Jezniçakın Qrantla görüşünün səbəbi məlum oldu - FOTO

18:40 8 Sentyabr 2017

“Çelsi”nin sabiq baş məşqçisi Avram Qrantın Bakıda “Qarabağ”ın polşalı futbolçusu Yakup Jezniçak ilə görüşünün səbəbi məlum olub.

Sportarena.az xəbər verir ki, Ağdam klubunun yeni tranferi sabiq komandası “Legiya”nın əlil azarkeşləri üçün hazırlanan xeyriyyə layihəsində Qrantdan dəstək istəyib. Uzun illər “Legiya”nın kapitanı olan 31 yaşlı müdafiəçi komandanın “Əlil fanatlar” qrupunun 15 üzvünü “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə Londonda keçiriləcək oyununa dəvət edib. Bu işdə Kubaya köməklik edəcək Avram Qrant layihə məsələsini müzakirə etmək üçün onunla Bakıda görüşüb. 

Kuba bu yaxınlarda “Əlil fanatlar” qrupu ilə görüş keçirib. O, bununla bağlı Feysbuk səhifəsində fikirlərini bölüşüb:

 

“Hər birinizə təşəkkür edirəm. Məqsədim və arzum sizə dəstəyimi davam etdirməkdir. Londona getməyə hazırlaşırıq. Ümid edirəm ki, bu, bizim birgə sonuncu fəaliyyətimiz olmayacaq”.

Qeyd edək ki, Polşa millisinin sabiq üzvü Kuba 2004-2017-ci illərdə “Legiya”da çıxış edib. O, “Legiya” azarkeşlərinin sevimlisi olub.

 


Xəbər xətti