Klublar Komitəsinin sədri: "Çempionatımızda çıxış etdikləri müddətdə legioner sayılmasınlar" - AÇIQLAMA

14:38 11 Avqust 2017

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasdan sonra komitənin sədri Kamran Quliyev açıqlama verib. O, iclasda müzakirə olunan məsələlərlə bağlı danışıb:


“Çempionatla bağlı müzakirəmiz oldu. Bəzi klubların stadion problemi var. Bu isə onların stadionunda gedən təmir işləriylə bağlıdı. Çıxış yolu kimi həmin klubların başqa stadionlarda ev oyunlarını keçirmələri fikri söylənildi. Hazırda “Kəpəz” və “Səbail” öz stadionlarında oynaya bilmirlər. Çünki o stadionlarda təmir işləri aparılır. Daha dəqiq məlumat bir neçə gündən sonra veriləcək. Bu klublar təmir müddətində ev oyunlarını başqa stadionlarda keçirəcəklər. Onların ilk dövrədəki bütün görüşlərinin səfər meydanında baş tutması variantı yəqin ki, həyata keçməyəcək. İnşallah, həm “Kəpəz”, həm də “Səbail” çıxış yolunu tapacaq.

 

Peşəkar Futbol Liqası bu günlərdə yeni qərar verdi. Bu mövsümdən oyunun iştirak ərizəsinə 23 futbolçunun adı salınacaq. Klublar belə bir təklif irəli sürdülər ki, gənclərin inkişafı üçün əsas heyətə olmasa belə, “23-lüy”ə 19 yaşlı iki oyunçunun da adı daxil edilsin. Düşünürük ki, onlar ehtiyatda qala-qala sonra 21 yaşadək futbolçu kimi çıxış edənin yerini tuta bilərlər.

 

U-19 liqasında formatın dəyişməsiylə bağlı da müzakirə oldu. Bu təklifi AFFA irəli sürüb. Təklif belədi ki, 19 yaşadək futbolçuların çempionatında UEFA-nın qoyduğu standartlara uyğun yaş limiti tətbiq olunsun. Bildiyiniz kimi, bu il U-19-ların çempionatının qalibi “Qarabağ” olub və 1998-ci ildə doğulan futbolçularla təmsil edilib. Çempionlar Liqasına qatılacaq “Qarabağ”a şərt qoyulub ki, U-19-u 1999-cu il təvəllüdlü futbolçular təmsil etsin. Bu, böyük problem yaradır. Çünki bir il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər olacaq. Odu ki, çempionatda da UEFA-nın qoyduğu tələb yerinə yetirilməlidi. Klublar bir həftə ərzində AFFA-nın təklifiylə bağlı fikirlərini bildirəcəklər. Bu ayın sonuna qədər məsələylə bağlı qərar qəbul ediləcək.

Daha bir müzakirə ölkə xaricində doğulmuş və çıxış edən azərbaycanlı futbolçularla bağlı oldu. İstəyirik ki, Azərbaycanla bağlılığı olan insanlara ölkə çempionatında çıxış edərkən hansısa güzəştlər edilsin. Söhbət milli komandadan getmir. Azərbaycanla bağlılığı olan, lakin Rusiya, Ukrayna və ya Türkiyədə yaşayan futbolçular bizim klublara dəvət edilirsə, çempionatımızda çıxış etdikləri müddətdə legioner sayılmasınlar. Bu, bir təklifdi. Bu mövsüm olmasa da, növbəti çempionatda bunun tətbiq edilməsini istəyirik”. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti