Jurnalistlər “Qarabağ” - “Roma” matçı haqda nə düşünürlər? - SORĞU

18:38 27 Sentyabr 2017

Bu gün Bakıda futbol tariximizdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunu keçiriləcək. ÇL-in ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” klubu İtaliya təmsilçisi “Roma”nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

 

Matçın favoriti “Roma” olsa da, “Qarabağ” da qarşılaşmaya yaxşı nəticə qazanmaq üçün çıxacaq. Komandamız oyuna ciddi hazırlaşıb və bütün gücü ilə doğma meydanda rəqibə qarşı mübarizə aparacaq.

 

SİA mütəmadi olaraq bu idman növünü işıqlandıran, futbola daha yaxın olan idman jurnalistlərinin sözügedən matç haqqında fikirlərini öyrənib. Media nümayəndələri “Qarabağ” klubunun tarixi nailiyyəti və “Roma” ilə qarşılaşma haqda düşüncülərini bölüşüblər:

 

Elşən Məmmədov - “Report” İnformasiya Agentliyinin redaktoru, Sportnet.az saytının baş redaktoru:

- "Qarabağ" öz meydanında oynasa da, aydın məsələdir ki, Çempionlar Liqasının qrup mərhələsində təsnifat mərhələsindəki kimi meydanda dominantlıq edən komanda ola bilməyəcək. Bu, həm də rəqiblərin həddən artıq güclü olması ilə əlaqədardır. Ötən tur "Çelsi"dən 6 top buraxan "Qarabağ" İtaliya A Seriyasında məhsuldarlığı ilə diqqət çəkən "Roma"ya qarşı oyunda ilk növbədə, qapısının toxunulmazlığını qorumağa çalışmalıdır. Hücumda isə azarkeş dəstəyi ilə əzmkar oyun sərgiləmək, ələ düşən azsaylı fürsətlərdən maksimum yararlanmaq lazımdır. Açığı, bu oyunda "Qarabağ"ın xal qazanması inandırıcı görünmür. Ən azı 3 qollu qarşılaşma gözləyirəm.

 

Pərviz Musayev – “CBC Sport” televiziya kanalının futbol şərhçisi, Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri

- Roma ilk oyunda heç-heçə edib. Buna görə də mütləq qələbə qazanmağa çalışacaq. Məlum məsələdir ki, qrupun favoriti “Çelsi” və “Atletiko”dur Bu tur onların oyununda qeydə alınacaq istənilən hesab “Roma”ya sərf edəcək. A Seriyasının oyunlarını izləyirəm. “Qarabağ” üçün çox çətin qarşılaşma olacaq. Real yanaşsaq, təbii ki, italiyalılar kağız üzərində daha şanslı görünür. Ola bilər ki, məsələyə bir azarkeş gözü ilə yanaşıram, amma məncə, “Qarabağ” bu gün heç-heçə edə bilər. Qollu heç-heçəyə ümid edirəm

 

Aslan Şahgəldiyev - Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri

- Komandalar haqda geniş danışmağa ehtiyac yoxdur. Biz bu oyunlara təcrübə qazanmaq üçün çıxırıq. Düzdür, futbol sürprizlər oyunudur. Bəzən çox güclü komandalar da məğlub olur. Bu gün hava da əleyhimizə olacaq. Bilirsiniz ki, yağışlı havada oynamaq üçün daha çox güc sərf olunur. Çox istərdim ki, ÇL-in qrup oyunlarında futbolçularımız özlərini yaxşı tərəfdən göstərib, başqa komandaların transfer siyahısına düşsünlər. Hər bir insan proqnoz verəndə oyunun hesabını və ya matçın yekun nəticəsinə yaxın hesabı tapmağa çalışır. Ona görə də proqnoz vermək istəmirəm. Mən bu oyunda “Qarabağ”ın vuracağı 1 qola azarkeşlik edəcəyəm.

