"Masallı" ev oyunlarını Lənkəranda keçirəcək? - AÇIQLAMA

20:50 26 İyul 2017

Bir müddət əvvəl "Masıllı" Cənub Futbol Klubunun yaradılması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, klubun yaranmasında əsas təşəbüskarlardan olan İldırım Allahyarov "Masallı" ilə bağlı gələcək planlardan danışıb.

 

Sportinfo.az-a açıqlama verən Allahyarov klubun yeni mövsümdən I Divizionda çıxış edə biləcəyini söyləyib. O, bu zaman komandanın ev oyunlarını Masallıda deyil Lənkəranda keçirməyi planlaşdırdığını söyləyib. Buna səbəb Anatoli Banişevski adına stadionun ot örtüyünün bərbad vəziyyətdə olmasıdı. Standartlara cavab verən Lənkəran stadionunda oynamaq daha məqsədə uyğun görsənir.

 

Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın mövqeyini öyrənmək qərarına gəldik. Çünki "Xəzər Lənkəran" mərkəzi stadionu bu kluba məxsusdur. "Xəzər Lənkəran" boş qalmış stadionun "Masallı"ya icarəyə verilməsində maraqlıdırmı? Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, sorğumuzu belə cavablandırdı:

 

"Masallı" klubu bir dəfə müraciət etmişdi və biz bunu müsbət dəyərləndirdik. Həvəskarlar Liqasında bir oyunu bizim stadionda keçirdilər. İndi klub Birinci Divizion da oynasa, ev oyununu "Xəzər Lənkəran" mərkəzi stadionunda keçirəcək sualına dəqiq cavab verə bilmərəm. Niyə?Çünki bu barədə bizə rəsmi müraciət olmayıb.İkincisi həmin Həvəskarlar Liqasinin oyununda mən o qədər qışqırdım ki, səsim batdı.Çünki Premyer Liqa matçı başqa şeydi, Həvəskar Liqası ayrı. Təsəvvür edin, azarkeşlərdən bəzisi gəlib ehtiyat oyunçular skamyasında şaftalı, ərik yeyirdi və tumunu atırdı qazona. Bir dəstə azarkeş stadiona daxil olub tribunada oturmayıb birbaşa qazonun ortasi ilə qarşı tərəfə keçirdi. Bir sözlə çox çətin oldu. Hazırda o qədər mühafizəçimiz yoxdu və polislər sağ olsun, sonradan gəlib kömək oldular. Bütün bunları danışmaq lazımdı.Yəni, konkret söz demək olmaz.

 

Yəqin ki, müsbət dəyərləndirilər. Amma klub rəhbərliyi ilə yuxarıda dediyim məsələlər mütləq müzakirə olunmalı və onlardan bəzi vacib söz alınıb, qərar verilməlidir". 
 
Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti