Abdullayevin gedişi, Xəlilzadənin dublu, Mircavadovun şərhi - LAYİHƏ

02:06 24 Avqust 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 
Layihə çərçivəsində 6-cı yazımızda futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turu barədə məlumat  verəcəyik. Eyni zamanda, turun önəmli hadisələrini, diqqət çəkən məqamlarını müzakirə edəcəyik.

 

 

"Neftçi"nin "qara günləri", "Səbail"in siftəsi

 

Öncə başlayaq Premyer Liqanın ikinci turunun oyunlarından. Tura avqustun 19-da  "Dalğa Arena"da keçirilən "Səbail" - "Neftçi" matçı ilə start verildi. Görüş bir o qədər də maraqlı alınmadı. Ev sahibləri qol vurmaq üçün dəfələrlə irəli atılsalar da, hücumlarını məntiqi sonluqla tamamlaya bilmirdilər. "Ağ-qaralar"ın hücumları isə kəsərli alınmırdı. Komandada istəksizlik, qələbə əzminin olmaması hiss olunurdu. Bununla belə, matçda azarkeşlər bir qol izləyə bildilər. Oyunun 90-cı dəqiqəsində Elman Taqayev baxımlı qolla "Səbail"ə tarixi qələbə qazandırdı. Belə ki, bu debütantın Premyer Liqadakı ilk qələbəsi kimi tarixə düşdü. Bu qoldan dərhal sonra "Neftçi" azarkeşlərinin istefa şüarları bütün arenanı bürüdü. Onların istəyi isə oyundan 2 gün sonra reallaşdı. Baş məşqçi Elxan Abdullayev klub rəhbərliyinə istefa ərizəsini təqdim etdi və onun ərizəsi qəbul edildi. "Neftçi"ni kimin çalışdıracağı məlum olmasa da, komandadakı problemlərin necə həll ediləcəyi futbol ictimaiyyətinin maraqlandıran məsələdi. Artıq uzun müddətdi ki, paytaxt klubunun ətrafında qeyri-müəyyənlik hökm sürür. Mövcud vəziyyət isə nə klubun adına, nə də tarixinə yaraşmır. Klub rəhbərliyi baş verənləri sanki səssizcə kənardan izləməklə məşğuldular. Üfüqdə isə "Neftçi" üçün hələ ki işıq görünmür. "Komandanı bu vəziyyətdən kim xilas edəcək" sualına cavab tapmaq elə də asan deyil. Baş məşqçi dəyişikliyinin "Neftçi"yə xeyir verib-verməyəcəyini zaman göstərəcək.

 

19 avqust
Səbail - Neftçi 1:0
Qol:
Elman Tağayev, 90.
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov 
Bakı. “Dalğa Arena”, 200 tamaşaçı.

 

Səbail: 1. Emil Balayev 25. Eqdaras Zarskis 99. Maudo Jarjue 20. Elton Yaqublu (k) 23. Ayron Stati 3. Tamazi Tsetsxladze 8. Aqşin Muxtaroğlu 11. Elman Taqayev 17. Vüqar Nadirov 66. Pərviz Qaraxanov 10. Nurlan Novruzov
 
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov 13. Murad Musayev 9. Raul Yaqubzadə 7. Emin Mehdiyev 2. Sahil Mirzəyev 77. Təyyar Məmmədov 26. Kamal Qurbanov 5. Seymur Əsədov 98. Kamran Əliyev 4. Amit Quluzadə 69. Renan Telles

Baş məşqçi: Samir Əliyev

 
Neftçi: 1. Səlahət Ağayev 3. Mateo Mujek 6. Pavel Dreksa 15. Ruslan Abışov (k) 10. Derlis Meza Kolli 11. İqnasio Herrera 12. Daniel Seqovia 17. Rəhman Hacıyev 21. Məhəmməd Mirzəbəyov 25. Kiril Petrov 97. Elnur Cəfərov
 
