Asif Məmmədov: "Gözlənilməz qol buraxdıq və ruhdan düşdük"

12:40 4 Avqust 2017

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda evdə “Panatinaikos”a 1:2 hesabıyla uduzan (ilk oyun 0:1) "Qəbələ" avrokuboklarda mübarizəni dayandırdı.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- İstədiyiniz nəticənin alınmamasına səbəb nə oldu? 
- Səfərdə 0:1 hesabı ilə uduzduğumuzdan, bilirdik ki, evdə də qol buraxsaq, bizə çətin olacaq. İlk yarıda rəqib qol vəziyyətlərindən yararlana bilməsə də, ikinci hissəyə biz çox yaxşı başladıq. Tezliklə hesabda önə keçdik. Lakin ani səhvdən qol buraxdıq. Bununla da, komandamız ruhdan düşdü. Bundan sonra "Panatinaikos" kimi komandaya 3 qol vurmaq bir az çətin idi.

 

- Hesabda önə keçdikdən sonra komandanız sanki həyəcanlanmışdı. Bəlkə müdafiəyə çəkilib növbəti qol anını gözləmək daha münasib olardı? 
- İlk yarıda "Panatinaikos" imkanlar yaratdığından, bilirdik ki, rəqib qol vurmaq imkanındadı. Ona görə də, ikinci dəfə fərqlənmək istəyirdik. İndi demək asandı ki, ehtiyatla oynasaydıq, bəlkə qol buraxmazdıq. Amma oyunu götürsək, görürdük ki, rəqib geri oturub, bir az da yorğundular. Ona görə də növbəti qolu vurmağa çalışırdıq. Lakin bu zaman gözlənilməz qol buraxdıq və ruhdan düşdük.

 

- İlk yarıda pressinq etməməyiniz baş məşqçinin tapşırığı idi, yoxsa gücü ikinci hissəyə saxlamışdınız? 
- Roman Qriqorçuk tapşırıq vermişdi ki, nə qədər mümkündüsə, irəli çıxıb rəqibin üzərimizə gəlməsinə imkan verməyək.

 

- İkinci hissənin əvvəllərində göstərdiyiniz oyunu ilk yarıda da sərgiləmək olmazdı? 
- Olardı. Sadəcə, ilk yarıda istədiyimiz oyun alınmadı. Fasilədə mən paltardəyişmə otağında olmadım. Yəqin ki, Qriqorçuk səhvləri komandaya deyib. Ona görə də ikinci hissəyə yaxşı başladıq.

 

- Düşünmürsən ki, oyunun qırılma nöqtəsi Monrozun zərbəsini rəqib qapıçının dəf etməsi oldu? 
- Hardasa razıyam. "Panatinaikos"un qapıçısı həmin epizodda çox yaxşı oynadı. O zərbə qol olsaydı, daha çox fərqlənə bilərdik. Çünki rəqib irəli atılacaqdı. Biz də bunu istəyirdik. "Panatinaikos" hücuma keçsəydi, biz növbəti qolları da vura bilərdik.

 

- Son iki ildən sonra ilk dəfə yalnız Premyer Liqaya köklənə biləcəksiniz. Bu baxımdan, çempionluq şanslarınızı necə dəyərləndirirsən? 
- Keçən il Avroliqanın qrupunda çıxış etməyimizə baxmayaraq, pis oynamırdıq. Bu il yalnız bir turnirdə mübarizə aparmağımız müsbət də, mənfi də effekt verə bilər. Çünki ötən mövsüm qrupdakı ağır oyunlardan sonra çempionat qarşılaşmaları rahat alınırdı.

 

- Bu dəfə qrup mərhələsinə düşə bilmədiniz. Çempionat qarşılaşmaları cansıxıcı görünməyəcək? 
- Məncə, cansıxıcı olacaq. Ötən mövsüm oyun çox idi, maraqlı idi. Gedib güclü rəqiblərlə oynayırdıq. Bu il isə başqa cür olacaq. Ona görə də çempionatda yaxşı çıxış etməliyik ki, darıxmayaq.


Digər xəbərlər

Xəbər xətti