Tellur Mütəllimov: "Rəşad Sadıqov fərqlənməyimizə imkan vermədi"

11:58 27 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Qarabağ"a uduzan (1:2) "Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, gənc futbolçu əvvəlcə oyunla bağlı fikirlərini bildirib: 

 

- Oyun çox maraqlı keçdi. Xeyli qol epizodu yaratdıq, ancaq cəmi birindən yararlana bildik. Rəqib də yaxşı çıxış etdi, yaratdığı vəziyyətlərdən istifadə etdi və 2 qol vurdu.

 

- Məğlubiyyətin səbəbi nə idi?
- Məğlubiyyətin əsas səbəbi kimi bəxtsizliyi qeyd edərdim. Xeyli epizodlarımız oldu, ancaq bəxtimiz gətirmədi. Stiven Monroz iki qol epizodunu qaçırdı, Rəşad Sadıqov da müdafiədə yaxşı oynadı və fərqlənməyimizə imkan vermədi.

 

- Cavid Hüseynov və Elvin Məmmədovun yoxluğu hiss olundu, yoxsa onların əvəzinə çıxan futbolçular da yaxşı təsir bağışladılar?
- Bəli, həmin futbolçular da yaxşı çıxış etdilər. Amma onlar özləri olsaydı, daha yaxşı olardı.

 

- Artıq "Zirə" və "Qarabağ" liderliyini daha da möhkəmləndirdi. Bu, çempionluğa oynayan komanda üçün ağır itki deyil?
- Hələ çempionatın başlanğıcıdı. Bizi uzun marafon gözləyir. Çalışacağıq ki, bütün oyunlardan sərfəli hesablarla ayrılaraq, çempionluq uğrunda mübarizə aparaq. 

 

- "Qarabağ"ın Çempionlar Liqasında oynamağı sizin üçün qışa qədər üstünlükdü, yoxsa əksinə?
- Əlbəttə, orada oynamağın özü bir başqa motivasiyadı. Çünki həmin qarşılaşmalardan sonra Premyer Liqada fərqli həvəslə çıxış edirsən. Onlara da uğurlar arzulayıram. İnanıram ki, daha da yüksək nəticələr qazanacaqlar.


Xəbər xətti