Mahir Mədətovun prodüsser atası: "Fəxr edirəm ki, onun kimi oğlum var" - MÜSAHİBƏ

15:16 17 Avqust 2017

Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" klubu avqustun 15-də doğma meydanda Danimakanın “Kopenhagen” komandasını məğlub edib. Oyunun 25-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandıran Mahir Mədətov günün qəhrəmanına çevrilib.

 

Sportarena.az xəbər verir ki, Mahir Mədətovun atası, tanınmış prodüsser Anar Mədətov oyunla bağlı təəssüratlarını bölüşüb.



- Anar bəy, Mahir dünən Azərbaycan xalqına böyük sevinc yaşatdı. Bu gün hamı Mahirdən danışır, onunla bağlı statuslar yazılır. Bununla bağlı fikirlərinizi bilmək istərdik. 
- Bəli, Mahir bizi də çox sevindirdi. Dünənki (müsahibə dünən alınıb - red.) oyuna görə "Qarabağ" komandasına təşəkkürümü bildirirəm. Mahirin üzərində Qurban Qurbanovun, bundan əvvəl əməkdaşlıq etdiyi "Bakı" klubununun böyük zəhməti var. İnanıram ki, “Qarabağ” Kopenhagendə də layiqli oyun nümayiş etdirəcək. 

- Oyun zamanı hansı hisləri keçirdiniz? Mahirin qol vuracağını gözləyirdinizmi?
- Fəxr edirəm ki, mənim Mahir kimi oğlum var. O, qol vuranda stadionda idim, gözlərim yaşardı. Bir daha fəxr etdim ki, bunu Mahir edə bildi. Oyun qurtarana qədər 2 qutu siqaret çəkdim. Çox həyəcanlı idim. Oyun başlayanda bütün qohumlarım, dostlarım "Anar, çox siqaret çəkmə, hər şey yaxşı olacaq" deyirdilər. Mahir meydanda olanda dəhşətli dərəcədə gərgin, həyəcan içində oluram. İslam Oyunlarında 2 qol vuranadək mən siqaret qutusunun yarısını çəkib qurtarmışdım. Oyundan əvvəl ona bir söz dedim: “Uğurlar! Bu, “Qarabağ” üçün bir şansdır, Azərbaycan xalqını sevindirməkdir”. Dedi: “Ata, hər şey yaxşı olacaq”. 

- “Qarabağ”ın qələbə qazanacağına inanırdınız?
- Əlbəttə, ümidimiz vardı. Futboldan başı çıxan dostlarımız var. Onlar oyunu əvvəlcədən müsbət qiymətləndirmişdilər. Müğənni Ədalət Şükürov müsahibə vermişdi ki, “Qarabağ” qalib gələcək, qolu da Mahir Mədətov vuracaq. Görünür, Allah yaxşılıqlarımızın nəsibini verir. 

- Oyundan öncə Mahir də sizin kimi həyəcanlı idi?
- Təbii, hər kəsin həyəcanı var idi. 

- Qələbəni necə qeyd etdiniz?
- Mahir dünən axşam evə gəldi. Onunla fəxr etdiyimi dedim. Gecə ailəmiz çay süfrəsinə yığışdı, Mahirin anası, nənələri onu təbrik etdilər. Uşaqlığını, məhəllədə necə futbol oynadığını xatırladıq. Bu gün isə saat 11-də Qurban Qurbanov onu yenidən məşqə çağırdı.

- Adətən məşhur futbolçuların xanım fanatları çox olur. Bəs Mahirin necə? 
- Onun ən böyük xanım fanatı anasıdır. Xəstələnməsinə baxmayaraq, oyunu mütləq izləyəcəyini dedi. Mahirin fanatları bir də nənələridir. Onun futbolçu olmasında nənələrinin çox böyük zəhməti var. Zaqatalaya gedəndə ana nənəsi, Bakıya gələndə isə mənim anam Mahiri futbola aparırdı. Nənələr bizdən xəbərsiz Mahiri futbola yazdırmışdı. 
 

- Dəfələrlə müşahidə etmişik ki, futbolçular populyar olandan sonra qanunlara tabe olmağa meyilli olmurlar. Kobud desək, bəzən özlərinə güvənib, hədlərini aşırlar...
- Mahir Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunlara riayət edən ailənin övladıdır. Biz hər zaman Mahirə nəzarət edirik və dua edirik ki, Allah bizə belə oğul nəsib edib. Mən öz balalarımla fəxr edirəm. (Azvision.az)


Digər xəbərlər

Xəbər xətti