Nizami Hacıyev: “Yaxşı oğlanın artıq çəkisi olar”

11:37 26 Avqust 2017

“İnter” Premyer Liqanın üçüncü turunda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin kapitanı və matçda yeganə qolun müəllifi olan Nizami Hacıyev jurnalistlərə müsahibə verib.
 
- Oyunumuz ürəkaçan olmadı. Baxmayaraq ki, 3 xal qazandıq. “Səbail” mübariz komandadır. Matçdan sonra rəqibin məşqçilərini də təbrik etdim. Xoşbəxtlikdən qələbə bizim oldu və ilk qalibiyyətimizi əldə etdik. Bu qələbə bizə çox lazım idi.
 
- Oyundan sonra “Səbail”in litvalı müdafiəçisi Eqdaras Zarskis ilə dialoqun baş tutdu…

- Komandamızın sabiq futbolçusu Robertas Poşkus Edqarasın dostudur. Bizə salam göndərib. Onu mənə çatdırdı.
 
- Milliyə dəvət almadın. Robert Prosineçkiyə sözün nədir?

- Prosineçkiyə uğurlar arzu edirəm. Komandamızdan isə ancaq qələbə gözləyirik. “Qarabağ” bizi Avropada layiqli təmsil edir. Bu uğuru Prosineçkinin komandasından da gözləyirəm.
 
- Komandandada vəziyyət necədir, irəliləyiş var?

- Klubda vəziyyət stabilləşir. Artıq hər şey yaxşıya doğru gedir. Rəhbərlik bizim yanımızdadır. Düzdür, çatışmayan cəhətlərimiz də var. Amma aradan qaldırırlır. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Heyətdəki problemlərə baxmayaraq, dekabra qədər layiqli mübarizə aparacağıq.
 
- Dekabra qədər “İnter” dözə biləcək?

- Əlbəttə, dözəcək. Biz üç ildir pulsuz oynayırıq (gülür). O qədər şeyə rastlaşıb dözmüşük... Düşünürəm ki, 15 nəfərlə ilin sonuna kimi mübarizə apara bilərik.
 
- Rauf Əliyevin “Kukesi”yə keçidi ilə bağlı onunla danışdın?

- Raufa uğurlar arzulamışam. Bir tərəfdən üzücü oldu. O, komandamızın aparıcı simalarından biri idi. Çempionatın bombaridiri olub. Yaxın dostumuz və dəyərli insandır. Bizi tərk etsə də, qəlbimizdə yeri var. Azərbaycanı layiqli şəkildə təmsil etməlidir və edəcək də.
 
- Bəzi oyunçular məcburiyyətdən oynadılır. Düşünmürsən ki, qış fasiləsində “İnter”də heyətdə köklü dəyişikliklər olacaq?

- Əlbəttə, bu, futbolun qanunudur. Kim özünü yaxşı tərəfdən göstərməsə, həmçinin, mən də daxil olmaqla komandadan göndəriləcək. Kim rəhbərliyin, məşqçinin etimadını doğrultsa, komandada qalacaq. Qışda isə nəticə qazanmaq üçün yaxşı transferlər gözlənilir.
 
- Fiziki durumun necədir?

- 15 gün idi ki, məşq etmirdim. İlk iki turu bu səbəbdən buraxdım. Artıq çəkim də var. Yaxşı oğlanın artıq çəkisi olar (gülür).  Hər şey yaxşıdır.
 
- Köhnə formalarla oynamaqdan bezmirsiniz?

- Rəhbərimiz Zaur Axundov söz verib ki, formalar dəyişiləcək. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti