“Kopenhagen” üzərində zəfərlə gələn ilk və rekordlar

18:54 16 Avqust 2017

 

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Danimarka “Kopenhagen”i üzərindəki qələbəsi (1:0) bir sıra ilklər və rekordlarla əlamətdar oldu.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Mahir Mədətov bu oyunda avrokuboklarda ilk qolunu vurdu. “Kopenhagen”lə görüşdə hesabı açan futbolçu indiyədək qitə miqyaslı turnirlərdə fərqlənməmişdi. Mədətov üçün bu oyun 11-ci avrokubok matçıdı. İlk qolunu 11-ci oyununda vuran Mahir Azərbaycan klublarının heyətində avrokuboklarda qol vuran 128-ci oyunçu olub.

 

"Kopenhagen" üzərindəki qələbə sayəsində "Qarabağ"ın ÇL-dəki məğlubiyyətsiz oyunlar seriyası da 10-a çatıb. Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində 10 oyundu uduzmur. Ağdamlılar sonuncu dəfə 749 gün əvvəl məğlubiyyət acısı yaşayıb. Təmsilçimiz Şotlandiyada “Seltik”ə yenilib. 2015-ci il iyulun 29-dakı görüşdən sonra “Qarabağ” ÇL-də uduzmayıb.

 

2015/16 mövsümündə 1, ötən il 4, cari turnirdə isə 5 dəfə meydana çıxan çempionumuz azarkeşlərinə üzüntü yaşatmayıb. Bu, Azərbaycan klublarının Çempionlar Liqasında mütləq rekordudu. Əyalət klubu bu 2 ildən artıq müddətdə 5 qələbə qazanıb, 5 heç-heçə edib. Rəqib qapılarına 13 top vuran təmsilçimiz 3-nü buraxıb.

 

“Kopenhagen” üzərində 1:0 hesablı qələbə yubiley xarakterli olub. Bu, Azərbaycan klublarının cari mövsümdə əldə etdiyi 10-cu qalibiyyətdi. Bu matçadək 16 oyun keçirən komandalarımız 9 dəfə sevinmişdi. 17-ci matçda 10-a çatan təmsilçilərimiz keçirdikləri qarşılaşmaların 58,8 faizində qalib olub. Bu qələbələrdə ən çox payı olan “Qarabağ”dı. Ağdamlılar 4 dəfə qələbə əldə edib. “İnter”in 3, “Zirə”nin 2, “Qəbələ”nin 1 qələbəsi var.

 
“Qarabağ”la “Kopenhagen” arasındakı qarşılaşmanı 31 min 250 tamaşaçı izləyib. Bu, cari mövsüm Azərbaycan klublarının avrokubok oyunları üçün rekord göstəricidi. Əvvəlki 3 təsnifat mərhələsinin 16 qarşılaşmasında təmsilçilərimiz belə auditoriya görməmişdi. Bunadək də rekord “Qarabağ”a məxsus idi. Ağdam təmsilçisinin 3-cü təsnifat mərhələsinin “Şerif”lə (Moldova) ev görüşündə 26 min tamaşaçı qeydə alınmışdı. (Apasport)


Digər xəbərlər

Xəbər xətti