rəqibi yaxından tanımağa çalışdıq. Böyük təcrübəsi olan komandadı. Yeni oyunçuları var. Baş məşqçiləri italyandı. İlk növbədə çalışırlar ki, rəqibə oynamağa imkan verməsinlər. 4-5 düşünülmüş hücumları var. Daim meydanda bunu təkrarlamağa çalışırlar. Bunun qarşısını almağa çalışacağıq. Çalışacağıq ki, rəqib meydanda istədiyini edə bilməsin. Yaxşı hazırlaşmışıq.

 

- Rəşad Sadıqovla Dani Kintananı sabah meydanda görə biləcəyik?
- Rəşad sabah meydana çıxmayacaq. Dani də həmçinin. Hər iki futbolçu fərdi qaydada məşq edirlər. Başqa itkimiz yoxdu. Elşən Abdullayev və Abbas Hüseynov da komanda ilə məşq edir.

 

- Əksəriyyət elə fikirləşir ki, “Qarabağ” bu mərhələni asan keçəcək...
- Sağ olsunlar, belə fikirləşirlər. Lakin mən bir məşqçi olaraq həmişə ehtiyat edirəm. Bilirik ki, rəqib də bizə qalib gəlmək istəyir. “Şerif” öz ölkəsinin çempionudu. Çempionlar Liqası elə turnirdi ki, burada zəif komanda olmur. Bildiyim qədərilə rəqibin heyətində 7 yeni oyunçu var. Hər biri bacarıqlı futbolçudu. Asan rəqib deyil. Onlar da bu mərhələni keçmək istəyirlər. Bizim üçün ağır oyunlar olacağını düşünürəm.

 

- Azarkeşlər “Qarabağ”dan ÇL-in qrup mərhələsinə düşməsini gözləyir. Bu, komandaya necə təsir göstərir?
- Bunun müsbət və mənf cəhətləri var. Futbol elədi ki, burada kimlə oynayırsansa, o komanda barədə düşünməlisən. Bu gün biz ÇL-in qrup mərhələsi barədə düşünsək, səhv edərik. Yalnız sabahkı rəqib barədə düşünməliyik. Qrup mərhələsinə düşmək üçün 2 komandanı mübarizədən kənarlaşdırmalıyıq. Bu mərhələni keçsək, bu barədə danışa bilərik. Özümüzü aldatmayaq. Bu turnirdə öz ölkəsinin çempionları oynayır. Hamı da mərhələ keçmək istəyir. Tamamilə sabahkı oyuna köklənmişik.

 

- “Şerif ölkə çempionatında xal itirdi. Bu, “Qarabağ”a psixoloji olaraq üstünlük verir?
- Moldovada cəmi 4 tur geridə qalıb. Məncə, müsbətdən çox, mənfi təsiri olacaq. Mövsümün bu hissəsinndə əsas oyun keçirməkdi. İnanmıram ki, bu “Şerif”ə mənfi təsir etsin. Son oyunda bəzi əsas oyunçularına şans verməmişdilər. Çempionatla Çempionlar Liqası fərqli turnirlərdi.

 

- “Şerif”i ÇL-in 3-cü təsnifat mərhələsindəki əvvəlki rəqiblərinizlə müqayisə edərdiz? Sizcə, daha güclüdü, yoxsa zəif?

- Heç bir komandanı müqayisə etmək istəməzdim. “Zalsburq”la oyunumuz çətin keçdi. O ki qaldı “Viktoriya” ilə oyunlara, biz rəqibdən zəif deyildik. Ancaq heç bir rəqibimizi müqayisə etmək istəməzdim.

 

- Heyəti müəyyənləşdirmisiz? Qapıda kimə güvənəcəksiz?
- Baş məşqçi həmişə heyəti özündə müəyyənləşdririr. Mən də təxminən müəyyənləşdirmişəm. Ancaq indidən açıqlamaq istəmirəm. 

 

- Dünən komanda Şəhidlər Xiyabanını ziyarət etdi. Dünən də Ağdamın işğal günü idi. Bu, komandaya sabahkı oyuna motivasiya cəhətdən əlavə güc verir?
- Ağdamın, Qarabağ torpaqlarının işğalını günlə yada salmaq istəmirəm. Bel şey yoxdu ki, bu oyun işğal gününə düşür deyə ciddi hazırlaşaq, digər oyunlara yox. Ola bilsin, bəzi oyunçularımızın Qarabağla bağlı məlumatı az idi. İndi bu barədə daha yaxşı bilirlər.

 

- Tahir Gözəl indiki heyətin “Şerif”lə bacaracaq gücdə olduğunu dedi. Sizcə, yeni transferlərə ehtiyac var?
- Bizim transferlərimiz mərhələ adlayıb-adlamamağımızla bağlı deyil. Bu gün də bəzi oyunçularla danışıqlar gedir. Bu mərhələni keçsək də, keçməsək də bu transferləri həyata keçirməyə çalışacağıq. Bir oyuna görə heyət formalaşdırmırıq. Sabah mərhələni keçməsək də, həmin oyunçular bizə “hə” desə, transfer edəcəyik.

 

- Sizi narahat edən əsas mövqelər hansılardı? Məsələn, Mahir Mədətov son oyunlarda bir qədər zəif təsir bağışlayır... 
- Bəli, hücum xəttinə oyunçu axtarırıq. Mahirin son vaxtlar sərgilədiyi oyun məndə müsbət fikir yaradıb. Hücumçu axtarmağımız Mahirlə bağlı deyil. Sabah zədə ola bilər, cəza ola bilər... Məhz bu cür vəziyyətlərdə çətinliklə üzləşməmək üçün yeni oyunçular transfer etmək istəyirik.

 

- “Qəbələ” regionda məskunlaşsa da, daha çox legioner cəlb edə bilir. Bunun səbəbi nədi?
- Bu məqamda gedənlərin də sayına baxmaq lazımdı. “Qəbələ”ni mövsümün sonunda 9 futbolçu tərk edib. Bizdə bu cəhətdən daha az oyunçu gedib. Bütün klublar transferdə problemlə üzləşir. Pul məsələsinə biz də çox fikir vermirik. Azərbaycanda oyunçu transfer edən ilk klub bəlkə də, biz olmuşuq. Həm ölkə daxilindən, həm də xaricdən. Onlar da, biz də özümüzə lazım olan sayda oyunçu cəlb edirik.

 

- Rəşad heyətə qayıtdıqdan sonra onunla Jezniçak arasında seçimdə çətinlik çəkməyəcəksiz ki?
- Bu, sonranın işidi. Təki hamı sağlam olsun, bu barədə sonra düşünərik.

 

- Almeydanın sabiq komanda yoldaşlarından biri onun “Qarabağ”da 550 min avro qarşılığında oynadığını deyib. 
- İlini soruşmaq lazımdı (gülür). 550 min söhbətini eşitməmişdim. Futbolçu bizdən, biz də futbolçudan məmnunuqsa, pul problem olmamalıdı.


Digər xəbərlər

Xəbər xətti