Futbolumuzda yeni nəfəs - LAYİHƏ

17:51 23 Sentyabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində 11-ci yazımızda yeni mövsümdən etibarən ilk dəfə Birinci Divizionda çıxış edəcək “Binə” klubundan bəhs edəcəyik. Adından göründüyü kimi klub Bakının Binə qəsəbəsinin təmsilçisidir. Artıq bu komandanın yeni mövsümdən divizionda iştirakçı olacağı da dəqiqləşib. Belə ki, AFFA və PFL birgə yaratdığı komitə bu klubun sözügedən turnirdə iştirakında hər hansı bir problem aşkarlamayıb.

 

Artıq xeyli vaxtdı ki, yeni mövsümün hazırlaşan “Binə” diqqət mərkəzində olan klublardandı. Edilən transferlər, keçirilən yoxlama oyunları və həmin görüşlərdəki uğurlu nəticələr bunun əsas səbəbidir. Komandanın yay hazırlıq dönəmində Gürcüstan təlim-məşq toplanışında olması da görülən işlərin ciddiyətindən xəbər verir. “Binə” qəsəbədə Heydər Əliyev fondu tərəfindən inşa edilmiş arenada məskunlaşıb. Komanda oyunlarını və məşqlərini sözügedən arenada keçirir. 

 

 

Bütün bu məqamları nəzərə alaraq qərara gəldik ki, bu klubun düşərgəsinə yollanıb, komandanın vəziyyəti, hədəfləri ilə daha yaxından tanış olaq. Öncə komandanın məşqini izlədik. Bir neçə dəqiqədən sonra baş məşqçi Mehman Babayev futbolçulardan tələb etdiyi oyun üslubu barədə təsəvvürlərimiz yaranmağa başladı. Gənc mütəxəssis futbolçularından daha çox topla oynamağı, sürətli və rəngarəng hücumlar qurmağı tələb edirdi. Bu oyun üslubu isə artıq modern futbolun ən aktual sistemidi. Xoş məqam isə Birinci Divizion klubumuzun bu sistemi tətbiq etməsi idi. Mütəxəssislər və təcrübəli futbolçularla söhbətlərimizdə hər hansı oyun üslubundan istifadə etməyin mümkünsüz olduğunu, əksər futbolçuların kor-təbii oyuna üstünlük verirdiklərini bildirirdilər. Görünən odur ki, son illərdə Premyer Liqa klublarının sayının azalmasından sonra bir sıra futbolçuların aşağı dəstəyə üz tutması burada müəyyən qədər inkişafa təkan verib. Bunun nəticəsində çalışdırıcılar da beyinlərdəki oyun sistemlərini artıq komandaların oyununda tətbiq etməyə başlayıblar.

 

 

Əsas mövzudan çox uzaqlaşmadan qayıdaq “Binə”yə. Komandanın məşqi zamanı kollektivdə yüksək əhval-ruhiyyənin şahidi olduq. Futbolçular məşqçinin tapşırıqlarını həvəslə yetirməklə yanaşı, öz aralarında xoş zarafat edir, bir-birilərinə dəstək olurdular. İlk fürsətdə Mehman Babayevə yaxınlaşıb, onunla klubun qurulması, mövcud vəziyyətlə bağlı danışdıq. Babayev peşəkar müstəviyə çıxmasında əməyi olan şəxslərdən biri olduğundan bu proses haqqında daha geniş məlumata sahib idi:

 

 

"Əvvəllər Binə qəsəbəsində həvəskar komanda var idi. Sonradan qərara gəldik ki, həvəskar komandanı peşəkarlaşdıraq. Sponsorla danışıb bütün məsələləri həll etdik və Birinci divizionda mübarizəyə qoşulduq. Komanda yaradılarkən məqsədimiz 3 il ərzində Premyer Liqaya yüksəlmək idi. Nəticələrimiz yaxşı olarsa, bunu daha tez edə bilərik.

 

Rəhbərlik komanda qurarkən qarşımıza məqsəd kimi ilk 6 yeri tutmağı qoymuşdu. İştah dişin altındadı. Nə qədər yaxşı nəticə göstərsək, o qədər yaxşı olar. Mən özüm futboçuların qarşısına ilk 3 yeri hədəf kimi qoymuşam. Komandanın potensialı var. Premyer Liqada çıxış etmiş təcrübəli futbolçularmız var. 12 gənc futbolçumuz var ki, onların hər biri istedadlıdır. 70-80 faiz çempionata hazırıq. Komandanın tam formaya düşməsi üçün sadəcə 3-4 tur lazımdı. Ondan sonra hər şey yaxşı olacaq".

