Çexiyalıların bata bilmədiyi Azərbaycan millisi - STATİSTİKA

14:17 5 Oktyabr 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi doqquzuncu matçına çıxacaq. Çexiya ilə görüş millimizin cari seçmə mərhələdə sonuncu ev oyunu olacaq.

 

Bu matç millimiz üçün əvvəlki seçmə mərhələlərdən fərqli olaraq 2 qat əhəməiyyətlidi. Belə ki, yığmamız əvvəlki tək son matçlara təsəlli xalı qazanmağa görə yox, üçüncü pillə uğrunda mübarizə üçün çıxacaq. Digər əlamətdar məqam kapitan Rəşad Sadıqovun millidə son oyununu keçirəcək. 16 illik yığma karyerasında 110 dəfə meydana çıxan Rəşad 111-ci görüşdə göy rəngli formanı sonuncu dəfə geyinəcək.

 

Bu məqamlar matça olan marağı artırır, futbolçularımızın yuxarıdakı səbəblərdən qələbə üçün sona qədər döyüşəcəkləri barədə fikirləşməyimizə imkan verir. Rəqib Çexiya millisinin təcrübəsi və gücü barədə danışmağa ehtiyac yoxdur. Düzdü, son illərdə, xüsusilə cari seçmə mərhələdə özlərinə bənzəməyən çexiyalılar hazırda turnir cədvəlində millimizdən belə geridə qərarlaşıblar. Onların da məqsədi qrup mərhələsini üçüncü sırada tamamlamaqdı. Amma bu, onlara asanlıqla başa gəlməyəcək. Çünki qarşılarında bata bilmədikləri Azərbaycan millisi var.

 

Bəli, düz oxuduz. Yığmamız çexlər üçün arzuolunmaz rəqiblərdən birinə çevrilib. Tarixləri ərzində iki dəfə üz-üzə gələn komandaların oyun nisbətində üstün tərəf yığmamızdı. İlk dəfə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxaq turnirdə üçüncü yer uğrunda görüşdə üz-üzə gələn komandaların duelində millimiz 2:0 hesabı ilə qələbə qazanmışdı. Yığmamızın heyətində qolları Ruslan Abışov və Vaqif Cavadov vurmuşdu.

 

 

Bu komandalar ikinci dəfə cari seçmə mərhələnin üçüncü turunda üz-üzə gəldilər. Ostravadakı qarşılaşma da çexlər üçün uğursuz oldu. Belə ki, C qrupunda ilk iki turdan sonra Almaniya ilə birlikdə lider olan millimiz əla formada idi. Rəqib isə iki oyundan sadəcə 1 xal toplaya bilmişdi. Robert Prosineçkinin yetirmələri uğurlu startın ardını bu qarşılaşmada da gətirə bildilər. Komandamız bu dəfə qalib gələ bilməsə də, məğlub da olmadılar. Bu nəticədən sonra komandamız Avropada ciddi şəkildə müzakirə edilməyə və təhlükəli rəqib kimi qəbul edilməyə başlandı.

 

 

Maraqlı məqamlardan biri bu gün milli karyerasını başa vuracaq Rəşad Sadıqovun Çexiya ilə hər iki görüşü kənardan izləməsidi. Kapitanın adı həmin matçlarda iştirak ərizəsinə belə salınmayıb  Bu günki matç Rəşadın Çexiya millisinə qarşı ilk və son sınağı olacaq.

 

 

Göründüyü kimi, millimiz rəqibi üçün keçilməz səddə bənzəyir. Hətta bu dəfəki qarşılaşmada da rəqib qarşısında müəyyən üstünlüklərimiz var. Bu üstünlüklərdən meydanda yararlanmaq isə futbolçuların öhdəsinə düşən işdi. Ümid edirik ki, həm Rəşad qələbə ilə yola salınacaq, həm də millimiz üçüncü pillə şanslarını son tura qədər əlində saxlayacaq.

 

Beynəlxalq turnir (BƏƏ), üçüncü yer uğrunda görüş

18 noyabr, 2009-cu il

Azərbaycan - Çexiya 2:0

Qollar: Vaqif Cavadov, 25. Ruslan Abışov, 89.

Şeyx Xəlifə stadionu.

 

Azərbaycan: Fərhad Vəliyev, Mahir Şükürov, Maksim Medvedev, Vladimir Levin, Elnur Allahverdiyev, Samir Abbasov, Elvin Mammadov, Fábio Luis Ramim, Aleksandr Çertoqanov, Ruslan Abışov, Vaqif Cavadov


 

DÇ-2018 seçmə mərhələ: C qrupu, 3-cü tur

Çexiya - Azərbaycan 0:0

Mestşki stadionu, Ostrava.

 

Azərbaycan: Kamran Ağayev , Maksim Medvedev, Bədavi Huseynov, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Rahid Amirquliyev, Dimitri Nazarov, Ruslan Qurbanov, Namiq ƏIəsgərov, Ramil Şeydayev.

 

Heybət Məmmədov


Xəbər xətti