Şahin Diniyev: “Kəpəz”dən heç yerə gedən deyiləm"

23:29 25 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Neftçi” ilə heç-heçə edən (0:0) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Diniyev əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 

- Gərgin oyun idi. Yeni komandayıq. Hamısı cavan uşaqlardı, birinci dəstədən gələn futbolçular var. Səbr etmək, bir az gözləmək lazımdı. Komanda meydanın hər qarışı uğrunda vuruşdu. “Neftçi”nin üstünlüyü var idi, bunun boynumuza almalıyıq. Amma komanda vuruşduğu üçün 1 xalı qazandı. “Neftçi” bu gün ən yaxşı oyunlarından birini keçirdi. İstəyirik ki, gənc futbolçuları qazanaq.

 

- İlyas Səfərzadə və Kamran Abdullazadə bu dəfə ehtiyatda qalmışdılar...
- Rəqibi analiz etmişdik. Onlar hücumda çox güclüdülər. Buna görə də, dağıdıcı futbolçulardan istifadə etməli idik. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Məşqdə kim daha yaxşı görünürsə, onlardan istifadə etməyə çalışırıq.

 

- İstədiyinizi aldınızmı?
- Gördük ki, komandamızda potensial var. Getdikcə daha da “artırıb”, üstünə qoymalıyıq. Bu gün 1 xal bizim üçün çox vacib idi. Komandanın özünə gəlməsi mənasında bu, böyük önəm kəsb edirdi. Futbolçularımın meydandakı mübarizəsindən razı qaldım.

 

- “Neftçi”yə gəlməsi ehtimal olunan məşqçilərin sırasında sizin də adınız çəkilir. Bu “Neftçi”ni qəbul etmək istərdinizmi?
- “Neftçi”nin öz siyasəti var. Komandanın çox yaxşı futbolçuları var. “Neftçi” ilk 2 oyunu belə keçirsəydi, xallar qazanardı. Mən isə “Kəpəz”dən heç yerə gedən deyiləm. Azarkeşlər, rəhbərlik qarşısında öhdəliyim var. Bu futbolçuları mən yığmışam.

 

- “Kəpəz” çempionatda neçənci yerlər uğrunda mübarizə apara bilər?
- Belə artıraraq davam etsək, istədiyimiz yerdə ola bilərik. Üç oyuna əsasən, bu suala konkret cavab vermək olmaz. Əsas odu ki, stabil oyunumuzu “tutaq”.


Xəbər xətti