Almeyda: "Almaniya ilə oyundan sonra yoldaşlarıma Braziliyaya qalib gəldik dedim"

10:28 25 Oktyabr 2017

“Mən Azərbaycan milli komandasında Şimali İrlandiyaya qarşı oyunda debüt etdim. Başqa milli komandada oynasam da, hisslərim yaxşıdır və özümü rahat hiss edirəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Braziliya mətbuatına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib. O, Azərbaycan yığmasını seçməsi ilə bağlı verilən sualı cavablandırıb. Futbolçu bildirib ki, millimizdə oynamaqdan məmnundur:

 

“Mənə, həm “Qarabağ”da, həm də millidə kifayət qədər yaxşı hörmət var. Maliyyə baxımından da burada xoşbəxtəm. Amma xoşbəxtçiliyim təkcə pula görə deyil. Ailəm və yaxınlarım üçün da Bakıda yaşamaq çətin deyil. Buranın insanları təvəzökardır və xarici vətəndaşlara daim kömək etməyə hazırdırlar”.

 

Riçard komandamızın DÇ-2018-in seçmə mərhələsinin son oyununda Almaniyaya 1:5 hesablı məğlubiyyətdən də söz açıb:

 

“Almaniya DÇ-nin yarımfinalında Braziliyanı 7:1 udmuşdu. Həmin vaxt hamı onu yuxu sayırdı amma gerçək idi. Almaniya ilə oyundan sonra komanda yoldaşlarıma biz 5-ni buraxdıq, Braziliya 7 qol buraxmışdı dedim. Biz Braziliyaya qalib gəldik dedim (gülür). “Qarabağ”la isə “Çelsi” kimi böyük komandaya qarşı oynamaq imkanım var. Bu xəyallardır və gerçəkləşir. Çempionlar Liqasında çıxış etmək başqa hissdir”.

 

Almeyda dil problemindən və yeməklərdən danışıb:

 

“İngilis dilini bilmədiyim üçün Azərbaycanda əvvəl problemlərlə üzləşirdim. Tərcüməçim də olmadığı üçün “google translate”dən istifadə edirdim. Lakin uyğunlaşma dövrü sürətlə keçdi və özümü indi əla hiss edirəm. Futbolun dili yoxdur. Meydana çıxıb oynamalısan. Burda ən böyük problemim ətlə bağlıdır. Ən çox istifadə edilən qoyun əti yeməkdən bezmişəm”.


Digər xəbərlər

Xəbər xətti