 

Rüstəm Piriyev - ExtraTime.az saytının baş redaktoru, AFFA yanında Media Komitəsinin üzvü

- Qarabağ”ın çətin qrupa düşməsi heç kimə sirr deyil. Ona görə də qrup mərhələsində xal qazanmaq asan iş olmayacaq. “Roma” qrupun aşkar favoritlərindən olmasa da, İtaliya futbolunun nəhənglərindən sayılır. Ötən mövsüm 2-ci yeri tutması komandanın gücü və iddiasından xəbər verir. Bu il də romalılar mövsümə pis başlamayıblar. Onlar hazırda əla vəziyyətdədirlər. Rəqibin heyətində Edin Dzeko, Radja Nainqqolan və Daniele De Rossi xüsusilə qeyd olunmalıdır. Bu futbolçular heç nədən qol epizodu yaratmağa qadirdirlər. Komandalar arasında səviyyə fərqini nəzərə alsaq, fikrimcə, heç-heçə “Qarabağ” üçün sürpriz nəticə hesab olunacaq. Qələbəyə ümid etmirəm. Təki, proqnozumda yanılım...

 

Araz Əhmədov - Sportfm.az saytının baş redaktoru, AFFA yanında Media Komitəsinin sədr müavini

- "Roma" ilə görüşdə "Qarabağ" ən yaxşı halda bərabərliyə ümid edə bilər. Təbii ki, komandamız qalib gəlsə, çox sevinərik. Ancaq səviyyə fərqi ortadadır. Düşünürəm ki, İtaliya A Seriyasında 2-ci sıranı tutan komanda ilə görüşdə evdə bir xal qazanmaq böyük uğurdur. Proqnozum isə bizim xeyrimizə deyil - 0:1.

 

Rüfət Nadirli - Sportarena.az saytının baş redaktoru

- Məlum məsələdir ki, bu gün “Qarabağ”ı çətin oyun gözləyir. Çünki rəqib “Qarabağ”ın yer aldığı qrupda 3 favorit komandadan biridir və Avropanın nəhəng klublarından sayılır. Amma bu o demək deyil ki, biz rəqibimizdən çəkinib və ya qorxub meydanda onlarla mübarizə aparmamalıyıq. Hesab edirəm ki, “Qarabağ” bu gün ən yaxşı oyunlarından birini keçirəcək və rəqibə ciddi müqavimət göstərəcək. Bu oyuna maraq da çox böyükdür və hər kəsin də xəbəri var ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün bütün biletlər satılıb. Doğma azarkeşlər önündə oynamaq “Qarabağ”ın futbolçularında özünəinamı bir az da artıracaq. Bu oyunda komandamız məğlub belə olsa, azarkeşlərimiz “Qarabağ”ı sonadək alqışlamalıdır. Biz məğlubiyyətdən də qorxmamalıyıq, çünki belə komandalara qarşı oynamaqla təcrübəmizi də artırmış oluruq. Oyundan öncə hər hansı bir proqnoz verməyi çox da sevmirəm. Amma bu görüşlə bağlı onu deyə bilərəm ki, rəqib ən azı 2 qol vuracaq. Bizim də qol vurmaq şansımız var. Bu gün bütün futbol azarkeşləri həyəcanlıdır. Hamımız axşam “Qarabağ”ın gözəl oyununa baxmağa gələcəyik və təbii ki, komandamızı son saniyələrədək dəstəkləyəcəyik.

 

Aynurə Pənahqızı - “İdman” qəzetinin müxbiri

- Proqnoz vermək çətindir. Hamımız “Qarabağ”ın qalib gəlməsini istəyirik. Ancaq Çempionlar Liqası təcrübəsini və komandaların güclərini nəzərə alsaq, heç-heçəyə ümid edirəm.

 

Murad Axundov - 1news.az İnformasiya Agentliyinin müxbiri

- “Qarabağ”ın bu mərhələyə gəlib çıxması hamımızı sevindirdi. Amma realist olmaq lazımdır. Bu mərhələdə qrupdan çıxmağımız möcüzə olardı. Onu da nəzərə almaq lazımdır ki, bunlar qrup mərhələsinin ilk oyunlarıdır. Ona görə bütün komandalar daha əzmlə xal qazanmağa kökləniblər. Bunu nəzərə alaraq, “Qarabağ”ın şanslarını o qədər də çox görmürəm. Amma Qurban Qurbanovun rəhbərlik etdiyi komandadan əzmkar oyun gözləyirəm.

