Rəşad Sadıqov məğlubiyyəti şərh etdi - "Mənə hələ tam məşqçi demək olmaz"

16:52 27 Sentyabr 2017

UEFA Gənclər Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Roma”ya uduzan (0:3) “Qarabağ”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportarena.az xəbər verir ki, Sadıqov oyunla bağlı bunları deyib:
 
- Erkən qol buraxdıq. Uşaqlarda həyəcan hiss olunurdu. İkinci hissədə daha əzmkar oyun nümayiş etdirdik. Oyun təcrübəsi və ustalıq öz sözünü dedi.
 
- İlk dəfə jurnalistlərin önünə məşqçi kimi çıxırsan...
- Bəli, ilk dəfədi ki, sizin qarşınıza məşqçi kimi çıxıram. Ancaq mənə hələ tam məşqçi demək olmaz. Hər halda, bu komanda mənə tapşırılıb. Xoş, qəribə və öyrəşmədiyim hisslərdi.
 
- “Çelsi” ilə oyunda komanda daha inamlı görünürdü. Bu gün isə həmin oyunu görə bilmədik.
- Bu barədə konkret nə isə deyə bilmərəm. Gərək oyunu analiz edək, ondan sonra nə isə demək olar. Ancaq ikinci hissədə uşaqlar vuruşdular, əzmkar oyun nümayiş etdirdilər. “Çelsi” ilə oyunda daha ehtiyatlı oynayırdıq. Bu gün isə fərqli sistemlə çıxış etdik. Nəticə qazanmaq istəyirdik. Daha çox hücum etməyə çalışırdıq. Şikayətlənmək istəmirəm, amma komadanı yenidən qurmuşuq. 13-14 yeni oyunçumuz var. Ancaq hamısından istifadə edə bilmirik. UEFA-nın qaydasına görə yeni gələnlərdən yalnız 8-ni meydana buraxa bilirik. Qaydaya görə, komandanın öz akademiyasının yetirmələri olmalıdı. Bu yaş qrupu üzrə bizdə oyunçular olmayıb. Bu da bizə çətinlik yaradır. Əlimizdən gələni edirik ki, yaxşı oyun göstərək. Amma rəqib çox güclü idi. Bir neçə gün öncə “Yuventus”u səfərdə 2:1 hesabıyla məğlub etmişdi. Ustalıq öz sözünü dedi.
 
- Axşamkı oyunla bağlı nə deyə bilərsən?
- Bu barədə oyundan sonra danışarıq. (Sportal.az)


Xəbər xətti