Füzuli Məmmədov: "Sındırdığım futbolçulardan biri də qardaşım olub" - MÜSAHİBƏ

12:23 3 Oktyabr 2017

Cəmi 10 il əvvəl futbolumuzda vəziyyət tamam başqa idi. Premyer Liqada 14 komanda mübarizə aparırdı, çempionata maraq indikindən qat-qat çox idi, 14 komandanın yarısından çoxu bölgələri təmsil edirdi.... Cəmi 10 il əvvəl Azərbaycan futbolunda «Xəzər Lənkəran» adlı komanda var idi, heyətində Azərbaycanın ən güclü futbolçularının bir hissəsi cəmləşən, yarandığı gündən çoxlarının sevimlisinə çevrilən, «Xəzər Lənkəran»… Cəmi 10 il əvvəl «Xəzər Lənkəran»ın heyətində bir futbolçu var idi. Hücumçuların çəkindiyi, sınmaqdan qorxmayan, sındırmaqdan çəkinməyən bir futbolçu… İndi Premyer Liqada 14 komanda çıxır etmir. Çempionata azarkeş marağı demək olar ki, qalmayıb. İndi «Xəzər Lənkəran» da yoxdur. Heç həmin futbolçu da… Karyerasını bitirib. Cəmi 10 il sonra Preymer Liqada komandaların sayı 14 ola bilər. Tribunalarda azarkeş əlindən yer tapılmaması mümkündür. «Xəzər Lənkəran» da zühur edə bilər. Amma həmin futbolçunu bir daha yaşıl meydanlarda görə bilmərik. Çünki 10 il sonra 50 yaşı olacaq. Söhbət bir neçə gün əvvəl «40-ı» geridə qoyan Füzuli Məmmədovdan gedir.

 

Yubileyindən bir neçə gün sonra Füzuli ilə görüşdük, «40 səhifəlik kitabı» birgə vərəqlədik, xatirələri yada saldı, çox mətləblərdən - ailəsindən, Mübariz Mənsimovdan, qazandığı çempionluqlardan, kuboklardan, millidəki çıxışından, məşqçi karyerasından, namaza gəlişindən… danışdı. Amma hamısına vaxt yetmədi. Çünki…

 

«Xaqani məni ölümdən qurtarıb»

 

Məmmədov Füzuli Nurəddin oğlu 1977-ci il sentyabrın 8-də Ermənistanın Masis rayonunda dünyaya gəlib. Ailədə 3 qardaşdılar. Sonbeşik Füzuli 1-ci sinifə Masisdə gedib. 2-ci sinifdə oxuyarkən, yəni 1984-cü ildə Məmmədovlar ailəsi Bakıya köçüb və uşaqlar təhsillərini 96 saylı məktəbdə davam etdiriblər. Füzuli oxuyan, zehinli uşaq olub. 10-cu sinifə kimi dərslərindən yaxşı qiymətlər alıb. Peşəkar futbola gəlişindən sonra oxumağın «başını buraxıb».

 

 

- Nizami, Xaqani, Füzuli. Şairlər məclisi?

- Aramızda cəmi 1 il yaş fərq var. Demək olar ki, həmyaşıdıq. Adımıza gəlincə, atam elm sahibi olmamızı istəyib. O üzdən məşhur şairlərin adlarını seçib. Təəssüf ki, atamın arzusunu gerçəkləşdirə bilmədik. Əslində, buna təəssüflənmək də doğru olmaz. Elmdə olmasa da, başqa sahədə özümüzü sübut edə bildik. Nizami musiqiçidi. Xaqani ilə mən isə futbolu seçdik.

 

- Sonbeşiklər adətən ərköyün olurlar…

- Uşaqlıqda təbiətcə sakit birisi idim, dava-dalaşa meyilli deyildim. Ərköyünlüyə gəlincə, həqiqətən, belə olub. Qardaşlarım nəsə səhv bir hərəkət edən zaman cəzalandıqları halda, valideynlərim mənə güldən ağır söz deməyiblər. Gördüyüm hər şeydən məndə də olmasını istəmişəm. Çox vaxt da istəyimə çatmışam.

 

- Böyük qardaşların bundan incik düşmürdülər ki? Əsas da Xaqani.

