"Sumqayıt"ın futbolçusu saxlanıldı - Oğurluq etdiyinə görə

12:59 18 Sentyabr 2017

"Sumqayıt"ın futbolçusu Nicat Muxtarov saxlanılıb.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb. Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə Muxtarovdu.

 

Dəstə üzvləri ötən gün səhər saatlarında yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar. Məlumat Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən də təsdiqlənib. Bölmədən "Report"a bildirilib ki, hazırda fakt üzrə istintaq aparılır.

 

"Sumqayıt" klubunun meneceri Ceyhun Sultanov isə hadisədən xəbərsiz olduğunu söyləyib. O, Muxtarovun bir neçə gündür məşqlərə qatılmadığını da əlavə edib: "Atası Asif Muxtarov bir neçə gün əvvəl zəng edib demişdi ki, oğlum xəstədi, ona görə məşqlərə gələ bilmir".

 

Qeyd edək ki, Nicat Muxtarov əvvəllər Zaqatalanın "Simurq", Bakının "Rəvan", eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da forma geyinib. O, "Sumqayıt"a 2015-ci ilin yayında keçib. 


Digər xəbərlər

Xəbər xətti