“Neftçi” “ASAN xidmət”dən imtina etdi

15:08 12 Avqust 2017

“Neftçi” yeni titul sponsorunu müəyyənləşdirir. Komanda “Qarabağ”la dünənki oyuna adi geyimlərdə çıxsa da, tezliklə bütün suallara aydınlıq gələcək.
 
Sportarena.az Futbolinfo.az-a istinadən xəbər verir ki, bakılıların yeni mövsüm üçün geyim dəstləri artıq alınıb. Lakin onlar mövsümün açılış oyununa kimi tam hazır olmayıb. Ötən mövsüm boyu klubu aldadaraq yeni geyim dəstlərini gətirib çıxarmayan menecer Kamil Məmmədov, ölkəmizdəki nümayəndəsi olduğu “Kappa” məhsullarını artıq bakılılara çatdırıb.
 
Dünən “Neftçi” oyuna 80 illik yubiley matçında istifadə etdiyi oyun geyimlərində çıxmışdı. Amma klubun mövsüm ərzində istifadə edəcəyi formalar fərqli olacaq. Yeni dizaynlı geyimlər sifariş olunub və hazırlanaraq gətirilib. Onların komanda üzvlərinə paylanması isə xırda detallara görə yubanır və yəqin ki, “Səbail”lə növbəti turdakı oyuna kimi bütün problemlər həll olunacaq.
 
Yeni formalarla bağlı əsas problem üzərinə titul sponsorunun loqosunun vurulması ilə bağlıdı. Ötən mövsüm “ASAN xidmət”lə əməkdaşlıq edən “Neftçi” indi yenisiylə anlaşmaq istəyir. Amma problem ondadı ki, bu qurumla mövcud müqavilə oktyabrda başa çatacaq. Bakılılar 2 aya görə yeni formalara “ASAN xidmət”in loqosunu vurmaq istəmir və anlaşmanı pozaraq yeni tərəfdaşına qucaq açmaq niyyətindədi.
 
Elə bu sualların nəticəsidi ki, komanda hələ də 1937-ci ildə qalıb. Yeni geyim dəstləri, yeni titul sponsoru, yeni dizayn – bütün bu məsələlər növbəti tura kimi aydınlaşacaq. Dəqiq olan “ASAN xidmət”lə əməkdaşlığın bitməsidi.


Xəbər xətti