 

O, Birinci divizionda gənc oyunçu limitinin 5-dən 3-ə endirilməsi bağlı sualımızı da cavablandırdı. Həmçinin, aşağı dəstədə komandalarının sayının azaldılmasının rəqabətə təsir etməyəcəyini bildirdi:

 

"Komanda qurarkən limiti 6+5 kimi hesabladığımızdan gənc futbolçulara daha çox üstünlük verirdik. Bizim elə məqsədimiz gənc və təcrübəli futbolçuların vəhdətindən yaxşı komanda qurmaqdı. Gənc oyunçu sarıdan problemimiz yox idi. Limitin dəyişməsi də heç də pis olmadı. Daha çox təcrübəli futbolçulardan yararlana biləcəyik. Eyni zamanda, gənc oyunçular arasında rəqabət də artacaq. Əsas heyətə düşmək üçün daha çox çalışacaqlar.

 

 

Divizionda daha çox klubun iştirak etməsini biz də istərdik. Nəinki Qusarda, Qazaxda və digər rayonlarda, bütün bölgələrimizdə klubların fəaliyyət göstərməsini arzulayırıq. Təbii ki, heç də hər şey bizdən asılı deyil. Birinci divizionda oyunların təmiz və şəffaf keçməsini biz də istərdik. İndi AFFA rəhbərliyi tərəfindən divizionda 10 klubun iştirak etməsi məsləhət görürlürsə, deməli belə daha yaxşıdı. Düşünmürəm ki, klubların sayının azaldılması rəqabətə təsir göstərsin. Yoxlama oyunlarında divizion təmsilçiləri ilə dəfələrlə üz-üzə gəlmişik. Məncə, komandalar arasında elə də böyük səviyyə fərqi yoxdur. Hamısının gücü demək olar ki, eynidir. Bu isə rəqabətin yüksək olacağından xəbər verir”.

 

Çalışdırıcı sonda azarkeş məsələsinə də toxundu. “Binə” azarkeş sarıdan əziyyət çəkməyəcəyini bildirdi:

 

“Bakı qəsəbələrində azarkeş problemi olmamalıdı. Binə də kifayət qədər futbol azarkeşi var. Axşamlar bizim məşqimizi izləməyə azı 50-60 azarkeş gəlirdi. Qəsəbənin içində bizi görəndə ayaq saxlayıb komanda ilə, yeni mövsümün başalama vaxtı ilə maraqlanırlar. Bu onun göstərir ki, Binə sakinlərində futbola maraq var.

 

Sizə bir şey deyim, əvvəllər “Xəzri Buzovna” komandası vardı. O komandanın oyununa 7-8, hətta 10 min azarkeş gələrdi. Həm də “Xəzri Buzovna” ölkə futboluna çox sayda futbolçu qazandırdı. İndi də bu işi görməkdə davam edirlər. Bakının kənd və qəsəbələrində futbola böyük maraq var. Futbol və komanda olduqdan sonra azarkeş də olacaq. Stadionumuzun tutumu elə də yüksək deyil. Amma təlabat yaranarsa, rəhbərlik əlavə tribunalar tikməyi planlaşdırır”.

 

Daha sonra “Binə”nin təcrübəli futbolçuları ilə söhbətləşməyə başladıq. İlk həmsöhbətimiz Amil Ağacanov oldu. Ötən mövsümə qədər bütün karyerası boyunca Premyer Liqa klublarının formasını geyinən təcrübəli qolkiper öncə “Binə”yə gəlişi və komandanın potensialı barədə danışdı:

 

“Uzun müddət Premyer Liqada oynadıqdan sonra ötən mövsüm “Zaqatala”da çıxış etdim. Premyer Liqaya yüksəlmək istəsək də, bu, son anda alınmadı. Düzü bundan sonra Birinci Divizionda oynamaq istəmirdim. İstirahətə çəkilmişdim. Mətbuatdan “Binə”nin yaradılması və məşqlərə başlaması barədə oxuyurdum. Elə oldu ki, təklif gəldi. Klubla tanış olduqdan sonra razılıq verdim. Futbolçular, şərait, rəhbərlik hər şey qane etdiyindən burada çıxış etmək qənaətinə gəldim. İndi də özümü yaxşı hiss edirəm.

