Miçel: "Prezidentin hər kəs haqda məlumatlı olduğu qənaətinə gəldik"

11:23 27 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə “Qəbələ”yə 2:1 hesabıyla qalib gələn "Qarabağ"ın yarımmüdafiəçisi Miçel matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, oyunda komandasının qələbə topunu vuran ispaniyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

- Aydın məsələdi ki, çətin oyun oldu. “Kopenhagen”lə matçdan sonra fiziki göstəriciləri yüksək olan komandaya qarşı mübarizə apardıq. Komandamız özünü yaxşı tərəfdən göstərdi.

 

- Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinizi necə qiymətləndirirsiz?
- Çətin qrupda yer almışıq. “Atletiko” son ildə Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəliləyən, finalda yer alan komandalardandı. Səfərdəki oyunlar çox çətin keçəcək. Amma öz meydanımızdakı oyunlarda azarkeşlərin dəstəyi ilə nəsə edəcəyimizə ümidim var.

 

- “Xetafe”də çıxış edərkən “Atletiko”ya qol vurmusuz, bir oyunda isə 0:7 hesabı ilə yenilmisiz. Həmin oyunları necə xatırlayırsız?
- “Atletiko”nu yendiyimiz oyuna qədər uğursuz seriyamız var idi. Amma həmin qələbədən sonra uğurlu çıxışımız başladı. Məğlubiyyətə gəldikdə, həmin matçın 20-ci dəqiqəsindən bir nəfər azlıqda oynamalı olduq. Rəqibin heyətində David Vilya, Arda Turan kimi güclü futbolçular yer almışdı. Həmin mövsüm onlar Çempionlar Liqasının finalında oynadılar və kuboku son saniyələrdə buraxdıqları qol sayəsində əldən verdilər. Bir nəfər azlıqda bu cür komandaya qarşı oynamaq və bu cür uduzmaq hardasa gözlənilən idi.

 

- Ölkə başçısı ilə görüş sizdə hansı təəssürat yaradıb?
- İlk dəfə idi dövlət başçısı ilə görüşürdük. Xoş təəssüratla ayrıldıq. Oyunlarımızı izlədiyi, hər kəs haqda məlumatlı olduğu qənaətinə gəldik. Bizə dedi ki, mübarizə aparmaq lazımdı. Ruhdan düşmək olmaz.


Xəbər xətti