Güləşçilərimiz etiraz aksiyası keçirdi - "Bir ildi maaşlar verilmir"

15:19 28 İyul 2017

Bu gün güləşçilərimiz etiraz aksiyası keçirib.

 

Sportarena.az xəbər verir ki, etiraza səbəb Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganələyidi. Uzun müddətdi ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayətlənirlər.

 

Yunan-Roma güləşi üzrə dünya çempionu, Rio-2016 olimpiadasının bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib:

 

“Təlim-məşq toplanışı keçmirik. Bir ildi ki, federasiya tərəfindən maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdı. Yarışlarda nəticə göstərməyəndə də tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidi.

 

Heç birinin müalicə olunmaq imkanı yoxdu. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olundum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözləmişəm. Aramızda elə uşaqlar var ki, məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdı ki, xidmətçilər deyir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bir nəfər də çıxıb demir ki, maliyyə niyə ayrılmır. “Bu gün- sabah” deyə-deyə ilyarımdı problemlər davam edir”.

 

Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev də narazılığını bildirib:  

 

“İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. Rio-2016-da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odu ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

 

Yarıdan çoxu kasıb uşaqlardı. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadı. Olimpiadada qazandığımız mükafatları da almamışıq. 15 aydı ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdı”. (Yenicag.az)


Digər xəbərlər

Xəbər xətti