 

Komandanın heyətinə baxsaq, bizim hədəfimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdı. Heyətə baxsaq, bizi üç-dördüncü yerlər qane eləməz. Bir-ikinci sıralar uğrunda mübarizə aparacağıq. İnşallah bunun öhdəsindən də gələcəyik”.

 

 

O, qəsəbədə azarkeşlərin futbola olan marağından da söhbət açdı:

 

“Adətən deyirlər ki, regionları təmsil edən komandalarda azarkeş daha çox olur. Mən bura gəldiyimdən azarkeş sayı baxımından problem görməmişəm. Yoxlama oyunlarımıza, məşqlərimizə azarkeşlər gəlib. Məşqlərimizi 50-60 azarkeş gəlib. Mən əvvəllər Binə qəsəbəsini Həvəskar Liqasına təmsil edən komandanın Şüvəlan qəsəbəsindəki stadionda (red. - “AZAL Arena”nı nəzərdə tutur) oyununu görmüşəm. 7-8 minlik stadion tam dolmuşdu. İnşallah eyni azarkeş sayını burda da görərik”.

 

 

“Binə”nin digər təcrübəli futbolçusu Bəxtiyar Soltanovdu. Yəqin ki, onun karyerası haqqında danışmağa elə də ehtiyac yoxdur. Oynadığı klubların bir qisminin adını çəkmək kifayətdir yəqin ki - “Bakı”, “Qarabağ”, “Qəbələ” və “Kəpəz”. İndi isə Birinci Diviziondan Premyer Liqaya qayıtmağı hədəfləyir. Görünən odu ki, hələ təslim olmayıb. Yeni komandasından da razıdı:

 

“Yaxşı komandamız var, artıq bir neçə aydır bir aradıyıq. Düzdü, fasilə uzun çəkir. Deyirlər ki, yeni mövsüm oktyabrın əvvəlində başlayacaq. Səbrsizliklə oyunların başlayacağı günü gözləyirik. Çempionatın gec başlaması fikrimcə, bizim üçün yaxşıdı. Çünki komandamız yeni qurulub. Biz nə qədər çox məşq etsək, bir arada olsaq, bizim xeyirimizədir. Hələ qarşıda bir neçə yoxlama görüşlərimiz var. Həmin matçlar çatışmazlıqları, problemləri görmək və onları aradan qaldırmaq üçün yaxşı fürsətdi. Mövsüm başladıqdan bir-iki tur sonra tam formaya düşüb, yüksək yerlər uğrunda mübarizə aparacağıq.

 

Yenidən Premyer Liqada çıxış etməyi çox istəyirəm. “Binə” ilə buna nail olmaq imkanım var. Bunun üçün əlimizdən gələni edəcəyik. Premyer Liqa klubları ilə yoxlama görüşlərində üz-üzə gəlmişik. Düzdü, onlarla aramızda müəyyən qədər fərq var. Amma elə də böyük deyil. Yeni qurulmuş komanda olduğumuzu nəzərə alsaq, gələcəkdə inkişaf etmək potensialımız var. Heyətimizdə Premyer Liqa təcrübəsi olan kifayət qədər futbolçu var ki, bu, bizə kömək edəcək. Bir çox klublarda iştirak etmişəm. Burda olan şərait, azarkeş marağı heç yerdən geri qalmır”.

 

Məşqi izləyib qurtardıqdan sonra şəhərə qayıdarkən kim olduğumuzu öyrənən sakinlər də komanda haqqında fikirlərimizi, ölkə futbolu barədə fikirlərimizi öyrənməyə başladılar. Ən çox verilən sual isə Birinci Divizionun başlayacağı tarixlə bağlı idi. Komandaya dəstək olacaqlarını, uğurlu çıxış edəcəklərinə inandıqlarını bildirdilər.

 

Gördüklərimizdən və həmsöhbətlərimizdən belə qənaətə gəlmək olar ki, “Binə” ölkə futbolunda yeni nəfəs ola bilər. Görülən işlər, komandanın heyəti və ən əsas binəlilərin futbola olan marağı belə deməyə əsas verir.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti