Rəşad Sadıqov: "Çox maraqlı vəziyyət yaranıb"

16:48 27 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə “Qəbələ”ni məğlub edən (2:1) "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, kapitan qarşılaşmanın çox gərgin keçdiyni deyib:

 

- Oyun çox gərgin və ağır keçdi. Komandamız sona qədər mübarizə apardı və qələbə qazandı.

 

- Siz həm də “Qarabağ”ın U-19 komandasının baş məşqçisi kimi Gənclər Liqasında mübarizə aparacaqsız. Hər iki qrupla bağlı fikrinizi bilmək maraqlı olardı..
- Çox maraqlı vəziyyət yaranıb. Yayda nə qədər işlədiyimi heç kim bilmir. Ötənilki heyətdən cəmi 3 futbolçu komandaya kömək edəcək. Transfer çalışmalarına diqqət yetirdik. “Neftçi” və “İnter” rəhbərliyinə bir neçə futbolçunun keçidinə şərait yaratdığına görə təşəkkür edirəm. Heyətə legioner də dəvət etməyi düşünürük. İstəyirik ki, yaxşı çıxış edək. İş elə gətirdi ki, 3 ildi keçirilən bu yarışın iki dəfə qalibi olmuş “Çelsi” ilə başlayacağıq. Uşaqlar üçün yaxşı təcrübə olacaq. Əksəriyyəti millimizin üzvüdü. İki aydan sonra onlar da seçmə mərhələdə çıxış edəcəklər. “Qarabağ”ı yaxşı təmsil etmək üçün çalışacağıq. Qaldı əsas komandanın yer aldığı qrupa, bizim üçün bayram olacaq. Başqa qrupa da düşə bilərdik. Amma 3 böyük klubla bir qrupda yer almağımız Qarabağımızı tanıtmaq üçün, ölkəmizdən danışılması üçün gözəl imkandı. Qrup mərhələsinə düşməyimizi elə də şişirtmirik. Neçə ildi buna doğru irəliəyirdik. Bu gün də meydanda 90 dəqiqə mübarizə aparan komanda gördünüz. O cür oyundan sonra bugünkü matça köklənmək asan deyildi. Bəzi futbolçular dincəldi, bir qismimiz millinin düşərgəsinə gedəcəyik. Millinin də 2 vacib oyunu var. Bundan sonra Çempionlar Liqası haqda düşünəcəyik.

 

- “Qarabağ”ın heyətindən 9 futbolçu milliyə yollanacaq. ÇL-in qrupuna düşməyiniz əlavə stimul verəcəkmi?
- Heyətimizdə təkcə öz millimizə deyil, başqa milli komandalara yollanacaq futbolçular da var. Ona görə də bizim üçün çətin dövr olacaq. İstirahət üçün vaxtımız olmayacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Çelsi” ilə oyuna yaxşı hazırlaşaq. 


Xəbər xətti