- Qətiyyən. Xaqani həyatda ən yaxın dostumdu. Bu dostluq uşaqlıqdan başlayıb. Uşaq vaxtı cılız idim. Xaqani daim məni qoruyurdu. Masisdə erməni uşaqlarla tez-tez davamız düşürdü. Həmişə Xaqani sinəsini qabağa verib ermənilərlə təkbaşına dalaşırdı. Davaya qoşulmağıma imkan vermirdi. Bir dəfə erməni uşaqlarla bir-birimizə daş atırdıq. Xaqani mənə divarın arxasında dayanmağı tapşırdı, özü isə ermənilərə tərəf daş atmağa davam etdi. Nə baş verdiyini bilmək üçün divarın arxasından başımı çıxaran kimi daş başıma dəydi… Bir dəfə də 3-4 erməni məni bloka salıb döymək istəyirdi. Xaqani vaxtında çatdı, hamısının dərsini verdi. Xaqaninin döyüldüyünü görməmişəm, özündən böyüklərlə belə dalaşmaqdan çəkinmirdi. Məhəllədə futbolu hamıdan yaxşı o, oynayırdı. Hə, bir dəfə də Xaqani məni ölümdən qurtarıb. Evimizin qarşısında kanal axırdı. Ora düşmək ölümə bərabər idi. Kanala düşən topu çıxarmaq istəyəndə ayağım sürüşdü. Otlardan yapışıb qalmışdım. Ot topası qopsaydı, suya düşəcəkdim… Yaxşı ki, Xaqani özünü vaxtında çatdırdı. Yəni, Xaqani həmişə məni qoruyub. Ta ki, ayaqda durana kimi.

 

- Bəs, Füzulinin Xaqanini qoruduğum vaxtlar olub?

- Ehtiyac olmayıb. Mən ancaq ona həmişə mənəvi dayaq olmağa çalışmışam.

 

- Bildiyim qədər erməni dilində danışa bilirsən.

- Erməni uşaqların arasında böyüdüyümüz üçün erməni dilini öyrənmişdik. Hər ikimiz ermənicə təmiz bilirik. İndi də erməni dilində sərbəst danışırıq.

 

« …Füzulisiz qala bilmərəm »

 

Füzuli futbola təsadüf nəticəsində gəlib. Bakıya köçdükdən sonra boş vaxtlarını məhəllə uşaqları ilə futbol oynamaqla keçirən Füzuli və Xaqani futbol istedadları ilə yaşıdlarından əməlli-başlı seçilirmiş. Bir dəfə evlərinin yanındakı meydançada futbol oynayarkən Füzulinin oyununu yoldan ötən bir nəfər bəyənib. Füzulini yanına çağıran həmin şəxs ondan futbol məşğələlərinə getmək istəyib-istəməməsini soruşub. Razılıq alandan sonra ertəsi gün Bədən Tərbiyəsi İnstitunun yataqxanasına gəlməsini tapşırıb. Səhəri gün naməlum adam Füzuliyə getrlə şort bağışlayıb və onu Kazbek Tuayevin futbol məktəbinə aparıb. Füzuli həmin insanla bir daha rastlaşmayıb. Axtarsa belə, onu tapa bilməyib. Füzulinin futbolda ona yol göstərən «Mister X» haqqında bildiyi isə təkcə həmin insanın adıdır – Mahir müəllim.

 

 

İlk məşqçisi Valeri Nikiforov olub. Birinci məşqdən sonra Nikiforov Füzuliyə forma verib. Az sonra isə qəhrəmanımız komandanın əsas futbolçularından birinə çevrilib. Maraqlıdır ki, həmişə kiçik qardaşına dayaq olmağa çalışan Xaqani Füzulinin sayəsində futbola gəlib.

 

- Xaqani ilə həmişə bir olmuşuq. Bir-birimizdən ayrı qala bilmirdik. Mən məşqə gedəndə o, boş qalırdı. Məşqçimizdən Xaqanini də komandaya götürməsini xahiş elədim. Razılaşdı və qardaşım məşqlərə başladı. Amma bizdən 1 yaş böyük olduğuna görə oyunlara çıxa bilmirdi. Onu başqa komandaya göndərmək istədilər. Razı olmadı ki, Füzulisiz qala bilmərəm. Məhəlləmizdə Arsen adında bir erməni uşaq var idi. O da futbola gedirdi, İslam Kərimovun tələbəsiydi. Həm də Xaqani ilə yaşıd idi. O, Xaqanini oynadığı komandaya apardı və beləcə, həyatda bizim ilk ayrılığımız gerçəkləşdi.

 

- Həm də bir-birinizə rəqib oldunuz.

- Başqa məktəblərdə olsaq da, uşaq vaxtı bir-birimizə qarşı oynamamışıq. Çünki başqa yaş qruplarında çıxış edirdik. Amma hər ikimiz demək olar ki, hər oyunda qol vururduq. Bizim komandamız iki dəfə çempion olmuşdu. Bir faktı da qeyd edim ki, uşaq vaxtı müdafiədə deyil, hücumda oynayırdım. Peşəkar futbola gələndən sonra müdafiəçi oldum.

