Samir Əliyev: "Qarabağ" 11 nəfər olanda daha yaxşı oynadıq"

22:45 27 Oktyabr 2017

Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Qarabağ”a 0:1 hesabıyla uduzan “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- “Qarabağ”ı təbrik edirəm. Onlara ÇL-in oyunlarında uğurlar arzulayıram. Birinci hissədə, rəqib 11 nəfər olanda daha yaxşı oynadıq. Bir topumuz dirəkdən qayıtdı. Rəqib azlıqda qaldıqdan sonra daha yaxşı nəticə qazanacağımızı gözləyirdik. Ancaq “Qarabağ” ikinci hissədə daha çox təzyiq etdi. Bunun da nəticəsində məğlub olduq.

 

- Sanki “Səbail” rəqibin üstünlüyü ələ almasına özü imkan verirdi...
- “Səbail” imkan vermirdi, sadəcə, rəqibin təzyiqi çox güclü idi.

 

- Eltun Yaqublu zədələndikdən sonra meydana kənardan girmək istəyirdi. Oyunçularla bu barədə danışmırsız? O, həm də, komandanın kapitanıdı...
- Komanda uduzurdu, buna görə edib. Bu qaydanı bilmirsə, ona izah edəcəyik.

 

- Əlinizdə fürsət olsa, ikinci hissədəki oyunu yenə oynadardız?
- Belə tapşırıq olmamışdı. Komandaya tapşırmamışdım ki, ikinci hissədə arxada “otursunlar”. Sadəcə, rəqibin təzyiqi çox güclü idi.

 

- Rəqibin əsas hücumları sizin sağ cinahdan olurdu. Bunun qarşısını almaq üçün nə isə addım ata bilməzdiz?
- Bunu bilirdik. Həmin cinahda Ansi Aqolli oynayırdı. Daha sonra isə həmin cinahda Almeyda oynamağa başladı. Bunun qarşısını aımaq üçün göstərişlərimi verdim. Qolu da həmin cinahdan qurulan hücumdan yox, cərimə zərbəsindən buraxdıq.

 

- Mətbuat konfransına bir qədər gec gəldiz. Oyunçuları təbrik edirdiz, yoxsa iradlarınızı bildirirdiz?
- Təbrik edəcək bir şey yoxdu, uduzmuşuq. İradlarımı bildirdim.

 

- Razılaşırsız ki, bu gün “Səbail” qorxaq futbol oynadı?
- Bu gün “Qarabağ”la “Səbail”i müqayisə etmək düzgün deyil. Gənc heyətimiz var. Yəqin ki, oyundan oyuna irəliləyəcəyik.(Komanda.az)


Digər xəbərlər

Xəbər xətti