"Kopenhagen"in oyununda qalmaqal - "Bu, biabırçılıqdı"

15:23 7 Avqust 2017

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in Danimarka Super Liqasının 4-cü turu çərçivəsində “Brondbü” ilə səfər matçında qalmaqal yaşanıb.

Sportarena.az xəbər verir ki, buna, qonaq komandanın azarkeşlərinin iğtişaş törətməsi səbəb olub. Belə ki, oyunun son dəqiqələrində “Brondbü”nün hesabı açmasından sonra aqressivləşən “Kopenhagen”in bir qrup fanatı polislərin üzərinə hücum çəkib və onlara zərbələr vurmağa başlayıblar. Nəticədə digər asayiş keşikçiləri də azarkeşləri sakitləşdirmək üçün həmin tribunaya tərəf yollanıb.

Aranın qarışdığını görən hakim Anders Poulsen oyunu dayandırıb. 15 dəqiqəlik fasilə müddətində polislər fanatları sakitləşdirə biliblər. Bundan sonra isə matç yenidən bərpa olunub və əsas vaxta əlavə olunmuş dəqiqələr oynanılıb.

 

Oyundan sonra paytaxt təmsilçisinin icraçı direktoru Anders Horşolt baş verənlərlə bağlı klubun saytına açıqlama verib. Klub rəsmisi yaşanan hadisənin “Kopenhagen” üçün biabırçılıq olduğunu deyib:

 

“Bu axşam xoşagəlməz hadisə yaşandı. Buna görə polisdən və stadionun mühafizəsindən üzr istəyirəm. Onlar çox yaxşı işlədilər. Brondbüdə yaşananlar bizim üçün qəbuledilməzdi. Biz zorakılığın istənilən formasına qarşı dözümlülük nümayiş etdirə bilmərik. Polisə hücum edənlər cəzalandırılacaq. Bu, “Kopenhagen” üçün biabrçılıqdı.

 

Buna görə, bundan sonrakı səfər oyunlarına azarkeş aparmamaq barədə düşünürük. Ancaq bu, günahsız bir çox azarkeşi də cəzalandırmaq deməkdi. Lakin hazırda məsələnin bundan başqa həll yolunu görmürəm”.

 

Qeyd edək ki, matç "Brondbü"nün 1:0 hesablı qələbəsiylə nəticələnib. 

 


Xəbər xətti