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 53. Maksim Vaylo 5. Anton Krivotsyuk 4. Rahil Məmmədov 7. Namiq Ələsgərov 9. Uqo Barqas 19. Fəhmin Muradbəyli 22. Mirabdulla Abbasov 23. Tərzin Cahangirov 26. Ömər Buludov 27. Məqsəd İsayev 51. Elçin Əsədov

Baş məşqçi: Elxan Abdullayev
 

 

Günü-gündən güclənən "Qarabağ"

 

Turun digər görüşündə "Qarabağ" "İnter"i qəbul etdi. Bu günlərdə nəinki Azərbaycanın, hətta Avropanın futbol gündəmində olan Ağdam klubu bu görüşə tamam fərqli heyətlə çıxmışdı. Baş məşqçi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən "Kopenhagen"lə matçda (1:0) iştirak edən bəzi futbolçulara cavab oyunu öncəsi istirahət vermişdi. Bu da başa düşülən idi. Danimarka klubu ilə görüşdə qələbə müqabilində komandamız böyük fiziki güc itirmişdi. Rəqibinə Bakıda göz açmağa imkan verməyən futbolçuların eyni oyunu səfərdə sərgiləməsi üçün müəyyən qədər istirahətə ehtiyacları var idi. Bununla belə, komandanın digər üzvləri də heç də zəif olmadıqlarını sübut etdilər. Xüsusilə meydana çıxan gənc futbolçular "Qarabağ" üçün əsas və ikinci heyət anlayışının olmadığını göstərərək "İnter" üzərində 1:0 hesabı ilə qələbə qazandılar. "Atlılar"ın yeganə qoluna son zamanlar ciddi tənqidlərə məruz qalan Əfran İsmayılov imza atdı. Qurban Qurbanovu isə futbol tariximizin ən güclü komandasını qurduğuna görə təbrik etməmək mümkün deyil. "İnter"lə oyun "Qarabağ"ın qarşıdakı illərdə daha da güclənəcəyindən xəbər verdi.

 

Qarabağ - İnter 1:0
Qol: Əfran İsmayılov, 89.
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “Azersun Arena”, 1600 tamaşaçı.

 

Qarabağ: 1. Anton Konibalotski, 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 88. Elşən Abdullayev, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 8. Markos Madera, 11. Mahir Mədətov, 17. Donald Qerye, 20. Riçard Almeyda, 23. Elgün Uluxanov, 39. Zaur Fərzəliyev, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov 
 
İnter: 1. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 22. İlkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 20. Aqşin Quluzadə, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad 

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 66. Murad Qayalı, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov

Baş məşqçi: Zaur Svanadze.

 

 

"Bostanlıq"da itməyən Təmkin

 

Avqustun 20-də isə daha iki görüş baş tutdu. Gəncənin "Kəpəz"i "Zirə"ni Yevlaxda qəbul etdi. Özü də necə meydançada. Uzun illərdi futbola həsrət qalan Yevlax şəhər stadionun bu anı yaşaması nə qədər gözəl idisə, futbolçuların matça hazır olmayan meydançada oynamağı bir o qədər də çətin idi. "Bostanlığı xatırladan meydançada sərgilənən futbola nə ad vermək olar" sualı məni düşündürdü. Çünki futbolçular topla rəftar etməkdə çətinlik çəkdiklərindən daha çox uzun ötürmələrə üstünlük verirdilər. Meydanın elə hissələri vardı ki, topun hərəkəti mümkünsüz idi. Bu səbəbdən maraqlı oyunun şahidi olmadıq. Amma gözlənilənlərin əksinə "Kəpəz" adəti üzrə pis vəziyyətdə olan meydançadan xalla ayrıla bilmədi. Bakılılar nəinki "Kəpəz"ə, hətta meydançaya da  qalib gəlməyə müvəffəq oldular. 3:0 hesablı qələbə onları liderlik kürsüsünə əyləşdirdi. Matçın ən yaxşı oyunçusu isə Təmkin Xəlilzadə oldu. Dubl etməklə diqqətləri özünə cəlb edən sol cinah müdafiəçisi milli komandanın baş məşqçisi Robert Prosineçkinin də San Marino və Norveç ilə oyunlar üçün bu gün açıqladığı siyahıda yer aldı. Onun sərgilədiyi futbol gələcəyə ümidlər vəd edir. Millimizin və futbolumuzun yaralı iki mövqeyindən birində çıxış edən Təmkin belə davam edərsə, yığmamızın əvəzedilməz simalarından birinə çevriləcək.

