"Neftçi"nin ardıcıl qələbələr həsrəti bitdi

14:29 23 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 9-cu turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub. Bunadək “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib - 1:0.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın ardıcıl 3 qarşılaşmada 9 xal qazanması isə son illərdə nadir təsadüf olunan hadisədi. Bakılılar belə qələbə seriyasına sonuncu dəfə 2015/16 mövsümündə imza atıb. 2016-cı ilin mayında “Neftçi” AZAL (3:1), “Kəpəz” (2:1) və “İnter”i (4:2) məğlub etmişdi.

 

Lakin həmin vaxt “Neftçi” hər üç matçda qol buraxmışdı. Paytaxt təmsilçisinin ən azı üç qarşılaşmada “quru hesab”la qalib gəlməsi isə sonuncu dəfə 2014-cü ilin mart və aprel aylarına - təxminən 3 il yarım öncəyə təsadüf edib. Həmin vaxt ardıcıl 5 dəfə qalib gələn “ağ-qaralar” bunların üçündə - “Rəvan”, “Xəzər Lənkəran” və “Bakı”nı qol buraxmadan udmuşdu. Ardıcıl üç görüşdə 1:0 hesabı qeydə alınmışdı.


Digər xəbərlər

Xəbər xətti