Rauf Əliyev rəsmən "Kukesi"də

11:05 15 Avqust 2017

 

"İnter"lə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin karyerasını ölkə xaricində davam etdirəcəyi dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, millimizin forvardı gözlənildiyi kimi, Albaniyanın "Kukesi" klubuna keçib. Bu barədə məlumatı Albaniya mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun artıq “Kukesi”ylə müqavilə imzaladığı bildirilir. Albaniya klubu Raufla yanaşı yarımmüdafiəçi Ardit Pepoşinin də təqdimat mərasimini təşkil edib.

 

Qeyd edək ki, 28 yaşlı futbolçunun "Kukesi"yə keçidi böyük səs-küyə səbəb olub. “İnter” rəhbərliyi Raufun klubla 2018-ci ilə qədər müqaviləsi olduğunu və bu transferin mümkün olmadığını bildirirdi. Rauf isə əksinə, paytaxt klubu ilə müqavilə müddətinin başa çatdığını iddia edirdi. Tərəflər hətta özlərinə sərf edən müqavilələrin surətini də bu gün ictimaiyyətə təqdim etdilər. Amma görünən odu ki, bu məsələdə daha çox haqlı olan tərəf futbolçudu. Hər halda Albaniya klubu doğrudan da Əliyevin "İnter"lə müqaviləsi olsaydı, onu heyətinə qatmaqla risk etməzdi.

 

“Kukesi” son Albaniya çempionudu. Kukesi şəhərinin təmsilçisi Çempionlar Liqasının cari mövsümündə 2-ci təsnifat mərhələsində “Şerif”ə (Moldova) uduzaraq, mübarizəni dayandırıb (2:1, 0:1).


Xəbər xətti