"Gəncədə daha yaxşı mübariz aparıb, xallar qazanacağıq” - AÇIQLAMA

14:54 5 Oktyabr 2017

 

“Kəpəz” çempionatın ilk dövrəsinin yekunlarına əsasən, 8-ci pillədə yer alıb. Komanda geridə qalan 7 oyundan sonra turnir cədvəlinin sonuncusudu. Gəncə klubu bir matçda heç-heçə etməklə 5 görüşdə uduzub və cəmi 1 dəfə qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, “Kəpəz”in futbolçusu Tural Rzayev klubun saytına mövsümün startı, son oyunlarla bağlı danışıb:

 

“Çempionata çox yaxşı hazırlaşmışdıq. Bizim üçün ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmuşdu. Amma Premyer Liqaya istədiyimiz kimi başlaya bilmədik. Ardıcıl oyunlarda uduzduq. Bunun da səbəbkarı biz futbolçularıq. Çünki komandaya yaradılan şəraitin fonunda inamı doğrulda bilmədik. Sadəcə, oyunumuz biz istədiyimiz kimi alınmadı. Bununla belə, sonuncu turda “Qəbələ” səfərində qazandığımız qələbə bizim üçün əla oldu. Əhval-ruhiyyəmiz düzəldi, bir az özümüzə gəldik, komandaya münasibət dəyişdi. Göstərdik ki, istənilən rəqiblə oynaya bilərik, yalnız gücümüzü toplamalıyıq. Bu qələbə “Kəpəz”ə təkan olacaq. Fasilədən sonra daha yaxşı oynaya biləcəyik”.

Cari mövsümdə daha çox oynamaq şans əldə edən Tural Rzayev start heyətinin daimi üzvünə çevirilib. Hücumçu son 4 matçda ilk “11-lik”də yer alıb:

“Həmişə öz üzərimdə çalışıram. Məqsədim bütün oyunlarda əsas heyətdə yer almaqdı. Yerimi möhkəmləndirmək istəyirəm. Çox şükür olsun ki, bu mövsüm əlimə düşən fürsəti dəyərləndirə bilmişəm. Mənə şans verdiyi üçün baş məşqçimizə də minnətdaram. Ümidləri doğrultmalıyam. Sözün açığı, hələlik öz oyunumdan tam razı deyiləm. Çatışmazlıqlarım çoxdu. Bunun üzərində məşqlərdə işləyirəm. Nəyə qadir olduğumu meydanda göstərə bilməmişəm”.

Gəncə şəhər stadionunun əsas meydançası bir müddətdi ki, yeniləndiyindən, “Kəpəz” doğma publika önündə çıxış edə bilmir. Meydança amilinə görə komanda ilk dövrədə bütün görüşlərini Nizami yurdundan kənarda oynamağa məcbur olub. Rzayevin fikrincə, komanda Gəncəyə dönəndə daha uğurlu qrafik çızmağa başlayacaq:

 

“Azarkeşlər, Gəncə üçün çox darıxmışıq. Fanatlar bizim ən güclü tərəflərimizdən biridi. Onlar “Kəpəz”in üstünlüyüdü. Gəncədən xal aparmaq bütün klublar üçün çox çətindi. Çempionatın liderləri burda büdrəyir. Odu ki, evdə oynayacağımız günü səbirsizliklə gözləyirik. Azarkeşlərin də dəstəyi ilə Gəncədə daha yaxşı mübariz aparıb, xallar qazanacağıq”.


Digər xəbərlər

Xəbər xətti