 

 

- Komandanızda sonradan məşhur olan futbolçular var idi?

- 3 nəfər – mən və qapıçılar Vitali Kovalyovla Cahangir Həsənzadə. Vitaliklə ilk gündən bir yerdə olmuşuq. Cahangir isə komandamıza bir qədər gec qoşulmuşdu.

 

«Neftçi»yə keçəndə 16 yaşım tamam olmamışdı»

 

Füzuli Məmmədov peşəkar futbola 16 yaşı tamam olmamış gəlib. 15 yaşında özündən bir yaş böyük futbolçulardan qurulmuş U-16 millisinə düşən Füzuli yenidən Xaqani ilə komanda yoldaşı olub. 1993-cü ildə isə qardaşlar Yüksək dəstədə ilk oyunlarına çıxıblar. Xaqani «Neftçi»də, Füzuli isə «Azneftyağ»da. Sizcə, 15 yaşlı uşağı peşəkar komandaya kim dəvət edə bilərdi? Əlbəttə, ona inanan, istedadına bələd olan birisi. Başqa sözlə, Füzulinin futbolun sirlərini öyrəndiyi məktəbin rəhbəri Kazbek Tuayev. Həmin ilin yayında isə həmin uşaq o vaxtın ən güclü komandalarından birinə dəvət alıb – «Neftçi»yə.

 

- İlk oyununu xatırlayırsan?

- «Azneftyağ»a 1993-cü ilin yanvarında çağırıldım. Çempionat başa çatana kimi xeyli oyunda meydana çıxdım. Düzü, ilk oyunum yadımda deyil. Amma Xaqaninin debütünü yaxşı xatırlayıram. Biz Lənkəranda «Xəzər»ə qarşı oynayırdıq və 0:2 hesabı ilə məğlub olduq. Həmin vaxt mobil telefon yox idi. Mənə xəbər çatdı ki, «Neftçi» evdə «Kəpəz»i eyni hesabla məğlub edib və qollardan birini cavan bir uşaq vurub. Ürəyimə damdı ki, həmin cavan uşaq Xaqanidi. «Neftçi»də ilk oyunundaca fərqlənmişdi. Özü də meydana daxil olan kimi, topa ilk toxunuşundaca.

 

- Maraqlıdır, Füzulinin ilk maaşı nə qədər olub?

- «Azneftyağ»da maaşımı xatırlamıram. «Neftçi»də isə 1850 manat. Xaqaninin də maaşı bu qədəriydi. O vaxt üçün əla pul idi. Təsəvvür edin ki, atamın maaşı 500, anamın məvacibi isə 1000 manat idi. Anam Ceyran xanım ixtisasca dil-ədəbiyyat müəllimi olsa da, atam heç vaxt ona işləməyə icazə verməmişdi. O vaxt ailəmizin maddi durumu bir qədər yaxşı olmadığı üçün anam özünə toxuculuq sexində iş tapmağa məcbur olmuşdu. Biz ilk dəfə maaş alanda pulu evə verdik. O vaxtdan bir daha anamı işləməyə qoymadıq. Artıq, buna ehtiyac yox idi.

 

 

- «Neftçi»dən söz düşmüşkən, sənin ora gedişində Xaqaninin rolu olmuşdu?

- Komandanın baş məşqçisi Vaqif Sadıqov idi. Eşitmişdi ki, Yüksək dəstədə 15 yaşında bir uşaq oynayır. Xaqanini rolu əlbəttə, var idi. O, özünü göstərə bilmişdi ki, Vaqif müəllim məni də «Neftçi»yə çağırdı. Həm də oyunuma az-çox bələd idi. «93»ün çempionatında Vaqif müəllim «Nicat»ın baş məşqçisi idi və «Azneftyağ»ın heyətində o komandaya qarşı oynamışd;m.

 

- «Əjdahalar»ın arasına düşmək qorxulu deyildi?

- «Azneftyağ» əsasən cavan futbolçulardan qurulmuşdu – Valeh Qafarov, Namiq Quliyev, rəhmətlik Yusif Niftullayev… Orada oynamaq bir qədər asan idi. 1993-cü il mövsümü başa çatan kimi Vaqif müəllim «Neftçi»yə baş məşqçi təyin olundu və  məni komandasına dəvət etdi. Bu, 1993-cü ilin avqustunda baş vermişdi. «Neftçi»yə keçəndə 16 yaşım tamam olmamışdı. 15 yaşında «Neftçi» kimi komandaya düşməyin özü böyük uğur idi. «Neftçi»nin heyəti çox güclü idi. Təbii ki, adlı-sanlı futbolçuların arasında seçilmək, «18-liy»ə düşmək ilk vaxtlar mümkünsüz görünürdü. Yeri gəlmişkən, mən komandaya təzə qoşulanda Arif Əsədov yaşımı soruşmuşdu. Fəxrlə 15 yaşımın olduğunu demişdim. Cavabında 14 yaşında «Neftçi»yə gəldiyini bildirmişdi.

