AFFA "Qəbələ"ni cərimələdi

15:50 25 Oktyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Səbail” - “İnter” matçında “Səbail”in məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

 

Premyer Liqanın 9-cu turunun “Sumqayıt” - “Zirə” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat cərimə olunub.

 

Premyer Liqanın 9-cu turunun “Qəbələ” - “Qarabağ” matçının 86-cı dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 9-cu turunun "Kəpəz" - “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Stadionda tələb olunan bayraqlar olmadığına görə "Kəpəz" klubu 400 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 9-cu turunun “Qəbələ” - “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Birinci divizionun 4-cü turunun “Xəzər” - MOİK matçında əvəzetmə tablosu və xərək daşıyan uşaqların olmamasına görə “Xəzər” klubu 160 manat cərimə olunub.

 

Birinci divizionun 4-cü turunun “Şüvəlan” - “Sabah” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Birinci divizionun 4-cü turunun “Zaqatala” - “Binə” matçında “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.


Xəbər xətti