"Yüzilliyin transferi" baş tutdu - Neymar rəsmən PSJ-də

10:17 4 Avqust 2017

Futbol üzrə Braziliya yığmasının hücumçusu Neymarın Fransanın PSJ klubuna gözlənilən transferi nəhayət ki, rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bir neçə saat öncə İspaniyanın "Barselona" klubuna 222 milyon avroluq təzminat ödəməklə azad agent statusu alan futbolçu bundan dərhal sonra Paris təmsilçisi ilə müqavilə bağlayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. Məlumatı PSJ-nin rəsmi saytı yayıb.

 

Beləliklə, "yüzilliyin transferi" adı verilən bu keçid tam rəsmiləşib. Bu transferin ardından Neymar kifayət qədər böyük bir fərqlə dünyanın ən bahalı futbolçusuna çevrilib. Bundan əvvəlki rekord "Mançester Yunayted"in 2015/16 mövsümündə "Yuventus"dan 105 milyon avroya transfer etdiyi fransalı futbolçu Pol Poqbaya aid idi.
 

PSJ Neymarla müqavilənin maliyyə detallarını açıqlamayıb. Amma dünya mətbuatının yaydığı məlumata görə, onun illik gəliri 30 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Neymar peşəkar karyerasına 2009-cu ildə "Santos"da başlayıb. O, 2013-cü ildən "Barselona"nın şərəfini qoruyurdu. Kataloniya təmsilçisinin formasıyla çıxdığı 186 qarşılaşmada 105 qol vuran 25 yaşlı futbolçu 80 məhsuldar ötürmə müəllifi olub.

 


Digər xəbərlər

Xəbər xətti