 

«Fuad Musayev ora getməyimizə imkan vermədi»

 

Füzuli 1998-ci ilə kimi «Neftçi»də oynayıb. Tədricən komandanın əsas heyət üzvünə çevrilən müdafiəçi «flaqman» ilə 1 dəfə çempionluq, 2 dəfə isə kubok sevinci yaşayıb. Müsahibimiz futbola hücumçu kimi başladığını az əvvəl bildirmişdi. Məhz «Neftçi»də, Vaqif Sadıqovun istəyilə Məmmədov müdafiənin cinahında oynamağa başlayıb və bu, onda yaxşı alınıb. Səbəbini cəld olması, meydanda hücumçuya lazım olandan daha çox «işləməsi», başqa sözlə, faydalı iş əmsalının çox olması ilə izah etdi.

 

Statistikaya fikir versək, Füzulinin arada 2 ilə yaxın müddətdə nəinki «Neftçi»də, ümumiyyətlə, başqa komandalarda da heç bir oyunda meydana çıxdığını görmərik. Bəs, həmin vaxt futbolçu nə işlə məşğul olub? Yenə də futbol oynayıb. Maraqlıdır ki, başqa ad altında…

 

 

- 1996-cı ildə mənə Rusiyadan təklif gəldi. Rostovda yaşayan əslən Gəncədən olan bir azərbaycanlı «Rostselmaş»a gənc futbolçuları yığmaqla məşğul idi. Belə futbolçulardan qurulmuş komanda «Rostselmaş»ın əvəzedici komandası kimi 1-ci dəstədə çıxış edirdi. Həmin adam məni, Xaqanini, Vladislav Lıçkini və Kamil Bayramovu Rusiyaya apardı. Təəssüf ki, AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev ora getməyimizə imkan vermədi. Lıçkinlə Bayramov Azərbaycana qayıtdılar. Mənimlə Xaqani isə Rostovda qaldıq. 1996-cı ildə başqa futbolçuların adı altında oyunlara çıxmağa başladıq. Xəqani Bata Nasaridze, mən isə Elşad Hüseynov kimi. Həm Bata, həm də Elşad adında futbolçu həqiqətən var idi. Sadəcə, biz onların adı ilə oyunlara çıxırdıq. Bir ara «Rostselmaş»ın baş məşqçisi Andreyev məni əsas komandaya çağırsa da, Premyer Liqada başqasının adı ilə oynamaq mümkün olmadı.

 

- Bir il sonra Ukraynada da başqa ad altında çıxış etmisən?

- Elədir. «Rostselmaş»da Streltsov soyadlı komanda yoldaşım var idi. Atası İvano-Frankovsk şəhərinin «Prikarpatye» komandasının məşqçisi idi. Streltsov məni komandasına dəvət elədi. Yenə də öz adımla oynamaq mümkün olmadığından mənə Elşad Hüseynovun adı yazılmış, amma mənim şəklim yapışdırılmış saxta pasport düzəltdilər. «Prikarpatye»yə 1996-cı ilin payızında getdim. Çempionatın başa çatmasına 1-2 tur qalmışdı deyə, oynaya bilmədim. Ardınca Streltsovu çıxartdılar və Viktor Kolotov baş məşqçi təyin olundu. Kolotov məni komandada saxladı. Artıq, 1997-ci ildə Ukraynada Yüksək dəstədə oynayırdım. Şevçenko, Kalitvintsev, Rebrov, Lujnı və digər məşhur futbolçularla mübarizə aparmışam. Təbii ki, Elşad Hüseynovun adı ilə. «Prikarpatiye»də olarkən mənə Ukraynanın digər komandalarından dəvət gəlirdi. Mövsümün gedişində 1-ci dəstə komandası «Çerkassk»a keçdim. Səbəb orada daha çox oyunda oynamaq imkanı qazanmağım idi.

 

- Necə oldu ki, «kəndinə qayıtdın»?

