Tərlan Əhmədov: "Sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdıq"

18:34 29 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilən “İnter” - “Neftçi” matçından sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı komandanın cari mövsümdəki ilk qələbəsi ilə bağlı öncə bunları söyləyib:

 

- Sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdıq. Müdafiədəki problemləri mümkün qədər aradan qaldırmağa, səhvləri minumuma endirməyə çalışdıq. Yüksək səviyyədə oyun sərgilədik. Rəqibə təzyiq göstərmək istyirdik, bu da alındı.

 

- Emin Mahmudovun çıxışı sizi qane etdi?
- Bu gün hamının oyunundan razıyam. Emin də uzun müddətdi oynamırdı, optimal formadan uzaq idi. Amma millilərin oyunu ilə bağlı yaranacaq fasilədə onun formaya düşməsinə çalışacam.

 

- Kiril Petrov oyun qaydalarından xəbərdar deyil? Topu çiləyib başı ilə qapıçıya ötürdü...
- Artıq yeni qaydalar var. Hər mövsümdən əvvəl Xaqani Məmmədovu dəvət edirdim ki, yeni qaydaları futbolçularıma izah etsin. Yeni qaydalara əsasən futbolçunun topu başına atıb qapıçıya ötürməsi qadağandı. Futbolçunun niyə belə etdiyini bilmirəm. Ola bilsin qaydalardan xəbərdar deyildi.

 

- Çingiz Abdullayevlə Orxan Hüseynzadə oyundan sonra paltardəyişmə otağına gəlib komandanı təbrik etdimi?
- Orxan Hüseynzadə və Elnur Eyvazov gəlib təbrik etdi. Çingiz bəydən xəbərim yoxdu. (komanda.az)


Xəbər xətti