Tahir Gözəl: "Transferlər olacaq, amma adlarını açıqlamayacam"

01:51 12 Avqust 2017

 

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində səfərdə "Neftçi"ni 3:1 hesabı ilə yendikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, türkiyəli funksioner əvvəlcə oyun barədə danışıb:
 

- Bu, çempionatda ilk oyunumuz idi. Görüşü qələbə ilə başa vurmağımız Çempionlar Liqasının pley-off mərhələsinin oyunları öncəsi "Qarabağ"ın motivasiyasına əlavə güc qatdı. "Neftçi" də çoxlu yeni oyunçu alıb, heyət baxımından gəncdi. İnanıram ki, onlar da zaman keçdikcə güclənəcəklər.
 

- Dani Kintananın yenidən zədələnməsi barədə nə deyə bilərsiz? 
- Məni ən çox üzən Daninin zədələnməsi oldu. Güman edirəm ki, çox ciddi deyil. Sabah xəstəxanaya aparacağıq. Orada MRT müayinəsindən sonra bilinəcək. Onun "Qarabağ"a qoşulması 1,5 ay çəkə bilər. Amma yenə optimist fikirdəyik. İnanırıq ki, pis xəbər çıxmayacaq.


- "Bu gün meydanda bir komanda var idi" fikri ilə razısız?
- Deməzdim. "Qarabağ" doğrudan da çox sabit, güclü komandadı. "Neftçi" çox oyunçu alıb, onlar tədricən bir-birilərinə alışacaqlar. Hesab edirəm ki, bu mövsüm sabit davam etsələr, oyundan-oyuna güclənəcəklər.


- "Kopenhagen"lə Bakıdakı oyunda qol buraxmadan qələbə qazanmağı hədəfləmisiz?
- Bəli, ümidimiz budu. Amma biz "Qarabağ"ın səfərdə də çox gözəl oynadığını görmüşük. Ona görə də bütün ümidimi Bakıya bağlamıram. Əvvəlcə Allaha, sonra komandama inanıram. "Kopenhagen"i burada çox çətin oyun gözləyir. 
 

- Səfər oyununda daha çox azarkeş gözləyirsiz?
- Əlbəttə. Çünki Avropada istənilən ölkəyə 50 avroya uçmaq olar. Bu, insanın iradəsindən asılıdı. "Köhnə qitə"dən yüz minlərlə türk saya bilərəm. Oyumuza çox rahat gəlmək olar. Mən onları dəvət edirəm. Sizdən də onları oyuna gəlməyə sövq etməyinizi xahiş edirəm. Çünki azarkeşlərin rolu çox böyükdü. Hamımız əl-ələ verək, səfirliyimizlə də birgə çalışaq ki, səfər matçımıza azarkeş toplayaq.

 

- "Qarabağ" ən azı qışadək avrokuboklarda oynayacaq. Komandanın qrup mərhələsi üçün bir-iki legioner transfer edəcəyinə dair söz-söhbətlər var...
- Doğrudu. Amma adlarını və mövqelərini açıqlamayacam. Hazırda danışıqlar gedir. Ümidvaram ki, bir neçə günə sürpriz edə biləcəyik. Amma bu, tezliklə alınmaya da bilər. Çünki "bazarlıq söhbəti" var. Düzdü, ulduz futbolçu deyil. Amma komandaya faydalı olacaq. "Qarabağ"ın transferlərinə bələdsiz. Onlar keyfiyyətdə oyunçularla danışıqlar aparırıq. Görək, necə alınacaq. Adını açıqlasaq, bu, transfer işimizi çətinləşdirə bilər.

 

- Kintananın zədələnməsi bu transferi sürətləndirə bilər?
- Xeyr, heç bir əlaqəsi yoxdu. Bu, bazarlıqdı. Çox böyük istəyimiz var ki, o, tezliklə bizə qoşulsun.
 

- Ən böyük rəqiblərinizdən birinin belə durumda olması rəqabətsizlik baxımından "Qarabağ"a problem yaratmır?
- "Neftçi"nin baş məşqçisi də çalışır ki, komandanı formalaşdırsın, inkişaf etdirsin. Mən yeni oyunçuların zamana ehtiyaclarının olduğunu düşünürəm. İnanıram ki, getdikcə daha gözəl oyunlarla qarşımıza çıxacaqlar. Mən də qarşımızda daha güclü "Neftçi"ni görmək istəyirəm və inanıram ki, bu, baş verəcək. 
 

- Ramil Quliyevin dünya çempionu olmasını necə dəyərləndirə bilərsiz?
- Əlbəttə, çox böyük, tarixi uğurdu. Türkiyəni, Azərbaycanı, Qarabağı dünyada tanıdan hər bir insana təşəkkür etməliyik. Arzum budu ki, təkcə idmançılar deyil, bütün sahələrdən adamlar çıxıb ölkəmizi tanıtsınlar. Türkiyə və Azərbaycan xalqını, Ramil Quliyevin özünü təbrik edirəm.


Xəbər xətti