Qurban Qurbanov: "Bu cür şeylərin həddi var"

23:50 19 Avqust 2017

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə “İnter”ə minimal hesabla qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bizim üçün vacib oyun idi. Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odu. 3 xal əldə etdik. “İnter”ə gələn oyunlarda uğurlar arzulayıram.

 

- Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiz?
- Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərlərini isə oyunun gedişinə uyğun olaraq etdim.

 

- Sizcə, bu oyun daha çətin idi, yoxsa “Kopenhagen”lə?
- Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Amma daha yaxşı ola bilərdi.

 

- Yakub Jezniçakın ilk “23”-lükdə olmamasının səbəbi nə idi?
- Ansi Aqolli ilə Jezniçaka tam istirahət vermişdim.

 

- Komanda oyunun gedişində üçlü müdafiəyə keçdi...
- Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə 3 müdafiəçi qalır.

 

- Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?
- Qapıçıların təcrübə toplaması əsasdı. Çalışacağam ki, ikisinə də şans verim.

 

- Düşünmürsüz ki, Əfran bugünkü qolla özünə gəldi?
- Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Bizdə bu dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. Ola bilər, bundan iki-üç ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalıdı deyə burdadı. Mən sosial şəbəkələrə girmirəm. Yəqin bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfan komandaya faydalı oyunçudu. Ötən mövsümdə bizim üçün bir neçə faydalı qol vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.

 

- Mahir Mədətov son vaxtlar formadadı. Onun mətbuatın gündəmində olması sizi narahat ertmir ki?
- Fikirləşin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədi ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə oyunda qol vurduqdan sonra əvvəlki oyunun 50 faizini oynamadı. Buna görə, gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Bu cür şeylərin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.

 

- Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?
- Elə olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağa etmişəm. Ancaq buna nəzarət etmək çox çətindi. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.

 

- “Kopenhagen”in stadionundakı atmosfer sizi qorxutmur ki?
- Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil belə stadionda oynayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələylə bağlı futbolçularla danışacam.

 

- İlk dəfədi ki, Azərbaycan klubu ÇL-in bir addımlığındadı. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
- Psixoloji amil əsasdı. Bu yolda daim çalışırıq. “Kopenhagen”lə oyun üçün bir az daha artıq çalışacağıq.


Digər xəbərlər

Xəbər xətti