Cavid Hüseynov: "Yaxşı formada deyilik"

10:31 18 Sentyabr 2017

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Səbail"ə 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra brifinq keçirib.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Oyunu necə dəyərləndirərdin?
- Bizim üçün hər oyun çətin keçir. Hazırda zəif rəqib yoxdu. Bu görüş də gərgin keçdi. Sevinirəm ki, əzmkarlıq sayəsində qələbə qazandıq. Oyundan-oyuna artırmağa, daha da inkişaf etməyə çalışırıq. Düşünürəm ki, hər şey yaxşı olacaq.

 

- Zədən nə dərəcədə ciddidi?
- Zədəm elə də ciddi deyil. Sadəcə, əzələmdə bir qədər dartınma olmuşdu. Ona görə də baş məşqçi Roman Qriqorçuk risk etmək istəmədi. Əks halda, əzələ yırtıla bilərdi.

 

- Sizcə, "Qəbələ" debütanta qarşı belə oynamalıdı?
- Xeyr. Daha yaxşı oynamaq istəyirik. Sadəcə, o qədər də yaxşı formada deyilik. Oyundan-oyuna hər şeyin yaxşılığa doğru getməsinə çalışırıq. Əsas məsələ nəticədi. Nəticə olduqdan sonra oyunumuzu da tapacağıq.

 

- Bu gün pleymeker yox, dayaq yarımmüdafiəçisi kimi çıxış edirdin...
- Oyuna elə pleymeker kimi başlamışdım. Sadəcə, topla təmasa az girdiyimdən, məcbur idim ki, topu arxadan götürüm.

 

- Razısanmı ki, Nika Kvekveskirinin gedişindən sonra onun mövqeyində boşluqlar yaranıb?
- Əlbəttə, Nika yaxşı futbolçudu. O, hər bir komandada oynamağa qadirdi. Amma nə etmək olar? Onun öz seçimi idi.

 

- Növbəti turda "Neftçi" ilə görüşəcəksiniz. Bu oyundan nə gözləyirsən?
- Tərlan Əhmədovun gəlişindən sonra "Neftçi"nin həvəslə çıxış etməyə başladıqları hiss olunur. Düzdü, nəsə əldə etmələri üçün hələ tezdi. Amma istək hesabına nə isə etməyə çalışırlar. İnanıram ki, yaxşı olacaq. Evdə oynayacağıq. Qələbə qazanmağa çalışacağıq.


Xəbər xətti