"İnter" Rauf Əliyevlə bağlı bəyanat yaydı

15:53 16 Avqust 2017

Bakı "İnter"i qalmaqallı şəkildə Albaniyanın "Kukesi" klubuna transfer olunan hücumçu Rauf Əliyevlə bağlı bəyanat yayıb.

 

Sportarena.az sizi həmin bəyanatla tanış edir:

 

"Azərbaycan Premyer Liqasının 2016/17 mövsümü başa çatandan sonra "İnter"in rəhbərliyi Avropa Liqasının oyunlarına hazırlıq öncəsi komandanın məşqçi heyəti və futbolçuları ilə görüş keçirdi.

 

Həmin görüş zamanı klub rəhbərliyi maliyyə çətinliyinə baxmayaraq, komanda üzvlərinə hərtərəfli dəstək veriləcəyini bildirdi və hər bir futbolçunun klub üçün dəyərli olduğunu vurğuladı. Bununla yanaşı, görüşdə futbolçuların diqqətinə çatdırıldı ki, “İnter”də qalıb-qalmamaqla bağlı seçimləri də var. Təlim-məşq toplanışına gələn futbolçular (Səlahət Ağayev istisna olmaqla), o cümlədən Rauf Əliyev klubdan ayrılmayacaqlarını bildirdilər.

 

Lakin yeni mövsümün başlanmasına 4 gün qalmış “İnter”in üzvü Rauf Əliyev klub rəhbərliyilə görüşərək komandadan ayrılmaq istədiyini bildirdi. Klub rəhbərliyi belə istəyin çempionatın başlanmasına ən azı 1 ay qalmış irəli sürülməsinin əhəmiyyətini R.Əliyevin diqqətini çatdırdı. Bununla yanaşı, UEFA-nın məlum transfer qadağasının olduğuna görə heyətin formalaşdırılmasında çətinliklərin olacağını və komandanın baş məşqçisi Zaur Svanadzenin onun xidmətində maraqlı olduğunu R.Əliyevə izah edildi. Klub rəhbərliyi R.Əliyevlə görüşdə xüsusi olaraq vurğuladı ki, "İnter"dən getmək istəyini Avropa Liqasına hazırlığa başlamamışdan əvvəl bildirməli idi, çünki belə olacağı təqdirdə, onun yerinə əvəzedici heyətdən oyunçu cəlb edilə və həmin oyunçunu Avropa Liqası, eyni zamanda, Topaz Premyer Liqasında yeni mövsümün oyunlarına hazırlamaq mümkün ola bilərdi. Buna görə də, klub rəhbərliyi R.Əliyevin komandadan ayrılmaq istəyinin futbol qaydalarına uyğun həll edilməsində maraqlı olduğunu bir daha futbolçunun diqqətinə çatdırdı.

 

Bununla belə, klub rəhbərliyilə danışıqlardan sonra R.Əliyev AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşərək, Azərbaycandan kənarda oynamaq arzusunda olduğunu bildirdi. Azərbaycan milli komandasına cəlb olunan futbolçuların xarici klublarda oynamasını dəstəkləyən AFFA-nın baş katibi Elxan Məmmədov R.Əliyevlə bağlı "İnter"ə müraciət edərək, azərbaycanlı futbolçuların xaricdə oynamalarına dəstək verilməsini və bütün bunların hüquqi müstəvidə həll olunmasını tövsiyə etdi. Ancaq həmin görüşdən sonra R.Əliyev məşqlərə qatılmayaraq və klub rəhbərliyinə məlumat verməyərək Albaniyaya getdi. "İnter" rəhbərliyi Azərbaycan milli komandasının hər bir üzvünün inkişafına təsir göstərəcək istənilən addımları dəstəkləyir və bundan sonra da dəstəyini əsirgəməyəcək. Lakin R.Əliyev “İnter”dən ayrılmasına görə kluba hər hansı bir təzminat ödəməkdən imtina edərək, məsələni Kütləvi İnformasiya Vasitələri üzərindən həll etməyə çalışır ki, bu da xoşagələn hal deyil. "İnter" rəhbərliyi bir daha bəyan edir ki, klub azərbaycanlı futbolçuların xarici komandalarda oynamalarını dəstəkləyir, ancaq istənilən halda bu məsələ sivil qaydalara uyğun olmalıdı. Ümid edirik ki, R.Əliyev də bu qaydalara uyğun addım atacaq".


Xəbər xətti