Jurnalistlərimizin Yunis Hüseynov "lətifələri"

13:36 29 Avqust 2017

Azərbaycan futbolunda ayrı bir yeri olan Yunis Hüseynovla ünsiyyətdə olanlar, onunla birgə çalışanlar mütəxəssisin xeyli zarafatçıl olduğunu yaxşı  bilir. Elə  facebook sosial şəbəkəsində Xəzər Tv-də çalışan həmkarımız Ceyhun Rzayevin Yunis Hüseynovla bağlı bir yazını paylaşması digər jurnalistlərin də xatirələrinin oyanmağına səbəb olub.

 

Sportarena.az həmkarlarımızın anlayış göstərəcəyini nəzərə alaraq, həmin "lətifələri" sizinlə bölüşür.

 

Ceyhun Rzayev: Yunis Hüseynov karyerasının qürub çağında - 35 yaşında dostu Mehman Allahverdiyevin dəvətilə "Kəpəz"ə gəlir.

İlk məşqə çıxıb. Allahverdiyev top saxlamaq (derjaniye myaça) tapşırığı verir. Gənc müdafiəçi Mehman Hacıyev ucadan qışqırır ki, "Yunis mənlikdi, "personal"nı oynayacam, narahat olmayın". Mehmanın bu sözü Yunisi yaman tutur. "Derjaniye"nin sonuna kimi Mehman 1 dəfə də Yunisden top ala bilmir.

Məşq başa çatır. Meydandan çıxanda bu defə Yunis Hüseynov Mehmana ucadan deyir: "Mehman, sənə qarşı 90 dəqiqə təkbətək futbol oynayaram, onun 89 dəqiqəsini eləcə "korpus" qoyaram, ayağın topa çatmaz. 90-cı dəqiqədə də  səni aldadıb, qol vuraram".

 

Aslan Şahgəldiyev: Yevlaxda "Xəzər Lənkəranl”a oyunun "perediqravoy”u idi. "Xəzər Lənkəran” komandası başda Ağasəlim müəllim olmaqla meydançanın kənarında dayanıb gözləyidilər ki, ”Karvan”ın məşqi bitsin, meydançaya girsinlər. Hüseyn Məhəmmədov qapıda dayanmışdı. Yunis müəllim dedi ki, "Qusik” sənə uzaqdan 3 zərbə vuracam, birini çıxara bilsən sən udursan”. 30 metrdən vurulan zərbələrin 3 də qol oldu. Ağasəlim müəllim qayıtdı ki, "Alə, Yunis, gəl bizdə oyna, ancaq "ştrafnoy” vurarsan”. 

 

Kənan Məstəliyev: Kimdən eşitdiyim yadımda deyil, ancaq heç vaxt unutmaram. Bir dəfə səhər saat 6-da komandaya "podyom" verdirib komandanı doldurub avtobusa. Zor-bəla 3-5 dəqiqəyə yığışıblar, başlayıblar içərdə gözləməyə. Birazdan görüblər Yunis Hüseynov gülür avtobusun yanında. Kapitan kimdisə, birazdan cürət tapıb çıxıb ki, bəs Yunis müəllim "nə məsələdi, niyə gülürsüz, hara gedirik, bizi niyə yığmısız" və s. Cavab belə olub: "nə gündəsiz ə, siz. Bədbəxt adamlarsız da". Biraz da gülüb, çıxıb-gedib. 

 

Hüseyn Cəbrayıloğlu: Avstriyada toplanışdayıq. Yunis müəllim mənimlə mərcə girdi. Bəlkə də yaşı boyu ilk dəfə uduzdu. Komandaya verdiyi ağır fiziki çalışmanı sonadək yerinə yetirə bildim və vədi üzrə Zalsburqda mənə köynək aldı. Həmin ərəfədə indiki ARB (Region Tv) canlı bağlantı qurmuşdu və Yunis müəllimdən soruşur ki, "eşitdik komandada əhval-ruhiyyə yüksəkdir. Hətta mərcdə Hüseyn Cəbrayıloğluna uduzmusunuz. Maraqlıdır, ona nə aldınız?". Yunis müəllim təmiz Gəncə ləhcəsi ilə cavab verdi: "Saroşka". Xatırlayıram, aparıcı ən azı 10 dəfə soruşdu ki, nə? Axırda məcbur qalıb "köynək", "köynək" deyərək aparıcını başa sala bildi.

 

Elvar Quliyev: Uzaq Afrika səfərimiz olub Yunis müəllimlə. Bakı-Moskva-Paris-Bamako reysi ilə Maliyə getmişdik. "XL" üçün futbolçu seçməyə. Yunis müəllim bəlkə də heyatinda ən çox şərabı bu səfər müddətində içib. Parisdən Bamakoya 6 saatlıq uçuş zamanı hər ikimiz əla fransız şərabından içib, yatdıq. Bir də Maliyə çatanda ayıldıq. Yunis müəllim deyirdi ki, bu, həyatının ən rahat uçuşu idi. Orada qaldığımız oteldə bir gecə yenə şərab içmək istədik. Oteldə vitrində bir çox ölkənin şərabı qoyulmuşdu. Mənə dedi ki, üzərində yazılanları oxu, yaxşı birini seç. Mən də fransız şərabı seçdim. Amma şüşəsi nədənsə əyri idi. Yunis müəllim buna baxıb dedi ki, görürsən fransızları, əyri, "defekt" şüşələri (butılka) yazıq afrikalılar üçün göndərirlər. Amma şərab yaxşı idi. Bir neçə gün sonra Yunis müəllim yenə həmin şərabdan içmək istədi. Getdiim, aldım. Şüşə yenə əyri idi. Yunis müəllim buna görə fransızların qarasına yenə deyindi. Dedim ki, bu belə istehsal edilir.  Dedi ki, ola bilməz, maraq üçün getdik bir yerdə soruşduq, dedilər ki, bu "butılkaların" buraılış forması belədir. Mənim tərcüməmə inanmadı, başladı fransız dilindən başqa dil bilməyən satıcı ilə rus dilində 'spor' eləməyə. Bir sözlə, sona qədər heç birimiz onu inandıra bilmədik.

 

Aslan Şahgəldiyev: Komandaya "kros" qaçırdırdı.Topu qoyurdu cərimə meydançasının xəttinin üstünə. "Qapı tirinə dəyən hər topa görə əlavə 1 kruq da qaçacaqsız”. Danq 1,2,3,4,5... Axırda uşaqlar deyirnirdi ki, Yunis müəllim bəsdi də öldük axı...

 

Emil Şükürov: Estoniyadan gəlirdik, "Xəzər Lənkəran"la. Təyyarədə dayanmadan var-gəl edib, "Biri sənsən, biri mən" mahnısını zümzümə edirdi. Uçuşlara fobiyası var deyə başını mahnı ilə qatırdı. (Hüseyn Cəbrayıloğlu: Ən sevdiyi mahnı Nəzakət Məmmədova ilə Teymur Mustafayevin birgə oxudugu "Ay qız" mahnısıdır. Bəzən gecə 10 dəfə ard arda qulaq asırdı.)

 

Kənan Məstəliyev: "Karvan" ehtiyat meydançada oynayırdı. Rəqibin kimliyi yadımda deyil. Epizodlardan birində cərimə oldu. Oyunçu gəldi, dedi Yunis müəllim vurmaq istəyirəm qapıya. Biraz tərs baxıb dedi "vur". Vurdu, top getdi Allah bilir hara. Yunis sakitcə skamyaya tərəf "özünü Yunis Hüseynova oxşatmaq istəyirdi" deyib güldü. (premyer.az)

 


Xəbər xətti