- Hərbi xidmətə görə. 1994-cü ildə Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdum. Sağ olsun, rektor Ağacan Əbiyev 4 il məni «yola verdi». İnstitutu bitirəndə 21 yaşım var idi. Əsgərliyə getmək lazım idi. Bakıdan atamgil xəbər göndərdilər ki, «voyenkomat»dan axtarırlar. Həm də zədəli idim. Məcbur olub Bakıya döndüm.

 

«Əsgərin futboldan anlayışı yox idi»

 

«Qeybə çəkilən» futbolçu 2 il sonra Bakıya dönüncə, «Neftçi»də peyda olub. Cəmi 1 məşqdən sonra komandanın baş məşqçisi Ruslan Abdullayev Füzuli ilə müqavilə bağlanılmasını rəhbərlikdən israrla tələb edib. Bir qədər sonra Ruslan müəllim Kazbek Tuayevlə əvəzlənib. Köhnə-təzə məşqçisinin səylərinə baxmayaraq, Füzulinin əsgərlik məsələsini həll etmək mümkün olmayıb və o, 1 ili MOİK-də keçirməli olub. Hərbi xidməti başa vurduqdan sonra isə «Neftçi» ilə müqaviləsinin olmasına, eyni zamanda «Turan»dan, «Kəpəz»dən sərfəli təklif almasına baxmayaraq, ona futbolda həmişə dayaq olan, yol göstərən Vaqif Sadıqovun bir kəlmə sözü ilə «ANS Pivani»yə keçib. Özü də tək yox, Xaqani ilə birlikdə. Növbəti mövsüm «ANS Pivani» tarixin yaddaşına köçüncə, qardaşlar qərbə üz tutublar. Xaqani «Şəmkir»ə, Füzuli isə «Turan»a. Füzuli cəmi 2 ay «Tovuz sakini» olub. İşləri yenə də Vaqif Sadıqov «korlayıb». «Şəfa»ya keçən Sadıqov növbəti dəfə Məmmədova etimad göstərib. Bir il «Şəfa»da oynayan kiçik Məmmədovu qarşıda yenidən 2 illik legioner həyatı gözləyirdi. Bu dəfə öz adı ilə.

 

- Eşitdiyimə görə, «Maşinsazi»də oynadığın vaxt Vaqif Sadıqovun ora baş məşqçi təyin olunmasında sənin əməyin olub.

- Əvvəl qısaca İrana gedişimdən danışım. 2002-ci ildə Azəybaycanda futbol «dayandı». Millinin futbolçularına futbolsuz qalmamaları üçün artıq, legioner həyatı yaşamağa imkan verilmişdi. Həm də tez-tez təlim-məşq toplanışları keçirilirdi. Vaqif Sadıqov həmin vaxt millinin baş məşqçisi idi. İranda bu ölkənin yığması ilə 2 yoxlama oyunu keçirilməli idi. Həmin ərəfədə «Prikarpatye»yə ilə bu dəfə öz adımla müqavilə bağlamışdım, qalırdı transfer vərəqim. İran səfərindən sonra transfer vərəqimi götürüb Ukraynaya qayıtmalı idim. İranla oyunlardan sonra hava limanına gedəndə İran çempionatının yüksək liqasında oynayan «Maşinsazi»nin meneceri məni avtomobilinə əyləşdirdi və komanda ilə müqavilə bağlamayacağım halda aeroporta buraxmayacağı ilə hədələdi. Xaqani məndən əvvəl Faiq Əzizovun köməyi ilə «Piruzi»yə keçmişdi. Lakin komandanın baş məşqçisi Əli Pərvin Xaqanini türk olduğuna görə komandaya götürməmişdi. Bundan istifadə edən «Maşinsazi» qardaşımla birbaşa müqavilə bağlamışdı. Menecerin hədəsi deyil, Xaqaninin «Maşinsazi»də olması «Prikarpatye»dən imtina etməyimə səbəb oldu və İranda qaldım. Yaxşı da «podyomnı» almışdıq – 15 min dollar. Bu pula Bakıda 2 ev almaq olardı.

 

 

O ki qaldı Vaqif Sadıqovun «Maşinsazi»yə getməsinə, bəli, rolum olub. «Maşinsazi»də ilk mövsüm baş məşqçimiz Əsgər Etibari idi. Əsgərin futboldan anlayışı yox idi, xalça biznesi və yoqa ilə məşğul idi. Onu komandaya hansı ağılla baş məşqçi təyin etmişdilər, hamımıza qaranlıq qalırdı. Etibarinin vaxtında yaxşı heyətimiz olmasına baxmayaraq, çempionatda zəif nəticə göstərdik – 11-ci yer. Rəhbərliklə münasibətim yaxşı idi. Mənə Azərbaycandan məşqçi dəvət etmək istədiklərini bildirdilər və kimi məsləhət gördüyümü soruşdular. Düşünmədən Vaqif müəllimin adını çəkdim. Təəssüf ki, Vaqif müəllim İranda çox qalmadı. Ailəsi üçün darıxırdı. Həm də qızı dünyaya gəlmişdi deyə, Bakıya qayıdası oldu. Mövsümü Vaqif müəllimin köməkçisi Böyükağa Hacıyevin rəhərliyli altında başa vurduq və 4-cü yeri tutduq.

