Kamran Ağayev: "Mənə zəng etməsinlər" - MÜSAHİBƏ

15:56 10 Avqust 2017

Azərbaycan millisinin və Çexiyanın “Mlada Boleslav” klubunun üzvü Kamran Ağayev müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

- Özünü Çexiyada necə hiss edirsən?
- Əla. Hər şey yaxşıdı. Burda mənə qarşı münasibət də əladı. Özümü rahat hiss edirəm və güclü çempionata gəlmişəm. Komandamızın məqsədi var. Böyük klubdu və biz çempionluq üçün oynayırıq. 

- Boleslav klubuna keçidin bir az gözlənilməz alındı...
- Düzdü, heç kimə açıqlamamışdım. Xaricdə oynamaq istəyim var idi. İddialı kluba keçmək fikrindəydim. Danışqılar apardıq və bura gəldim. Fikrimcə, düzgün seçim etmişəm. Gözləyək, görək necə olacaq. 

- Amma adın Azərbaycanda müxtəlif klublarla hallanırdı...
- Bu barədə danışmaq istəmirəm. Amma haqqımda yazanlara sözüm var ki, indi utanırlar görəsən? Mənim futbolsuz qaldığım vaxtda haqqımda nə istəyirdilər yazırdılar. Gördülər ki, necə kluba keçdim. İndi heç olmasa, düşünürlər ki, səhv etmişik? Bir də üzümü onlara tutub demək istəyirəm ki, mənə zəng etməsinlər. Mobil telefonuma zəng edib narahat edirlər. Sualları varsa, gözləsinlər nə vaxt üz-üzə gələrik suallarını verərlər. 

- Heyətə düşmək çətin olmayacaq? 
- Yox, bu barədə düşünmək lazım deyil. Yaxşı məşq edib hazırlaşmaq, əsas heyətdə yer tutmaq lazımdı. Bunun üçün əlimdən gələni edəcəm. 

- Hazırda zədəlisən?
- Bəli, zədəm var. 

- Nə zaman yaşıl meydanlara qayıdacaqsan?
- Zədəm o qədər ciddi olmasa da, bərpa prosesi keçməyə ehtiyac var. Bacardığım qədər tez meydana dönəcəm. Futbol oynamaq istəyirəm. Çexiya çempionatı Portuqaliya Premyer Liqasından da güclüdü. Burda oynamaq üçün daha güclü və hazırlıqlı olmaq lazımdı. 

- Azərbaycan çempionatı ilə müqayisə etməyə dəyər?
- Özünüz baxıb görürsüz. Çempionatda 16 komanda oynayır. (qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti