"Maksimum nəticə ilə dönmək istəyirik" - İlqar Qurbanov - AÇIQLAMA

12:35 25 İyul 2017

 

Avropa Liqasının 3-cü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını Afinada davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı İlqar Qurbanov komandanın qarşıdakı oyuna hazırlığı, həmçinin 2-ci təsnifat mərhələsinin “Yagelloniya” ilə görüşləri barədə fikirlərini klubun saytına açıqlayıb:

 

“Mübarizəyə başladığımız 2-ci təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın “Yagelloniya” klubu ilə evdə keçirdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab oyununa daha yaxşı hazırlaşdıq. Bu da normaldı. Çünki təlim-məşq toplanışından sonra ilk matçlar çətin olur. Həm komanda tam hazır olmur, həm də yeni futbolçulara uyğunlaşmağa müəyyən vaxt lazım gəlir. Buna baxmayaraq, cavab görüşündə oyunumuzu yaxşı tərəfdən göstərə bildik. Cavab matçında təmkinli mübarizə apardıq. Rəqib də ilk oyunu təhlil etmişdi. Bakıdakı qarşılaşmada rəqibə bir neçə əks-hücum imkanı vermədiyimizdən arxaya çəkilib bizi meydanın özünə aid hissəsində gözləyirdi. Lakin biz səbirli olub, topa nəzarət etməyə çalışdıq. Matçın əvvəlində qol vurmağımız isə bizi daha da ruhlandırdı. Polşadakı oyunda komanda şəklində yaxşı mübarizə apardıq”.

 

“Panatinaikos” haqda fikirlərini açıqlayan Qurbanov Afina səfərində də uğur qazanmağa iddialı olduqlarını bildirib:

 

“Səfərdəki ilk oyuna matçın keçiriləcəyi Afinada hazırlaşırıq. Artıq bir neçə gündü məşqlərimizi Yunanıstanda keçirik. Səfərdə keçirəcəyimiz ilk görüşdən maksimum nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdu. “Panatinaikos” öz sözünü demiş komandadı. Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub. Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”. 


Digər xəbərlər

Xəbər xətti