Qriqorçuk: "Nəticəsindən çox razıyıq"

22:57 22 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Qəbələ” –- “Qarabağ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının qələbəsini belə şərh edib:

“Oyun barədə fikirlərim müsbət, yaxşı, sevinclidi. Çünki bu gün qalib gəldik. Futbolçular da meydanda çox yaxşı təsir bağışladılar. Oyunun nəticəsindən çox razıyıq. Biz ötən mövsümdə də, son illərdə də eyni taktika ilə çıxış etmişik. Biz mövqe hücumunda çox yaxşı oynayırdıq, qol imkanları yaradırdıq, amma istifadə edə bilmirdik. Hər dəfə komanda oyunundan razı qaldığımı deyirdim. İstəyirdim ki, rəqibi təzyiq altında saxlayaq, üstünlüyə sahib olaq və qalib gələk. Bunun üçün isə qol vurmaq da lazımdı. Amma imkanlardan yararlanmaq olmayanda yaxşı oyun o qədər də hiss olunmur. Deməzdim ki, ikinci yarıda pressinq üçün gücümüz çatmadı. Bu çempionatda çətin xallar qazanmışıq, bəzən də itirmişik. Ona görə də bunu psixologiya ilə bağlayardım. Buna hazır olmaq lazımdı. Çünki hesab bizim xeyrimizə olanda üstünlüyü artırmaq, psixoloji üstünlükdən istifadə etməliyik. Bu məqamın üzərində işləməliyik desəm düz olmaz. Amma bilirik ki, qələbələr qazanmaqla bu məsələ də qaydasına düşəcək. Ötən turun “Sumqayıt”la görüşündə fərqli üslubda qələbə qazanmışdıq. Mən istəyirəm ki, bugünkü kimi, ilk yarıdakı kimi qalib gələk. Futbolçuların motivasiyası, qüvvəsini meydanda qoymaq istəyi böyükdü. Oyunçuların nəhəng istəyi, çalışqanlığı var. Bu gün ötən matçla müqayisədə həm də daha yaxşı oyun var idi. Zədəli futbolçularımız – İlqar Qurbanovla Filip Ozobiçin heyətə dönməsi ilə bağlı proqnoz vermək çətindi. Hər ikisində sınıq var idi ki, bu da ciddi problemdi. Amma onların məşqlərə başladığını nəzərə alıb, peşəkarlıq səviyyəsini bildiyimə görə deyərdim ki, onlar qısa müddətdə komandaya qoşulacaq. Düzünü deyim ki, çempionluq mübarizəsinin necə başa çatacağı barədə düşünmürəm. İndidən mövsümün sonu haqda fikirləşmək faydasızdı. Biz oyunumuzu, futbolçuların ustalıq səviyyəsini təkmilləşdirmək haqda düşünür və bunun üzərində çalışırıq”.


Digər xəbərlər

Xəbər xətti