 

20 avqust
Kəpəz - Zirə 0:3
Qol:
Nicat Qurbanov, 21. Təmkin Xəlilzadə, 49; 87.

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Yevlax. Şəhər stadionu, 2000 tamaşaçı.

 

Kəpəz: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 15. Azad Kərimov, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 20. Samba Dialo, 9. İlkin Sadıqov, 8. Viktor Oseqeyl

 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 3. Dedimar Fereyra, 6. Ceyhun Cavadov, 2. Yusif Cəfərov, 10. Tural Rzayev, 17. Əli Səmədov, 19. Aydın Qasımov

Baş məşqçi: Şahin Diniyev
 
Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 7. Kerven Belfor, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev, 74. Yusif Nəbiyev, 99. Nicat Qurbanov

 

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 9. David Manqa, 10. Orxan Əliyev, 13. Aleksandr Şemonayev, 17.  Vüsal İsgəndərli, 20. Camal Camalov, 38. İlkin Muradov, 43. Riçard Qadze

Baş məşqçi: Ayxan Abbasov

 

 

Küskün "Qəbələ"

 

Turun son matçı isə Qəbələdə keçirildi. Çempionluğa iddialı olan "Qəbələ" mövsümə "Kəpəz" üzərində qələbə ilə yaxşı başlanğıc edən "Sumqayıt"ı qəbul etdi. "Qırmızı-qaralar" bu görüşdə 1:0 hesablı qələbəyə sevinsə də, komanda əvvəlki günlərini xatırlatmır. Baş məşqçi Roman Qriqorçuk da bu məsələnin fərqində olsa da, vəziyyətin düzələcəyinə ümid edir. "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"a uduzması, görünür futbolçulara pis təsir edib və onlar hələ də özlərinə gələ bilməyiblər. Qrup mərhələsində iştirak etməyi hədəfləyən klub üçün mübarizəni erkən dayandırmaq elə də asan olmadı. Bununla belə, komandanın növbəti turda Avroliqa dərdini başlarından ata biləcək oyunları var. "Qırmızı-qaralar" ötən mövsüm çempionluq və kubok yarışında məğlub olduqları "Qarabağ"la üz-üzə gələcəklər.

 

Digər diqqət çəkən məqam İlqar Qurbanovla bağlı oldu. Bu mövsüm "Qəbələ"yə transfer edilən universal futbolçu mövsüm ərzində çıxdğı bütün oyunlarda nəyləsə yadda qalıb. Gah qol vuran, gah məhsuldar ötür edən, gah da rəqibə penalti qazandıran İlqar bu dəfə "Sumqayıt"la matçın 12-ci dəqiqəsində zədələnməsi ilə yadda qaldı. Onun təqribən, 1 aylıq sıradan çıxdığı söylənilir.

 

Qəbələ - Sumqayıt 1:0
Qol:
Tellur Mütəllimov, 40.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ. Şəhər stadionu, 2500 tamaşaçı. 

 

Qəbələ: 22. Dmitri Bezatosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Jozef-Monroz, 34. Urfan Abbasov (k)

 

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 21. Deyv Bultuis, 88. Tellur Mütəllimov, 89. Abbas Ağazadə, 70. Ülvi İsgəndərov

Baş məşqçi: Roman Qriqorçuk
 
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

 

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 5. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı

Baş məşqçi: Samir Abasov


"Qurban Qurbanovu misal göstərmək olar"

 

İndi isə keçək yazımızın ikinci hissəsinə. İkinci hissədə ölkə futbolunun gündəmini futbolumuz tanınmış və təcrübəli mütəxəsislərindən biri olan, eyni zamanda, AFFA yanında Məşqçilər Komitəsinin üzvü olan Ağasəlim Mircavadovla müzakirə etdik.

