Ayxan Abbasov: "Necə yəni, sevinməyək?"

22:06 16 Sentyabr 2017

Topaz Premyer Liqasının 5-ci turunda səfərdə “Neftçi”ni məğlub edən (2:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə matçla bağlı fikirlərini bildirib:

 

- Bu oyunun ağır olacağını bilirdik. Rəqibdə baş məşqçi dəyişikliyinin olması onların oyununa da təsir etmişdi. Komanda taktiki baxımdan yaxşı oynadı. Çempionatın əvvəlində, avrokuboklarda etdiyimiz səhvləri get-gedə azaldırıq. Ancaq görüləcək işlər çoxdu. Bu oyunda 3 xal bizim üçün lazımlı idi. Tərlan Əhmədova gələcək oyunlarda uğurlar arzulayıram.

 

- Tərlan Əhmədovla oyundan öncə görüşüb, yeni iş yeriylə bağlı təbrik etdiz. Bəs Rəşad Sadiqovla necə?
- Rəşad Sadiqov söhbəti bizim üçün bağlanıb. Onunla klubdan ayrılanda görüşüb danışmışdıq. Bu məsələ artıq bizim üçün bitib.

 

- Komanda hər qola xüsusi tərzdə, daha çılğın formada sevinir. Bunun xüsusi səbəbi var?
- Necə yəni, sevinməyək? (gülür). Bunun xüsusi bir səbəbi yoxdu. Komanda qol vurubsa, futbolçular sevinməlidi. “Çelsi” “Qarabağ”la oyunda 4-cü qolu vurduqdan sonra da bunu xüsusi qeyd etdi.

 

- “Neftçi” bu gün sizi nə iləsə təəccübləndirdi?
- “Neftçi”də görüləcək işlər çoxdu. Başqa komanda barədə danışmaq istəməzdim. Bu komanda bizim əsas rəqiblərimizdəndi. Onlara qarşı oyunumuz çox çətin alındı. Etiraf edim ki, matç heç-heçə də bitə bilərdi.

 

- Oyundan sonra paltardəyişmə otağında böyük hay-küy var idi. Bu oyun üçün mükafatı açıqlamışdız?
- Xeyr. Biz oyundan dərhal sonra mükafatı açıqlamırıq. Sadəcə, futbolçulara yaxşı oyun üçün təşəkkür etdim.

 

- Oyun zamanı Qadze ilə Matey arasında fikir ayrılığı yaşanırdı...
- Həmin epizodu görməmişəm. Lakin hər ikisi intizamlı futbolçudu. Baxarıq, ciddi bir şeydisə, onlara xəbərdarlıq edərəm.

 

- Komandanın üzvləri qəsdən yerdə qalıb, vaxt öldürürdü. Bu təcrübəni “Astra” ilə oyunda qazanmışdız?
- Mən oyunda elə epizod görmədim. Ola bilsin, biz ayrı oyunlara baxmışıq.


Digər xəbərlər

Xəbər xətti