 

 

«Xəzər Lənkəran» mənə ən doğma komandadır»

 

Artıq, 2003-cü ildə Azərbaycanda ölkə çempionatı bərpa olunmuşdu. Bu halda vətənə dönən qardaşlar «Şəmkir»lə ilkin razılıq əldə etsələr də, «Xəzər Lənkəran»a keçəsi olublar. Məgər Azərbaycan futbolunda ad qoymuş Nazim Süleymanovun sözünü yerə salmaq olardı? Beləcə, qardaşların karyerasında Lənkəran səhifəsi başlayıb. Xaqani 2 il sonra «Xəzər Lənkəran»dan ayrılıb. Füzuli isə komandada qalıb. Ta ki, 2008-ci ilə kimi. 5 mövsüm «Xəzər Lənkəran»ın heyətində çıxış etmiş Füzuli komandanın əsas oyunçularından biri olub. Bu komanda ilə ölkə çempionu adını qazanıb, Azərbaycan Kubokunu və «Birlik Kuboku»nu götürüb. 2008-ci ildə isə… Baş məşqçi təyin olunan Anatoli Ponomaryov Füzulinin klubla müqaviləsi ola-ola, zəif olduğunu əsas gətirərək komandada görmək istəməyib. Klubun prezidenti Mais Mənsimovun məsləhəti ilə Füzuli icarə əsasında 6 aylıq «Simurq»a keçib. Yarım ildən sonra yenidən «Xəzər Lənkəran»a qayıdıb. Lakin bu dəfə Ponomaryovu əvəzləyən Ağasəlim Mircavadov onun xidmətində maraqlı olmayıb. 2009-cu ildə Əsgər Abdullayevin AZAL-ına keçən Məmmədov az oynadığına görə mövsümün gedişində Yunis Hüseynovun dəvətini müsbət dəyərləndirib və Yevlaxa yollanıb. 2010-cu il «Karvan»a da, Füzuliyə də düşərli olmayıb. «Karvan» dağılıb. Legioner limitinin olmadığı bir vaxtda lazımsız görünən 34 yaşlı Füzuli isə futbolçu karyerasını başa vurub.

 

- «Xəzər Lənkəran»a keçidində böyük pulların rolu çox idi?

- İnanın ki, razılıq verəndə bilmirdik ki, «Xəzər Lənkəran»da o qədər pul qazanacağıq. Nazim müəllimin adına görə təklifdən imtina edə bilmədim. Heç nəyi olmayan bir komandaya gedirdim. Məşq eləməyə belə, stadionu yox idi. Məşqləri Sumqayıtda keçirdik. Qatarla Şəmkirə gedirdim. Nazim müəllim zəng elədi ki, yeni komanda yaradırıq, səni də dəvət edirəm. İmtina edə bilmədik. Səhər Şəmkirdə qatardan düşüb geri qayıtdıq.

 

- Yəqin, «Xəzər Lənkəran»la çempionluq sənə daha əziz olar.

- Əlbəttə. «Neftçi»də qızıl medalları qazananda çempionatda o qədər də çox oyun keçirməmişdim. «Xəzər Lənkəran»da isə çempion olduğumuz mövsüm demək olar ki, bütün oyunlarda meydanda olmuşdum. Etiraf edim ki, «Xəzər Lənkəran» mənə ən doğma komandadır.

 

- Maliyyəyə görə?

- Deməzdim. «Xəzər Lənkəran»da oynadığım vaxt dəfələrlə başqa klublardan daha sərfəli təkliflər almışam. Amma «Xəzər Lənkəran»ın adına görə hamısından imtina etmişəm. Bir əhvalat danışım, özünüzdə əmin olacaqsınız ki, o komandada pul amili mənim üçün əsas deyildi. Klubla ikinci dəfə müqavilə bağlayanda boş kağıza imza atmışam. Müqavilənin detallarının müzakirəsi zamanı Mais Mənsimova «Xəzər Lənkəran»da pulsuz oynamağa hazır olduğumu dedim. Cavabında boş kağızı uzatdı ki, əgər sözündə bütövsənsə, imza at. İmzaladım. Soruşdu ki, bəs, nə ilə dolanacaqsan? Mükafatların bəs edəcəyini dedim. Bir müddət sonra maaşlar veriləndə adıma pul yazıldığı məlum oldu. Özü də əvvəlki müqaviləmdə nəzərdə tutulan məbləğdən çox.

 

- Azarkeşlərlə münasibətin necə idi? Heç fitə basıldığın vaxtlar olub?

- Heç vaxt! Lənkəranlı azarkeşlər futbolu yaxşı dərk edirlər. Özündən demək olmasın, mənə həmişə hörmətlə yanaşıblar. Həmişə ürəklə oynamışam, komandanın qələbəsi üçün meydanda can qoymuşam. Bu da azarkeşlərin nəzərindən yayınmırdı. Məhz bu amillərə görə onların sevimlisinə çevrilmişdim.

 

 

«Qardaşım dirsəyi ilə sifətimdən necə vurdusa…»

 

Veteran futbolçunun milli karyerası o qədər zəngin olmayıb. Əsas yığmada cəmi 11 dəfə forma geyinib. İlk oyununu 22 yaşında Gəncədə Estoniya millisinə qarşı keçirib (2:1) və 90 dəqiqə meydanda olub. Məmmədov yığmada az oyun keçirməsinin səbəbini onun mövqeyində güclü futbolçuların olması ilə izah etdi. Məsələn, Emin Ağayev. Məşqçilərin Rusiyada legioner həyatı yaşayan daha təcrübəli Emin Ağayevin əvəzinə onu ehtiyatda saxlamalarını normal qəbul edən Füzulinin millidə sonuncu çıxışı isə 2003-cü ilin martında Uelsə qarşı oyuna (0:4) təsadüf edir.

 

Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayın Füzuli Məmmədovun ilk iş yeri «Rəvan» olub. 2011-ci ildə klubun U-13 komandasını çalışdıran məşqçi Məmmədov 6 aydan sonra U-19-da baş məşqçi, az sonra isə əsas komandada Güvənc Kurtarının köməkçisi işləyib. I Diviziona düşən «Rəvan» türk mütəxəssisin xidmətindən imtina edincə, komanda Füzuliyə tapşırılıb. 2013/14-cü illər mövsümündə «Rəvan»ın U-19 komandası ilə U-19 liqasında çempion olub. Daha sonra rəhbərliklə aralarında yaranan fikir ayrılığından sonra «Zirə»yə keçib. Bu dəfə qəsəbə təmsilçisinin U-19 komandası ilə 2-ci yeri tutan gənc məşqçi ötən ilin yayında «İnter»in əvəzedici komandasına dəvət alıb. Bu ilin yayından isə «Səbail»də 17 yaşlı futbolçulara məşq keçir.

 

- Məşqçi Füzuli Məmmədov futbolçu Füzuli Məmmədovda hansı çatışmazlıqları görür?

- Topla davranışın zəif olması və səbirsizliyi. Məşqçi kimi özümdən məhz bu iki çatışmazlığı düzəltməyi tələb edərdim. Hansı ki, məşqçilərim də bunları mənə irad tutur, topla daha yaxşı davranmağımı və səbirli olmağımı istəyirdilər. Əslində, dediklərimin təməli uşaq vaxtında qoyulmalı idi…

 

- Sərt oyuna üstünlük verən, çılğın futbolçu kimi yadda qalmısan.

- Məğlubiyyəti heç vaxt sevməmişəm. İndi də beləyəm. Komandam məğlub olanda dəli kimi oluram. Əlimin, ayağımın qırılmasına, başımın yarılmasına razı idim, amma komandamın uduzmasına yox.

 

- Füzulinin futbolda ən böyük cəzası nə olub?

- «Xəzər Lənkəran»da olanda rəqibi bilərəkdən vurduğum üçün 4 oyunluq cəza almışdım. Həmin an meydanda deyildim. «Xəzər Lənkəran»a yeni keçmişdim. Ehtiyatda oturmuşdum.

 

- Karyeran ərzində çox futbolçunu «xəstəxanalıq etmisən»?

- Saymamışam, amma az deyil. Sərt oyunu xoşlayırdım. Təbii ki, hərdən bu sərtlik rəqibin zədələnməsi ilə nəticələnirdi. Ən pis «Karvan»dakı Markosu zədələmişəm. Özü də bilərəkdən. Top uğrunda mübarizədə onunla baş-başa gəldik, alın sümüyü sınmışdı. 0:3 hesabı ilə uduzurduq deyə, hirsimi ondan çıxmışdım.

 

- Deyəsən, səni də pis vurmayıblar? Sifətində çapıqlardan düz-əməlli yer qalmayıb.

- Qaşımdakı çapıq avtomobil qəzasından yadigardı. 2004-cü ildə «Xəzər Lənkəran»a yeni keçmişdim. Zabrat yolunda uşaqlıq elədim, qonşumuzla «qonka»ya çıxdım. «160»la Kam.AZ-ın altına girmişdim. Bəxtimdən oturacaq qırılmış, maşında uzanıqlı qalmışdım. Məni maşını doğrayıb çıxartmışdılar. Özümdə deyilmişəm. Ayılanda başımın üstündə Xaqanini gördüm. Ağlayırdı… Allah o vaxt məni ölümdən qurtardı. O hadisədən sonra avtomobili sürətlə idarə etməyi tərgizmişəm. Maraqlı bilirsiniz, nədir? Həmin qəzadan 2 gün sonra çempionat oyununa çıxmışdım. Başım sarıqlı idi, 1 gözüm görmürdü. O vəziyyətdə 90 dəqiqə meydanda oldum. «Podkat» edəndə ayağıma qoyulan tikişlərin hamısı sökülmüşdü…

 

- Çəkindiyin hücumçular olub?

- Çəkindiyim yox, amma çətinlik çəkdiklərim olub. Legionerlərdən Leandro Qomeş, Makovski qardaşları, Georgi Adamiya, Laki İdahor… Özümüzünkülərdən isə Xaqani ilə Zaur Ramazanov. Zaura qarşı oynamaq çətin idi. Sürətli, cəld idi, fikirlərini oxumaq həmişə alınmırdı. Xaqani də həmçinin. Hər ikisi də vurulmaqdan qorxmurdu.

 

- Xaqanini də vurmusan?

- Niyə də yox?! Nə olsun ki, qardaşımdı, meydanda mənim üçün rəqib idi. Sındırdığım futbolçulardan biri də qardaşım olub. Meydanda bir-birimizə qarşı sərt oynamaqdan çəkinməmişik. «Xəzər Lənkəran» - «Olimpik» matçında Xaqaniyə qarşı oynayırdım. Qardaşım dirsəyi ilə sifətimdən necə vurdusa… Amma bir dəfə də mən onu ağır zədələmişəm. Topuğu pis günə düşmüşdü. Bir ay futbol oynaya bilmədi.

 

- Karyeranda barmaqla sayıla biləcək qədər qol vurmusan…

- Amma qol ötürmələrini barmaqla saymaq mümkün deyil. Elə oyun olub ki, 5 məhsuldar ötürmə vermişəm. «Xəzər Lənkəran» - «Ədliyyə» oyununda vurduğumuz 6 qoldan 5-nin assistenti mən olmuşam.

 

Füzuli ilə söhbətimiz 3 saata yaxın davam etdi. «İdman Azərbaycan»da verilişə dəvət almasaydı, söhbətimiz daha uzun çəkərdi, «böyük oyun»dan, uşaq futbolundan, jurnalistikadan və başqa nəsnələrdən də söz açardıq. Həm də danışılanların hamısını qəzet səhifəsinə yerləşdirmək mümkün deyil axı. Xatirələrin bir hissəsi ilə indi tanış olduq. Qalanları ilə isə… Qismət olsa, 10 il sonra, Füzulinin 50 illik yubileyində.

 

Söhbətləşdi: İlqar TAĞIYEV -«Het-trik news» qəzeti

 

Füzuli Məmmədovun statistikası

Mövsüm Komanda Oyun Qol

1993    «Azneftyağ» (Bakı)   13       

1993/94           «Neftçi» (Bakı)          1         

1994/95           «Neftçi» (Bakı)          9          1

1995/96           «Neftçi» (Bakı)          8         

1997/98           «Neftçi» (Bakı)          7          1

1998/99           MOİK (Bakı)  20        1

1999/2000       «ANS Pivani» (Bakı) 16        1

2000/01           «Şəfa» (Bakı) 7         

2000/01           «Turan» (Tovuz)         2         

2001/02           «Şəfa» (Bakı) 21        1

2004/05           «Xəzər Lənkəran»      24       

2005/06           «Xəzər Lənkəran»      19       

2006/07           «Xəzər Lənkəran»      11

2007/08           «Xəzər Lənkəran»      11

2008/09           «Xəzər Lənkəran»      2      

2008/09           «Simurq» (Zaqatala)   10

2009/10           AZAL (Bakı)  5

2009/10           «Karvan» (Yevlax)     12


Digər xəbərlər

Xəbər xətti