"Qarabağ"ın ispanları: "Atletiko" ilə oyundan yaxşı nəticə ilə ayrıla bilərik"

11:57 16 Oktyabr 2017

İspaniyanın AS nəşri “Atletiko” ilə Çempionlar Liqasının oyunundan öncə “Qarabağ”ın ispan futbolçuları Miçel və Dani Kintanadan müsahibə götürüblər. Ağdam klubunun ispanları Bakıda “Atletiko” ilə oyuna maraqdan, burdakı havaya kimi bir çox məqamlar barədə danışıblar. 

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Çərşənbə günü keçiriləcək “Atletiko” ilə oyunun sizin üçün xüsusi olacağını gözləyirik...
- Miçel: Bu, bizim üçün xüsusi bir oyun, mükafatdı. Bu matçdan mümkün qədər zövq almağa çalışacağıq. Ölkəmizin ən güclü komandalarından biri ilə üz-üzə gələcəyik. “Atletiko” möhtəşəm tarixə malik klubdu. Bu oyunu səbirsizliklə gözləyirik.

- Kintana: Çempionlar Liqasına vəsiqə qazanmağımız komandamız üçün böyük mükafatdı. “Atletiko” dünyanın ən yaxşı klublarından biridi və mən ilk dəfə bu cür böyük turnirdə çıxış edirəm.

 

- Əvvəllər Avropa Liqasında oynasaz da, bu, ÇL-də ilk sınağınızdı...
- Kintana: Bəli, biz artıq Avropa Liqasında oynamışıq, ancaq hələ ki, ispan klublarına qarşı çıxış etməmişik. Bu, hamımızın arzusu idi. İndi bir çox insan “Qarabağ”da oynayan ispanlardan danışır. Əsas niyyətimiz “Qarabağ” kimi bir komandanın “Atletiko”ya qarşı oynaya biləcəyini bütün ölkəyə sübut etməkdi.

 

- Bu oyunda “Atletiko”nu hansı hava şəraiti gözləyir?
- Miçel: Dekabr ayında daha soyuq olur, hətta qar da yağır. Lakin indi belə deyil. Bakıda daha çox külək olur, ancaq bu, stadionda o qədər də hiss olunmur. Hazırda burda hava yaxşı keçir və “Atetiko”nun bu cəhətdən problemi olmayacaq.

 

- Azərbaycanda “Atletiko”yla oyuna necə baxırlar?
- Kintana: Burda Çempionlar Liqasının ab-havası hiss olunur. Stadion dola bilər. Azarkeşlərimiz bu cür güclü komandalara qarşı oyunlarda ən yaxşı nəticəni gözləyirlər. Azərbaycan çempionatının oyunlarıyla müqayisədə Çempionlar Liqasında stadiona çoxlu azarkeş gəlir.

- Miçel: Bu oyun Azərbaycan xalqı üçün çiox xoş oyun olacaq və stadiona çox sayda azarkeş gələcək. Bu, bizim üçün yeni stadiondu. Federasiya ÇL oyunlarına marağı nəzərə alaraq, oyunların 70 min azarkeş tutumuna malik stadionda keçirilməsinə icazə verdi. “Atletiko” azarkeşləri bu arenanı çox bəyənəcək.

 

- “Atletiko”nun xala çox ehtiyacı var. Bu, “Qarabağ” üçün yaxşıdı, ya pis?
- Kintana: Bizə qarşı oynayan komandaların hər biri 3 xalı arzulayır. Bu mənada “Atletiko”nun xüsusi qətiyyətlə mübarizə aparacağını gözləmirəm.

- Miçel: Düzdü, “Atletiko”nun xala ehtiyacı var. Lakin bu komanda həmişə 3 xal üçün oynayır. Xal itkiləri olmasa belə, onlar bura qələbə üçün gələcəkdi.

 

- “Roma” “Qarabağ”la oyunda 3 xal qazanmaq üçün çox əziyyət çəkdi. “Atletiko” da oxşar vəziyyətlə üzləşə bilər?
- Kintana: Bakıda “Roma” üçün çətin oldu. 90 dəqiqə rəqiblə başa-baş mübarizə apardıq. Onların hücumlarını bağlaya bildik. “Atletiko”nu da eyni şey gözləyir. Rəqibə 3 xal lazımdı və onların üzərində olan bu təzyiqdən faydalana bilərik. Niyə də “Atletiko”ya qarşı eyni oyunu sərgiləməyək? Biz favorit deyilik. Lakin bu oyundan yaxşı nəticə ilə ayrıla bilərik.

- Miçel: “Atletiko”nu məğlub etmək çox çətindi. “Roma”ya qarşı yaxşı mübarizə apardıq, onların hücumlarını bağlaya bildik. Lakin bu, nəticə üçün kifayət etmədi.

 

- “Atletiko” son illərdə bir çox uğurlara imza atıb. Azərbaycanda bu komanda barədə nə bilirlər?
- Kintana: “Atletiko” hazırda ən güclü komandalardandı. Azərbaycanda da bu komandanı yaxşı tanıyırlar. Burda La Liqanın oyunları yayımlanır. “Atletiko” barədə hər şeyi bilirik. Azarkeşlərimiz də bu komandada dünya səviyyəli ulduz futbolçuların çıxış etdiyini bilir. “Atletiko” Çempionlar Liqasında final oynayıb, bu komandanı bütün dünya tanıyır. Məncə, “Çelsi” ilə yanaşı “Atletiko” da qrupun əsas favoritidi. 

- Miçel: Azərbaycan “Atletiko”ya sponsorluq etmişdi. Buna görə, klub burda çox tanıınır. Bundan əlavə, burda La Liqa, A Seriyası, Premyer Liqa kimi çempionatlar yayımlanır. Hamı Avropanın böyük komandalarını yaxşı tanıyır. “Atletiko” da bu komandalardandı.


Digər xəbərlər

Xəbər xətti