 

- Ağasəlim bəy, öncə "Neftçi"dən başlayaq. Flaqman mövsümə uğursuz başladı və nəticədə baş məşqçi Elxan Abdullayev istefa verdi...
- Onun ikinci turda istefa verməsi gözlənilməz oldu. Ümumi götürsək, Abdullayevin ötən mövsümdən istefa verəcəyi gözlənilirdi. Sadəcə yeni mövsümün əvvəlində bu qərarı verəcəyi heç kimin ağlına gəlməzdi. Bu onun şəxsi qərarıdı. Biz qarışa bilmərik. Deməli, belə məsləhət görüb.

 

- Rəhbərliyin onun istefa ərizəsini etiraz etmədən qəbul etməsi sizə elə gəlmir ki, ondan narazı olduqlarını göstərir.
- Bəli, elə görsənir.

 

- "Neftçi" baş məşqçi axtarışındadı və maliyyə problemləri olduğu üçün yerli mütəxəssis seçəcək. Futbol ictimaiyyətinin namizədləri arasında sizin də adınız var. Təklif gəlsə, qəbul edərsiz?
- Öncə, siz media nümayəndələrinə və futbol ictimaiyyətinə təşəkkürümü bildirirəm ki, məni yaddan çıxartmırsız, işimi qiymətləndirərək bu posta namizəd görərsiz. Belə təklif olarsa, biz həmişə işləməyə hazır olan mütəxəssislərdənik. Bizim klub sponsorlarımızın adətidi ki, pul olanda əcnəbi, pul olmayanda yerli məşqçi çağırsınlar. Mən düşünürəm ki, pul olanda da yerli məşqçiyə şans vermək lazımdı. "Qarabağ"da Qurban Qurbanovu misal göstərmək olar. Klub rəhbərliyi ona necə dəstək olur. Yerli məşqçilər həmişə öz klublarımız üçün yanırlar, işləməyə çalışırlar. Hətta pul olmasa belə. Dəfələrlə bu halların şahidi olmuşuq. Yerli məşqçi həm futbolçular, həm də klub üçün əlindən gələni edir. Ən əsası ölkə futbolunun inkişafı üçün əlindən gələni edir.

 

 

- "Neftçi"ni və ölkə futbolunu yaxşı tanıyırsız. Çempionat oyunlarını da daima izləyirsiz. Yəqin ki, bu klubdakı problemlərin nədən ibarət olduğunu görürsüz...
- "Neftçi"nin heyətində 5 futbolçu var ki, kapitan Ruslan Abışov, qapıçı Səlahət Ağayev, müdafiəçi Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Namiq Ələsgərov və Rəhman Hacıyev komandada liderlik etməlidilər. Komandanın yükünü çiyinlərinə almalıdılar. Başqa yerli futbolçular da var ki, milliyə namizəddilər, aşağı yaş qrupları üzrə yığmalara cəlb olunurlar. Onların gücünə şübhə etmirik. Sadəcə adları çəkilən futbolçular indiki vəziyyətdə lider olmalıdı, komandanı arxalarıyca daşımalıdılar. Yaxşı legionerlər də var. Bizə yaxşı tanış olan Denis Meza Kolli, mərkəzdə oyun qurucusu kimi çıxış edən İqnasio Errera və digər legionerlər də zəif deyillər. Bu cür yaxşı heyətə sahib olan "Neftçi"yə komanda oyununu aşılamağ lazımdı. Futbolçular bir-birilərini tamamlamalıdır. "Neftçi" ilk iki oyunda çox zəif çıxış etdi. Futbolçular öz oyunlarını oynamadılar. Bunların səbəbi var. Səbəbi müəyyənləşdirmək üçün klubun içində olmaq lazımdı. Ancaq onu da deyim ki, iki məğlubiyyət hələ heç nə demək deyil. Vəziyyət dəyişərsə, "Neftçi"nin hədəfləri uğrunda şansları davam edəcək.