 

Mərdan Həsənov - Newsport.az sayının baş redaktoru

- Fikrimcə, “Qarabağ” bu mərhələyə çıxmaqla öz sözünü deyib. Bugünkü oyunda “Qarabağ” klubunun orta xətti “Roma”nın tempinə dözə bilsə, xal və ya xallar ala bilər. Çünki “Roma” təzyiq edəcək. Bu halda istər-istəməz səhvlər ortaya çıxır. “Roma” bütün oyunları yüksək tempdə keçirir. “Qarabağ”ın isə belə şansı yoxdur. Çempionatımızın səviyyəsi göz önündədir. İldə 2-3 oyunu bu səviyyədə keçirməklə nəyəsə nail olmaq mümkün deyil. Ancaq Qurban Qurbanov və komandasına inanıram. Əminəm ki, bu gün “Qarabağ” bizi sevindirəcək.

 

Mayis Musayev – Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri

- “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi hər bir azərbaycanlı kimi, mənim də qürur duymağıma səbəb oldu. Belə bir mötəbər turnirdə Azərbaycan komandasının olması, Qarabağ adının hallanması ölkəmiz adına çox əhəmiyyətlidir. İlk dəfə olduğu üçün qrup mərhələsində komandadan elə də böyük nəticə gözləmək sadəlövhlük olar. Bura qədər qazanılan nəticədə həm baş məşqçi Qurban Qurbanovun, həm də komandanın bütün heyətinin əməyi, xidməti xüsusi qeyd olunmalıdır. Bu qüruru, bu sevinci futbol azarkeşlərinə yaşatdığı üçün “Qarabağ” komandası ən gözəl sözlərə layiqdir.

 

O ki qaldı qrupda komandamızın keçirəcəyi görüşlərə, düşünürəm ki, “Qarabağ” mərhələni yekunda xal və ya xallarla başa vuracaq. Bu gün keçiriləcək oyun bu baxımdan çox vacibdir. Bəzi mütəxəssislər “Roma”nın formada olmadığını bildirsələr də, mən hesab edirəm ki, oyun çox gərgin və maraqlı keçəcək. Təbii ki, “Qarabağ”ın qələbəsi arzuolunandır. Ancaq reallığı və rəqibin təcrübəsini nəzərə alsaq, oyunun 1:1 və ya minimal fərqlə rəqibin qələbəsi ilə başa çatacağını ehtimal etmək olar. “Qarabağ” klubuna uğurlar arzulayıram. İnanıram ki, hər bir futbolçu komandanın adına layiq mübarizə aparacaq.

 

Mamed Bağırov - Səs TV-nin müxbiri

- UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” komandası bu gün güclü “Roma” kulubunu öz evində qəbul edəcək. Çoxları “Roma”nı favorit görsələr də, mən belə düşünmürəm. Fikrimcə, komandamız bu qarşılaşmada ilk xalını qazanacaq. “Çelsi” ilə oyundan fərqli olaraq, italyanlarla qarşılaşmamızda çox qol olmayacaq. “Roma” hücum futbolu sevən bir klubdur. Lakin son dövrlərdə taktiki dəyişikliklər komandanı bir qədər zəiflədib. İtaliya A Seriyasında da bunun şahidi ola bilərik. İnanıram ki, işğal olunmuş şəhərimizin komandası bu gün uğur əldə edərək hamımızı sevindirəcək.

 

Elvin Abdulqədirov – AzVision.Az xəbər və təhlil saytının müxbiri

- UEFA Çempionlar Liqasında “Qarabağ”ın mübarizə apardığı qrup həqiqətən güclüdür. “Roma” ilə oyun da bizim üçün ağır olacaq. Rəqib çox güclüdür. Amma “Roma”nı gözümüzdə böyütməməyin tərəfdarıyam. Futbol sürprizlərlə doludur. Oyunun nəticəsi barədə konkret fikir bildirə bilmərəm. Amma “Qarabağın bu oyundan xal alacağı ilə bağlı əminlik hiss edirəm.


Digər xəbərlər

Xəbər xətti