"Zirə" ilə "İnter"in 1:1 sevgisi

17:10 25 Sentyabr 2017

 

Azərbaycan Premyer Liqasının 6-cı turunun “Zirə” - “İnter” oyunu nadir təsadüf olunan seriyanın davamı ilə diqqət çəkib. 

 

Sportarena.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan paytaxt derbisi ardıcıl 5-ci dəfə heç-heçə nəticələnib. Ötən mövsümdə 4 dəfə bərabərliklə ayrılan rəqiblər yeni mövsümə də “sülh”lə başlayıb. Bu da eyni komandaların ardıcıl heç-heçələri sıralaması baxımından Azərbaycan çempionatları tarixinin rekordunun təkrarıdı.

 

Yarışın 25 illik tarixində bunadək 3 cüt ardıcıl 5 dəfə heç-heçə etmişdi. 2011-12-ci illərdə AZAL-la “İnter”, 2013-14-cü illərdə AZAL-la “Xəzər Lənkəran”, 2013-15-ci illərdə “Rəvan”la “Sumqayıt” 5 qarşılaşmada qalibi müəyyənləşdirə bilməmişdi.

 

Tarixə 4-cü belə seriya kimi düşən “Zirə” - “İnter” duelləri Premyer Liqanın 2-ci dövrəsində mütləq rekordu da müəyyənləşdirə bilər. Bunun üçün 12-ci turun “İnter Arena”dakı görüşündə də heç-heçənin yaşanması yetərlidi. Amma paytaxt derbisi əvvəlki üç “sülhsevər” cütdən fərqlənir. Çünki həmin seriyalarda hesab nəticələri fərqli olubsa, “Zirə”ylə “İnter”in bütün heç-heçələri eynihesablıdı - 1:1.

 

5 dəfə bu hesabla ayrılan rəqiblər daha bir rekordu təkrarlayıb. Belə ki, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında bunadək yalnız bir cütün oyunları ardıcıl 5 dəfə eyni nəticə ilə başa çatmışdı. 2016-17-ci illərdə “Qarabağ” “Zirə”ni 5 dəfə 2:0 hesabı ilə məğlub etmişdi. Daha 6 cütdə isə eyni nəticə 4 dəfə təkrarlanıb.


Digər xəbərlər

Xəbər xətti