 

- Ötən turun ən diqqət çəkən oyunçusu "Zirə"də çıxış edən Təmkin Xəlilzadə oldu. Onun futbolumuzun yaralı mövqelərindən birində - müdafiənin sol cinahında çıxış etməsi bizi sevindirir. Milli komandaya da namizəd göstərilir. Bəs onun potensialı nə vəd edir?
- Mən "Kəpəz" - "Zirə" matçını izlədim və Təmkin qolları ilə yanaşı oyununu gördüm. Potensiallı gənc futbolçudur. Belə davam edərsə, öz üzərində çalışarsa, milli komandaya da cəlb ediləcək. Hər futbolçu yaxşı oynayan kimi çıxıb deməməlidi ki, mən yığmada oynamalıyam. Hərənin öz vaxtı var. Baş məşqçi Robert Prosineçki də, Məşqçilər Komitəsi olaraq biz də hər şeyi görürük, kimin nəyə qadir olduğunu bilirik. Səbr edib, öz üzərində çalışmayan futbolçu milliyə düşmək barədə düşünməsin. Təmkinin öz vaxtı var. Prosineçki onu hazır saydığı vaxt yığmaya çağıracaq (red - müsahibə dünən axşam saatlarında alınıb. Bu gün isə Təmkin Xəlilzadənin adı Robert Prosineçki tərəfindən millinin DÇ-2018-in seçmə mərəhələ oyunları üçün heyətinə daxil edilib). Biz də lazım gələndə, Prosineçki ilə görüşüb, fikirlərimizi, təkliflərimizi bildiririk. Amma yekun qərarı baş məşqçi olaraq o verir.

 

- Son sual isə "Qarabağ"la bağlıdı. Ağdam klubu artıq demək olar ki, iki heyətlə çıxış edir. Biri avrokuboklarda, digəri çempionatda. Və hər ikisi qələbələri sıralıyır. Bu nə deməkdir? "Qarabağ"ın hər iki heyəti güclüdür, yoxsa çempionat zəifləyib?
- "Qarabağ" illərin komandasıdı. Qurban Qurbanov əziyyətlə bu komandanı qurub. Bu gün nəticədə bütün yarışlarda uğur çıxış edən komanda qurub. "Qarabağ" 11 yox, 25 nəfərdən ibarət komandadı. Burada çıxış edən futbolçuların heç biri zəif deyil. Hərəsinin özünə görə gücü, təcrübəsi var. "Qarabağ"ın yaxşı gənc futbolçularıda var. Bütün bunlar onların gücünü göstərir. Amma çempionat da əvvəlki qədər güclü deyil. Komandaların sayı azalıb, rəqabətin səviyyəsi aşağı düşüb. Əvvəlki çempionatlardan əsər əlamət qalmayıb. Bu da "Qarabağ"ın, avrokuboklarda uğurlu çıxış edən "Qəbələ"nin də inkişafına mane olur. Güclü çempionat yaxşı inkişaf deməkdir. Bu il avrokuboklardakı klublarımız yaxşı çıxış etdilər. Çox istərdim ki, "Qəbələ" də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansınlar. Onlar buna layiq idilər. İkinci təsnifat mərhələsində əla çıxış etdilər. Üçüncü mərhələdə də yaxşı mübarizə aparsalar da, "Panantinaiko" güclü rəqib idi. "Qarabağ" isə Danimarkada tarixi matça hazırlaşırlar. Fürsətdən istifadə edib, onlara uğurlar arzulayıram. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansalar, bizim üçün yaxşı olar.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti