Hallidey Azərbaycan futbolunun bəlasından danışdı - "Bu məsələyə çox diqqət yetirilməlidi"

16:30 4 Oktyabr 2017

“Qəbələ”nin yayda “Reyncers”dən icarəyə götürdüyü Endi Hallidey Britaniya mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, şotland futbolçu “qırmızı-qaralar”da xoşbəxt olduğunu bildirib. O, komandadakı gələcək taleyi barədə bunları deyib:

 

“Hazırda mənim üçün iki şey önəmlidi - hər həftə oynamaq və komandamın qələbə qazanmasına yardımçı olmaq. Bunlar mənim əsas hədəflərimdi. O ki qaldı gələcək taleyimə, bu barədə mövsümün sonunda “Qəbələ” rəhbərliyi ilə danışacam. Hazırda çempionatda 3-cü pillədə qərarlaşmışıq və əlbəttə, daha yüksək nəticələri hədəfləmişik. Komandamızda çox yaxşı futbolçular var”.

 

Hallidey yeni klubuna uyğunlaşmaqla bağlı çətinlik çəkmədiyini, hər keçən gün “Qəbələ”yə bir az daha uyğunlaşdığını deyib:

 

“Yaxşı oynayırsansa, uyğunlaşma ilə bağlı problemin olmur. Ümumiyyətlə, hər keçən gün bir az daha bu komandaya uyğunlaşdığımı hiss edirəm. Azərbaycanda oyunlar çox yüksək tempdə gedir. Mövsümün gedişində oyunumuzun daha da yaxşılaşacağını düşünürəm. Baş məşqçimiz Roman Qriqorçuk yaxşı mütəxəssisdi. Xarakter baxımından onunla oxşar cəhətlərimiz çoxdu. Hər ikimiz də qələbə qazanmağı çox sevirik”.

 

25 yaşlı yarımmüdafiəçi ölkəmizdə yeganə təəssüfləndirici hal kimi oyunlara çox az sayda azarkeşin gəlməsini göstərib:

 

“Burda yeganə təəssüfləndirici məqam, oyunlara çox az sayda azarkeşin gəlməsidi. Məncə, bu məsələyə çox diqqət yetirilməlidi. Oyunlara azarkeşlərin çox gəlməsi futbolun inkişafı baxımından daha yaxşı olar. Ancaq demək istərdim ki, “Qəbələ” azarkeşləri bizə daim dəstək olurlar”.


Digər xəbərlər

Xəbər xətti