Elxan Məmmədov: "Bu, BOS-un qalib olmasına çox müsbət təsir göstərəcək"

16:52 2 Sentyabr 2017

Bakı Olimpiya Stadionunun (BOS) 2018-2019 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçını keçirmək uğrunda mübarizədə qitənin ən nüfuzlu klub turnirindəki ev oyunları üçün "Qarabağ"ın bu arenanı seçməsi böyük üstünlük qazandıra bilər.

 

Sportarena.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, BOS-un rəqibi olan "Metropolitano" stadionu hələ hazır deyil:

 

"İspaniyanın paytaxtı Madriddəki bu arenada hələ heç bir oyun keçirilməyib. Ancaq bizim stadionumuzda artıq iki ildir oyunlar təşkil olunur. Bu da çox vacib bir amildir. Bu arenada İtaliya, Moldova və Norveçə qarşı oynamışıq. "Qarabağ"ın da burada oyunlarını keçirmək üçün UEFA-dan "hə" cavabı alması BOS-un qalib olmasına çox müsbət təsir göstərəcək".

 

E.Məmmədov bildirib ki, qalibin adının açıqlanacağı 21 sentyabr tarixinədək UEFA-nın müvafiq komissiyası hər iki namizəd şəhərin stadionunda yoxlama aparacaq:

 

"Əslində gəliblər və artıq stadion qəbul olunub. Bu, hətta İtaliya ilə oyundan əvvəl baş verib. Ancaq indi seçmə mərhələ və ÇL standartları bir az fərqli olduğu üçün yenidən yoxlayacaqlar".

 

Baş katib ÇL alınmasa belə, Avropa Liqasının finalını keçirmə qərarına da razı olacaqlarını vurğulayıb:

"Əsas odur ki, orada oyun olsun. Avroliqada rəqibimiz Sevilla və İstanbul şəhərləridir".


Xəbər xətti